Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı: Qlobal ədalət və regional sülh baxışları

506

2025-ci il sentyabrın 25-də Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm Azərbaycanın müasir tarixinin dönüş nöqtələrini, həm də beynəlxalq hüququn gələcək perspektivlərini əhatə edən mühüm siyasi sənəd kimi yadda qaldı. Bu çıxış yalnız Azərbaycanın haqq səsinin qlobal miqyasda ifadəsi deyil, eyni zamanda beynəlxalq münasibətlərdə yeni geosiyasi reallıqların təsdiqi idi. Prezidentin nitqi bir neçə əsas istiqaməti özündə birləşdirirdi: tarixi ədalətsizliklərin aradan qaldırılması, münaqişədən sonrakı sülh quruculuğu, regional inteqrasiya, qlobal çağırışlara cavab və enerji təhlükəsizliyi.
Prezident İlham Əliyev çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinə və hərbi cinayətlərinə xüsusi diqqət çəkərək, bir milyon azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsini beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Azərbaycanın 30 ilə yaxın müddətdə öz ərazisinin 20 faizindən məhrum edilməsi təkcə regional deyil, həm də qlobal miqyasda beynəlxalq hüquqa zidd addım idi. Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən sanksiyalara məruz qalmaması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra edilməməsi, ikili standartların bariz nümunəsi kimi təqdim olundu. Prezident bu faktı vurğulamaqla, beynəlxalq sistemin zəifliklərini, xüsusən də böyük dövlətlərin maraqlarına görə ədalətin tapdanmasını qlobal miqyasda tənqid etdi.
Azərbaycan Prezidenti xüsusi olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini təhlil edərək, bu qurumun münaqişəni həll etmək əvəzinə status-kvonu qorumağa xidmət etdiyini bildirdi. Bu yanaşma 30 ilə yaxın müddətdə problemin dondurulmasına səbəb oldu. 2020-ci ildə isə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur qaldı. Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və beynəlxalq hüququn tələblərinə uyğun şəkildə həyata keçirildi. Prezidentin vurğuladığı əsas məqam ondan ibarət idi ki, Azərbaycan müharibəni humanitar hüququn prinsiplərinə uyğun apardı, mülki əhalini hədəfə almadı. Bu yanaşma beynəlxalq səviyyədə Azərbaycanın legitim mövqeyini daha da gücləndirdi.
Prezident İlham Əliyevin nitqində mühüm məqamlardan biri də Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, sülh prosesinə iradə göstərməsidir. 2020-ci il noyabrın 10-da imzalanmış kapitulyasiya aktından dərhal sonra Azərbaycan Ermənistanla qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsinə hazır olduğunu elan etdi. 2022-ci ildən başlayan və yalnız ikitərəfli formatda aparılan danışıqlar nəticəsində 2025-ci ilin avqustunda Vaşinqton Sammitində tarixi addım atıldı – Azərbaycan və Ermənistan sülh müqaviləsini parafladılar. ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası isə bu prosesə beynəlxalq legitimlik qazandırdı. Prezident Əliyevin ATƏT-in Minsk qrupunun bağlanmasını münaqişə sonrası yeni reallıqların təsdiqi kimi qiymətləndirməsi beynəlxalq diplomatiyada mühüm dönüşdür.
Çıxışda regional bağlantılar sülh və inkişafın əsas sütunu kimi təqdim edildi. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması bölgədə yeni iqtisadi və siyasi əməkdaşlıq imkanları açır. Bu layihə Zəngəzur dəhlizinin açılmasına, Cənubi Qafqazın strateji əhəmiyyətinin artmasına xidmət edir. Azərbaycan-ABŞ münasibətlərində Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması da Prezident Əliyevin nitqində vurğulanan mühüm addımlardan biridir. Bu, yalnız ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də Azərbaycanın qlobal güclərlə əməkdaşlığında yeni mərhələ açır.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma prosesinə xüsusi diqqət yetirdi. Ermənistanın dağıtdığı şəhər və kəndlərin yenidən qurulması, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq on minlərlə vətəndaşın doğma yurduna qayıtması Azərbaycanın qətiyyətli siyasətinin bariz nümunəsidir. Lakin mina problemi hələ də ciddi maneə olaraq qalır – minlərlə hektar torpaq minalardan təmizlənmədiyi üçün əhali üçün risk yaradır. Prezidentin bu məsələyə beynəlxalq diqqət yönəltməsi humanitar çağırışların aktuallığını göstərir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi Prezidentin çıxışında xüsusi yer aldı. “Bakı Maliyyə Hədəfi”nin qəbul edilməsi, iqlim maliyyələşdirilməsinin 300 milyard dollara çatdırılması öhdəliyi və karbon bazarlarının tam fəaliyyətə başlaması qlobal iqlim siyasətində tarixi dönüş kimi qiymətləndirildi. Bu, Azərbaycanın təkcə regional deyil, qlobal liderliyini də nümayiş etdirir. İlham Əliyevin “real olmayan hədəflər qoymamalıyıq” fikri enerji təhlükəsizliyi ilə iqlim gündəliyinin balanslaşdırılması baxımından strateji yanaşmadır.
Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri ilə qaz təmin edən ölkələr sırasında dünyada birinci yerdədir. Bu, ölkəmizin qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiqləyir. Eyni zamanda, Prezidentin vurğuladığı kimi, Azərbaycanın Suriyaya qaz ixracı yeni regional əməkdaşlıq istiqamətlərini açır. Bununla yanaşı, günəş və külək enerjisi sahəsində böyük sərmayələrin cəlbi ilə ölkənin 2030-cu ilədək enerji istehsalının 40 faizini bərpaolunan mənbələrdən təmin etməsi planlaşdırılır. Beləliklə, Azərbaycan həm ənənəvi enerji, həm də “yaşıl enerji” sahəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Dövlət başçısının çıxışının ən mühüm mesajlarından biri Azərbaycanın qlobal humanitar təşəbbüsləridir. Pandemiya dövründə 80-dən çox ölkəyə yardım göstərilməsi, humanitar böhranlara reaksiya Azərbaycanın beynəlxalq həmrəyliyə verdiyi töhfəni təsdiqləyir. Dövlət başçısının “ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi bir dünya” çağırışı isə nitqin fəlsəfi məğzini təşkil edirdi. Bu, ikili standartların aradan qaldırılması, beynəlxalq hüququn hər kəs üçün bərabər tətbiqi ideyasına əsaslanır.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı Azərbaycan diplomatiyasının son illərdə qazandığı uğurların qlobal miqyasda təqdimatı oldu. Bu çıxışda həm tarixi ədalətsizliklərin bərpası, həm də gələcək sülh və inkişaf baxışları paralel şəkildə əks etdirildi. Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolu, iqlim dəyişməsinə qarşı təşəbbüsləri, regional inteqrasiya layihələri və humanitar missiyaları ölkəmizi yeni beynəlxalq liderlik mövqeyinə gətirir. Ən əsası isə, Azərbaycan nümunəsi beynəlxalq hüququn gec də olsa qalib gəldiyini sübut edir.

 Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər