Son illər dünyada baş verən iqtisadi, siyasi və hərbi böhranın fonunda Azərbaycan dövlət büdcəsini daha da artırır. Büdcə xərclərinin bu artımdan sonra 36 milyard manata çatacağı gözlənilir. Ötən 10 illiklərdə olduğu kimi müharibədən sonrakı dövrdə də ölkəmizdə ordu quruculuğuna böyük diqqət göstərilir. Hazırda Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.
Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatıdigər sahələrdəki bütün layihələr uğurla davam etdirilir. Eyni zamanda iki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.
Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə, ölkəmizin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edən səylərinə diqqət çəkdi.
Dövlətimizin başçısı bildirdi ki, Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir.
Şuşa şəhərində birinci yaşayış kompleksinin uğurla davam etdiyini qeyd edən ökəmizin başçısı əlavə etdi ki, ikinci böyük yaşayış kompleksinin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər – 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir.
Prezident İlham Əliyev vurğuladı ki, Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Hər iki kəndin timsalında gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük. Ermənilərin 30 illik işğal dövründə törətdikləri dağıntıları hazırda quruculuq işləri əvəzləyir.
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi zamanı Ermənistana və onlara havadarlıq edən dövlətlərə mühüm mesajlar ünvanladı. Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.
Müsahibəsində sülh danışıqları məsələsinə aydınlıq gətirən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın təklif etdiyi sülh sazişi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edir. Bütün bunlardan sonra sülh müqaviləsi imzalana bilər və düşünürük ki, Ermənistan ölkəmizin yanaşmasından razıdır.
Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğunu, lakin separatçıların buna mane olduğunu qeyd edən dövlət başçısı Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində nifrət və düşmənçiliyin davamı olaraq dövlət bayrağımızın yandırılmasına da sərt münasibət bildirib.
Qeyd olundu ki, Ermənistan rəhbərliyinin gözü qarşısında belə bir rəzil hadisənin baş verməsi və buna heç bir reaksiya verilməməsi bu çirkin əməlin müəllifinin rəsmi İrəvan olmasının sübutudur. Prezident qətiyyətlə bildirdi ki, bu gün Azərbaycan bayrağı Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda, yüzlərlə işğaldan azad olunmuş kəndlərimizdə, Zəngəzurda dalğalanır. Azərbaycan lideri həmin yerlərdə onlar bayrağımıza nəinki yaxınlaşa bilmir, hətta uzaqdan baxmağa da cəsarətləri yoxdur bəyanatı ilə düşmən ölkəyə yerini göstərməklə yanaşı, bizə azərbaycanlı olmağın xoşbəxtliyini, qürurunu yaşatdı.
Azərbaycan Prezidentinin müsahibədə verdiyi mesajlar, sözün tam mənasında, ölkəmizin gücünün, gələcək hədəflərinin ifadəsinə çevrildi. Burada səslənən fikirlər Azərbaycanın geosiyasi maraqlarını aydın şəkildə ortaya qoydu, eyni zamanda dövlətimizin siyasi və iqtisadi strategiyası beynəlxalq ictimaiyyətə bəyan edildi.
Tayfun Hacılı, Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Müzakirə qapadılmışdır.