SUMQAYIT – ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ARZULARININ GERÇƏKLƏŞDİYİ, PREZİDENT İLHAM ƏLİYEVİN DİQQƏT VƏ QAYĞISI İLƏ DİRÇƏLƏN ŞƏHƏR
Bu il Sumqayıt şəhərinin 75 yaşı tamam olur. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Bakının Sumqayıt rayonuna rəsmi şəkildə şəhər statusu verilib. Həmin vaxt Sumqayıtın əhalisinin sayı cəmi 17 min 200 nəfər idi. Ötən 75 il ərzində Sumqayıt bir şəhər kimi formalaşmış, yeni məhəllələr, mikrorayonlar salınmış və sənaye müəssisələri inşa edilmiş, əhalinin sayı 20 dəfədən çox artmışdır. Bunun kökündə məhz həyata keçirilən tikinti-quruculuq işləri dayanır. İnsanlar, əsasən də gənclər respublikamızın bütün rayonlarından axışıb Sumqayıta gəlir, burada çalışır, ailə quraraq buranı özlərinə tale şəhəri seçirdilər. Ona görə də uzun müddət Sumqayıt “gənclər şəhəri” adlandırılmışdır. Əsasən kimya müəssisələri inşa olunduğundan onun adına “kimyaçılar şəhəri” də əlavə olundu.
Bu gün Sumqayıtın hər qarışında bay ram əhval-ruhiyyəsi hiss olunur. Bu da təbiidir. Çünki sakinlər vaxtilə SSRİ-nin əsas neft-kimya kompleksinin cəmləşdiyi sənaye mərkəzi kimi tikilən, bu gün
isə inkişaf edərək, müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni-məişət şəbəkəsi olan, coğrafi məkana çevrilən doğma şəhərlərinin yubileyini qeyd etməyə hazırlaşırlar.
…Sumqayıta şəhər statusu verildikdən sonra tikinti işləri sürətlə aparılmağa başladı. İnsan əllərilə Xəzərin sahilində möhtəşəm, gözəl bir şəhər ucaldı. Boruyayma, Sintetik-kauçuk və Alüminium zavodlarının tikintisi sürətləndirildi. 1952-ci ilin avqustunda keçmiş SSRİ-də ilk dəfə olaraq Sumqayıtda sintetik etil spirti istehsalının, texnologiyası mənimsənildi və məhsul buraxılışına
başlandı. Çox keçmədi ki, Bakı neftçiləri Sumqayıt metallurqlarının ilk hədiyyəsini – polad borularını aldı. 1955-ci ilin martında isə Alüminium zavodunda ilk əlvan metal külçə buraxıldı.
Gənclik şəhəri ilbəil, aybaay böyüyürdü. SSRİ-nin hər yerindən müxtəlif xalqların nümayəndələri böyük həvəslə Sumqayıta gəlir, burada məskən salırdılar.
Heydər Əliyev və Sumqayıt
1969-cu ildə hakimiyyətə gələn Ulu Öndərimiz respublika rəhbəri kimi fəaliyyətinin elə ilk günlərindən bütün səy və bacarığını, dərin zəkasını özünün başlıca amalına – ölkəmizin hərtərəfli və sürətli inkişafına, doğma xalqının həyat səviyyəsinin durmadan yüksəlməsinə, firavanlığına yönəltmişdi. Onun müdrik rəhbərliyi, fenomenal liderlik xüsusiyyəti, fövqəladə təşkilatçılıq bacarığı, gərgin və yorulmaz əməyi, hər şeydən öncə isə Vətən və xalq məhəbbəti sayəsində respublikamız qısa bir zamanda geniş, sürətli və dinamik inkişaf yoluna qədəm qoymusdu.
Sumqayıt şəhərinin inkişaf etməsində də Ümummilli Liderimizin misilsiz xidmətləri olmuşdur. Ona görə də Sumqayıt Ulu Öndərin arzularının gerçəkləşdiyi şəhər kimi ölkəmizin şanlı tarixinə düşmüşdür. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən Sumqayıt özünün inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Mədəni-sosial obyektlərin, məktəb və yaşayış binalarının tikintisi daha sürətlə aparılmağa, maşınqayırma, kimya, qara və əlvan metallurgiya, yüngül sənaye yüksək sürətlə inkişaf etməyə başladı.
Ulu Öndərin bilavasitə təşəbbüsü ilə hələ 1969-82-ci illərdə “Üzvi sintez” zavodunda 10-dan çox yeni istehsal sahəsi istismara verilmişdi. Məhz həmin yeni və müasir sayılan istehsalatlar sayəsində müəssisə o dövrlərdə həqiqətən böyük yüksəlişlərə nail olmuşdu. Ümummilli Liderin respublikamıza rəhbərliyinin ilk illərindən etibarən strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirməsinin, şəxsi təşəbbüs və gərgin səylərinin nəticəsi olaraq ötən əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən təzə neft-kimya müəssisələrinin yaradılması, dövrün yüksək standartlara uyğun texnoloji qurğuların inşası, eyni zamanda mövcud istehsalatların rekonstruksiyası, yeniləşdirilməsi, istehsal güclərinin artırılması işləri geniş vüsət almışdı.
Bu dövrdə polietilenin, eləcə də epoksid qatranının istehsalı ilə Azərbaycanın kimya sənayesinin inkişafında yeni mərhələ – polimer məhsullarının tədarükünə başlanıldı. 1981-ci ildə isə Sumqayıtda “EP-300” kompleksinin tikintisi reallaşdı. Onu da xatırlatmaq vacibdir ki, vaxtilə Sovet hökumətinin bəzi rəhbərləri bu qurğunun Azərbaycanda inşa edilməsinə ciddi-cəhdlə maneçilik törədirdi. Yalnız Heydər Əliyevin rəhbər qətiyyəti və inadlı təkidi nəticəsində “Sintezkauçuk” zavodu nəzdində qurğunun inşasına razılıq əldə edildi. O dövrdə Heydər Əliyev bu istehsalat kompleksinin əhəmiyyətini və perspektivliyini daha düzgün qiymətləndirirdi. Yeni və müasir texnologiyaya malik etilen və propilen istehsal edən yüksək məhsuldarlıqlı “EP-300” kompleksinin inşasına qeyd etdiyim kimi, 1981-ci ildə başlanılmışdı. Xaricdən böyük həcmdə valyuta ilə alınan “EP-300” texnoloji kompleksinin Sumqayıtda inşası Heydər Əliyev dühasının, onun müdrik siyasi-iqtisadi siyasətinin böyük qələbəsi idi. Sonralar həmin dövrü xatırlayan rəhbərimiz kimyaçılarla görüşlərinin birində demişdi: “Xatırlayıram, Azərbaycanda “EP-300” kompleksinin yaradılması üçün biz nə qədər zəhmət çəkdik, SSRİ dövlətinə nə qədər müraciətlər etdik, Azərbaycanın bunun üçün nə qədər böyük imkanları olduğunu sübut etdik. Onu SSRİ-nin başqa yerlərində qurmaq istəyənlər də var idi. O zaman Azərbaycana ikinci dərəcəli münasibət göstərilirdi. Digər tərəfdən isə o vaxt SSRi-nin Kimya Sənayesi naziri Kostandov idi. Bilirsiniz ki, o, erməni idi və bu işə mane olurdu. Ancaq mən
dəfələrlə SSRİ-nin rəhbərlərinə müraciət edib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Nikolay Tixonovu buraya dəvət etdim. Bizim mütəxəssislər ona geniş izahat verdilər, sübut etdilər. Nəhayət, biz böyük çətinliklərlə “EP-300” kompleksini aldıq və o, burada tikildi”.
Bir qədər sonra polietilen istehsalı üzrə “Polimer-120” kompleksinin əsası qoyuldu. Qurğunun texnoloji avadanlığı isə xaricdən – Almaniya və Çexoslovakiyadan alınmışdı. Bu unikal komplekslər onunla qiymətli və daha münasib idi ki, “EP-300” üçün xammal respublikanın neft emalı zavodlarının karbohidrogen məhsulları idi. Polietilen istehsalı polimer məhsullarının – polimer örtüklərinin, boru, tara və müxtəlif məişət mallarının istehsalına güclü təkan verdi. Görülmüş genişmiqyaslı işlərin, qısa müddətdə reallığa çevrilmiş layihələrin nəticəsi idi ki, hələ ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə keçmiş İttifaqda güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdı. İstehsal edilən məhsullar sovetlər birliyinin və xarici ölkələrin yüzdən artıq şəhərinə ixrac olunurdu. Dahi rəhbərin uzaq perspektivi nəzərə alaraq böyük çətinliklərlə inşasına nail olduğu etilen və polietilen istehsalı kompleksləri – “EP-300” və “Polimer-120” qurğuları neft-kimya sənayesi tarixində yeni bir uğur idi. Məhz onların əsasında 1994-cü ildə yaradılmış “Etilen-polietilen” zavodu bu gün “Azərikimya” İstehsalat Birliyinin aparıcı, qabaqcıl müəssisəsi kimi fəaliyyət göstərməkdədir. Ölkə iqtisadiyyatının tərəqqisində özünəməxsus rolu olan kimya sənayesinin daha sürətli və yüksək inkişafına xüsusi əhəmiyyət verən dahi şəxsiyyət Heydər Əliyev çıxışlarının birində deyirdi: “Sumqayıtda iri kimya kompleksi yaradarkən, biz bunu Azərbaycanda kimya sənayesinin inkişafı üçün etdik.
Sənaye obyektlərinin və iri sənaye potensialının yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisədir. Qətiyyətlə deyə bilərəm ki, Sumqayıtda edilmiş hər şey Azərbaycan xalqının rifahının yüksəlməsinə, bizim müstəqil respublikamızın iqtisadi potensialının yaradılmasına yönəldilmişdir”.
Ulu Öndər xalqımızın tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra tarixin ona etibar etdiyi mühüm missiyanı – Azərbaycanın dövlət müstəqilliyini qoruyub-saxlamağa, onun iqtisadi-siyasi dayanıqlığını, sürətli inkişafını təmin edərək, qabaqcıl ölkələr sırasına çıxarmağa, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə, beynəlxalq miqyasda nüfuzunun artmasına nail olmaq missiyasını da inamla və şərəflə yerinə yetirmişdir. Sumqayıt şəhəri də öz inkişafı üçün Ümummilli Liderimizə minnətdardır. Hakimiyyətdə olduğu 34 il ərzində Sumqayıta etdiyi on altı səfərin hər biri şəhərimizin tarixinə çox əlamətdar hadisələrlə həkk olunmuşdur.
Heydər Əliyev ölkədə yaranmış siyasi-iqtisadi xaosu aradan qaldırdıqdan cəmi bir il sonra, 1994-cü il sentyabrın 20-də özünün dahiyanə təşəbbüsünü irəli sürərək, dünyanın bir çox ölkələrinin aparıcı neft şirkətləri ilə əsrin irimiqyaslı beynəlxalq neft sazişinin – ölkəmizə xoşbəxt gələcək vəd edən “Əsrin müqaviləsi”nın imzalanmasına nail oldu. Bu da Azərbaycanın qarşısında yeni və daha böyük perspektivlərin açılmasına təkan verdi. Bildiyimiz kimi, həmin beynəlxalq neft sazişinə qarşı açıq-aşkar çıxan xarici qüvvələr də az deyildi və onlar məmləkətimizin düçar olduğu ağır siyasi-
iqtisadi vəziyyətindən öz mənafeləri üçün istifadə etməyə çalışırdılar. Lakin Heydər Əliyevin siyasi müdrikliyi, hər an tədbirli olması Azərbaycanı 90-cı illərin sarsıntılarından məharətlə xilas etdi.
Həmin dövrdə Sumqayıtın kimya sənayesi xammal çatışmazlığı ilə yanaşı, ağır enerji böhranı ilə də üzləşmişdi. Belə ki, Sumqayıtı və onun müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edən 1 və 2 nömrəli istilik- elektrik stansiyalarının avadanlıqları yarım əsrdən artıq istismarda olduğundan həm fiziki, həm də mənəvi baxımdan köhnəlib-aşınaraq sıradan çıxmaq üzrə idi. İstehsal etdikləri istilik və elektrik enerjisi vahidlərinə sərf olunan yanacağın faktiki həcmi də normadan xeyli artıq idi. Bu barədə məlumat alan respublika rəhbəri belə bir vəziyyətin yaxın zamanlarda mənfi nəticələr verəcəyini bilərək, Sumqayıtın neft-kimya müəssisələri üçün müstəqil, avtonom bir istilik-elektrik mərkəzinin yaradılması barədə qərar verdi. Bir çox araşdırmalardan sonra bu məqsədilə Yaponiyanın nüfuzlu “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətləri ilə niyyət protokolu imzalandı.
Ancaq inşa ediləcək Buxar-generator qurğusunu əldə etmək üçün nəinki kimya müəssisələri, heç bütövlükdə respublika kifayət qədər maliyyə ehtiyatlarına malik deyildi. Böyük şəxsiyyət bu dəfə də ağır yükü öz üzərinə götürərək, vəziyyətdən müdrikliklə çıxmağa nail oldu. O, ölkə kimyasının gələcək inkişafına, perspektiv yüksəlişinə mühüm əhəmiyyət verərək, həmin unikal qurğunun Azərbaycanın dövlət zəmanəti ilə inşa edilməsinə qərar və xeyir-dua verdi. Ancaq təxmini dəyəri yüz milyon dollara yaxın olan qurğunun Yaponiyadan kreditlə alınması məsələsi hər hansı bir dövlət orqanının, nazirliyin görə biləcəyi bir iş deyildi. Odur ki, bütün dünyada böyük siyasi nüfuza malik olan Ulu Öndər məsələni Yaponiya və Azərbaycan rəhbərlikləri səviyyəsində həll etmək üçün 1998-ci ildə böyük nümayəndə heyəti ilə Tokioya səfər etməli olmuşdu. Yaponiyada hörmət və ehtiramla qarşılanan Heydər Əliyev üçün dövlətlərarası bir çox mühüm məsələlərlə yanaşı, Buxar-
generator qurğusu barədə də razılığa gəlmək qətiyyən çətin olmadı. Məhz Azərbaycanın böyük nüfuza malik rəhbərinə hörmət əlaməti olaraq elmin son nailiyyətləri və yeni texnologiyalar əsasında yaradılmış həmin unikal, geniş həcmə malik enerji kompleksi bir il keçmədən hazırlanaraq, Sumqayıta gətirilmişdi. 1999-cu il martın 24-də “Sintezkauçuk” zavodunun ərazisində yapon şirkətlərinin rəhbərləri və mütəxəssisləri kimyaçılarımızla birgə qurğunun təntənəli təməlqoyma mərasimində iştirak edən dahi rəhbər artıq iki ildən sonra – 2001-ci il iyulun 7-də Sumqayıta gələrək, yeni enerji kompleksinin istifadəyə verilib işə salınması münasibətilə bütün kimyaçıları ürəkdən təbrik etmişdi. Və bu gün kimyaçılarımız Ulu Öndərə dərin hörmət və səmimiyyətlərini bildirərək etiraf edirlər ki, əgər dahi rəhbərin təşəbbüsü əsasında Buxar-generator kompleksi həmin dövrdə inşa edilməsəydi,
Azərbaycanın neft-kimya səna-yesinin enerji böhranından çıxması çətin, kimya müəssisələrinin fəaliyyəti şübhə altına düşərdi. Bu gün kimyaçılarımız ölkəmizə 34 il ərzində böyük müdriklik və
uzaqgörənliklə rəhbərlik etmiş Heydər Əliyev kimi dahi bir şəxsiyyətin respublikamızın iqtisadiyyatının müxiəlif sahələri ilə yanaşı, neft-kimya sənayesinin inkişafına da göstərdiyi daimi diqqət və qayğını sonsuz minnətdarlıq hissi ilə xatırlayır.
Prezident İlham Əliyev və Sumqayıt
Doğma Vətəninə və xalqına hədsiz sədaqət və məhəbbətini respublika və beynəlxalq əhəmiyyətli, genişmiqyaslı tədbirlərdə təsdiq edərək, ölkə əhalisinin böyük rəğbət və ehtiramını qazanmış Prezident İlham Əliyev dahi rəhbərin, Ümummilli Liderin dövlətçilik ənənələrini uğurla gerçəkləşdirməkdədir. Ölkəmizin iqtisadi potensialının artırılması, eləcə də respublikamızın neft-kimya sənayesinin perspektiv inkişafı ilə bağlı son iyirmi bir il ərzində görülən genişmiqyaslı tədbirlər bunun bariz nümunəsidir. Möhtərəm Prezidentimizin dediyi kimi: “Bu gün Azərbaycan iqtisadiyyatı,
xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaradılmaqda olan müasir, dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir.”
Fəxrlə demək olar ki, son onilliklərdə ölkəmizin əldə etdiyi böyük uğurlarda, regionların, o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafında, şəhərin simasının gözəlləşdirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri vardır. Rəhbərimizin Sumqayıta mütəmadi səfərləri, hər səfərin təməlqoyma və ya açılış mərasimləri ilə müşayiət olunması bu gün
Sumqayıtın regionun ən gözəl və ən iri sənaye şəhərlərindən birinə çevrilməsinin əsasını qoymuşdur. Ölkə başçısı əminliklə deyirdi: “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye
şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır.”
Hazırda kimya sənayesi möhtərəm İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Ölkə rəhbərinin 2010-cu il aprelin 2-də “Azərikimya”nın SOCAR-ın tərkibinə verilməsi barədə imzaladığı Sərəncam neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanması üçün yeni perspektivlər
açdı və “Azərikimya” İB-də canlanma yarandı. Sumqayıtdakı ekoloji cəhətdən zərərli, mənəvi və fiziki cəhətdən aşınmaya məruz qalmış, müasir standartlara cavab verməyən, iqtisadi və ekoloji baxımdan səmərəsiz zavodlar ləğv edildi. Səmərəli işləyə bilən istehsalat sahələri yenidən quruldu, bir sıra yeni istehsal kompleksləri tikilib istifadəyə verildi. İnsan amili ön plana çəkilərək çətin və
mürəkkəb peşə sahibləri olan kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması, onların əməyinin və sağlamlığının mühafizəsi, təhlükəsizliklərinin təmin edilməsi istiqamətində ciddi addımlar atıldı. Nəticə etibarilə bir neçə onilliklərlə müqayisədə ətraf mühitin çirklənmə dərəcəsi də xeyli azaldı, ən əsası, hamını narahat edən ekoloji vəziyyətdə ciddi dönüşə nail olundu.
Sumqayıt iqtisadiyyatının inkişafı üçün həyata keçirilən xüsusi proqram nəticəsində şəhərimiz Cənubi Qafaqazın ən böyük sənaye mərkəzi olub. Öz ömrünü başa vurmuş köhnə sənaye müəssisələri yeni, müasir texnologiyalar parkı ilə əvəz edilib. Prezidentin 2011-ci il dekabrın 21-də imzaladığı Fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı”nın yaradılması Azərbaycan iqtisadiyyatına verilən ən böyük töhfələrdən biridir və qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış çox vacib addımdır. Hazırda bu parkın ərazisində müasir və dövlət əhəmiyyətli onlarla yeni istehsal sahələri yaradılmışdır ki, bu da ölkəmizin iqtisadi qüdrətinin artmasına, eyni zamanda şəhərimizdə işsizlik probleminin həllinə xidmət edir.
Onu da vurğulamaq lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyev otuz üç dəfə şəhərimizə səfər edib. Ölkə başçısı 2023-cü il oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Məlumdur ki, bu park Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 23-ü fəaliyyət
göstərir.
Rəhbər amili
İllərdən bəridir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən Bakı ilə yanaşı, respublikamızın bütün şəhər və rayonlarında yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə respublikamızın ikinci böyük şəhəri sayılan, Bakı standartlarına
uyğunlaşdırılması bir prioritet kimi qarşıya qoyulan Sumqayıtda xüsusi diqqətlə yanaşılır. Ölkə başçısının 2015-ci il sentyabrın 2-də imzaladığı Sərəncamla Zakir Fərəc oğlu Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra qısa müddət ərzində Sumqayıtda əsaslı quruculuq işlərinə start verildi. Şəhərin əsas girişindən başlayaraq “Göyərçin” abidəsinə qədər 5,2 kilometrlik Sülh küçəsinin yenidən qurulması, eni 14 metr olan küçənin hərəkət hissəsinin 22 metrə çatdırılması, yeni səkilərin salınması, yolun hər iki tərəfində yağış sularının axıdılması üçün
suötürücülərin çəkilməsi, yol boyunca on minlərlə ağac və gül kollarının əkilməsi şəhərə daxil olanlarda ilkin təəssüratın formalaşması baxımından mühüm əhəmiyyət daşıyan bir layihə idi.
Ümummilli Liderin adını daşıyan parkın genişləndirilmiş şəkildə yenidən qurulması, burada Heydər Əliyev Mərkəzinin yaradılması, qarşısındakı meydanda Ulu Öndərin əzəmətli abidəsinin ucaldılması, elə bu parkın ərazisində Uşaq incəsənət məktəbinin, eyni zamanda gözəl memarlıq üslubunda şahmat məktəbinin tikilib istifadəyə verilməsi Zakir müəllimin təyinatından sonra sumqayıtlılara bəxş olunan töhfələrdir. Uşaqdan böyüyə hər bir sumqayıtlının sevincinə səbəb olan layihələrdən biri də Dənizkənarı bulvarın gözoxşayan tərtibatla yaradılmasıdır. Qeyd edim ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğunda olan bu bulvar kompleksi ümumilikdə 106 hektar ərazini əhatə edir. Sonradan isə bulvar ərazisi bir kilometr də uzadıldı və sahəsi genişləndirildi. Görülmüş işlər sırasına həmçinin YAP Sumqayıt şəhər təşkilatının yeni binası, Bayraq muzeyinin, Muğam Mərkəzinin, məhkəmə kompleksinin, şəhər prokurorluğunun, Milli Bankın ehtiyat fondunun, “ASAN xidmət”in binaları daxildir. “Kimyaçı” mədəniyyət sarayının və Sumqayıt Dövlət Dram Teatrının, “Nizami” kinoteatrının əsaslı təmir edilməsi, M.Hüseynzadə adına stadionun və 2 saylı şəhər Xəstəxanasının möhtəşəm tərtibatla yenidən qurulması və s. kimi işləri də bura əlavə etsək, gözlərimiz önündə möhtəşəm və əzəmətli bir mənzərə canlanır.
Şəhərimizdə sahəsi 200 min kvadratmetr olan 25 hündürmərtəbəli yaşayış binasının tikintisi, yollara asfalt örtüyünün salınması, küçə və xiyabanların abadlaşdırılması, işıqlanma sisteminin müasirləşdirilməsi, istirahət guşələrinin yeni görkəmə salınması, binaların dam örtüklərinin dəyişdirilməsi, fasadlarının rənglənməsi, istilik sisteminin mərhələli şəkildə bərpası, şəhərin ekologiyasına ciddi zərər vuran zirzəmilərdəki çirkab suların qurudulması, bununla da Sumqayıt sakinlərinin həyat tərzi üçün böyük narahatlıq törədən problemə çevrilən ağcaqanad bəlasından şəhər sakinlərinin canının qurtarılması, nəticə etibarilə, bir çox yerlərdə orqanizm üçün təhlükə olan dezinfeksiya işlərinə ehtiyac qalmaması da şəhər üçün atılan uğurlu addımlardandır.
Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması, burada “Qalib əsgər” abidəsinin ucaldılması razılıq doğurmuşdur. Eyni zamanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə kompleksi yaradılmış, müstəqilliyimizin, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş sumqayıtlı vətən oğullarının məzarları yeni formatda bərpa olunmuş, ərazisi abadlaşdırılmışdır.
Son on ilə yaxın bir müddət ərzində Sumqayıtı regionun ekoloji cəhətdən ən təmiz və ən gözəl şəhərlərdən birinə çevirmək məqsədilə şəhərdaxili ərazilərdə, sənaye zonasında bir milyondan çox ağac və kol bitkiləri əkilmiş, iyirmi hektardan artıq ərazini əhatə edən onlarla yeni park, xiyaban, xeyli yaşıllıq zolağı salınmış və yenidən qurulmuşdur. Bu işlər bu gün də müvəffəqiy-yətlə davam etdirilir.
Fürsətdən istifadə edib ürəyimdən keçən bir arzunu da diqqətə çatdırmağı özümə borc bilirəm. Çox istərdim ki, Sumqayıtın müəyyən bir ərazisində xüsusi yer ayrılsın, şəhərin elm adamları, alimləri, yaradıcı ziyalıları burada iməcilik yolu ilə hərəyə bir ağac əksin, abadlıq işləri həyata keçirsin və yaradılan park da “Alimlər parkı” və yaxud “Ziyalılar parkı” adlandırılsın. Mənə
elə gəlir ki, bu, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə və doğma Sumqayıtımızın 75 illik yubileyinə ən gözəl hədiyyə olardı.
Yuxarıda sadaladığım layihələrin icrasının sumqayıtlılar üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini Prezident İlham Əliyevin açılışlardan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə məmnunluq hissi ilə dilə gətirdiyi fikirlərdən də aydın görmək olar: “Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır. Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o
gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin. Sumqayıtın bu proqramın icrasında xüsusi yeri var. Sumqayıt böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də kifayət qədər böyükdür. Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Bu gün iştirak etdiyim açılışlar onu əyani şəkildə göstərir.”
Sonda onu qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında respublikamızda bütün sahələr üzrə aparılan irimiqyaslı islahatlar, qazanılan uğurlar, əldə edilən nailiyyətlər, nəticə etibarilə, hamımıza doğma olan 75 yaşlı Sumqayıtın hərtərəfli və dinamik inkişafı üçün geniş imkanlar açmış, ölkə başçısının Sumqayıtın paytaxt standartlarına tam
şəkildə uyğunlaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələr şəhərdə böyük bir canlanma, onun zəhmətkeş və qədirbilən sakinləri arasında nikbinlik və məmnunluq hissi yaratmışdır. Təbii ki, şəhər inkişaf etdikcə, bu inkişafa uyğun yeni sosial infrastrukturların yaradılması zərurətini də gündəmə gətirir.
Sumqayıtda bu istiqamətdə mütərəqqi layihələr üzərində işlər aparılmaqdadır. Abadlıq və quruculuq işlərinin daha da vüsət alması onu deməyə əsas verir ki, bu günə qədər görülmüş, hazırda görülən və bundan sonra görüləcək işlər nəticəsində Sumqayıt regionda aparıcı sənaye mərkəzi olmaqla, ekoloji cəhətdən ən təmiz və ən gözəl şəhərlərdən birinə çevriləcəkdir.
Yaranan imkandan istifadə edərək, Sumqayıtı özünün tale şəhəri sayan hər bir sakini doğma şəhərimizin qarşıdan gələn 75 illik yubileyi münasibətilə təbrik edir, hər kəsə möhkəm can sağlığı, sevinc və səadət dolu günlər, şəhərimizin nurlu sabahı naminə məqsədyönlü fəaliyyətlərində uğurlar arzulayıram.
Valeh CƏFƏROV,
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Prezidentin Fəxri Diplomu laureatı
Müzakirə qapadılmışdır.