Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan bu təşkilat çərçivəsində əməkdaşlığa sadiq, təşəbbüskar və strateji baxışa malik dövlətdir. Prezidentin çıxışında səsləndirdiyi fikirlər təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə postsovet məkanında dostluq, humanitar əlaqələr və qarşılıqlı hörmət prinsiplərinin dərinləşməsi baxımından mühüm mesajlar daşıyırdı. İlham Əliyev, həmçinin, Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunu, həm də ölkəmizin mədəni, idman və humanitar sahələrdə oynadığı birləşdirici rolu xüsusi vurğuladı.
Prezident İlham Əliyev çıxışına qardaş Tacikistan xalqına və Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə əldə olunmuş uğurlara səmimi təbriklə başladı. Azərbaycan lideri Düşənbənin son illərdəki dinamik inkişafını, şəhərin memarlıq baxımından yeniləşməsini və abadlaşmasını yüksək qiymətləndirdi:
“Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir”.
Bu sözlər həm diplomatik, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan və Tacikistan təkcə iqtisadi tərəfdaş deyil, həm də dərin tarixi və mədəni bağlara malik qardaş ölkələrdir. Prezidentin səmimi tərzdə səsləndirdiyi təbrik sözləri dostluq münasibətlərinin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunun göstəricisidir.
Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafından bəhs edərək qeyd etdi ki, Azərbaycan və Tacikistan münasibətləri qardaşlıq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır. Bu münasibətlər son illərdə energetika, kənd təsərrüfatı, nəqliyyat, ticarət və humanitar sahələrdə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın “Bir kəmər, bir yol” və “Şimal-Cənub” kimi beynəlxalq nəqliyyat layihələrində oynadığı rolu Tacikistanla əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaradır. İlham Əliyevin çıxışında bu strateji yönüm aydın hiss olunurdu – məqsəd MDB çərçivəsində iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, ikitərəfli əməkdaşlığın da davamlı əsaslar üzərində qurulmasıdır.
Prezident İlham Əliyev çıxışının mühüm hissəsini humanitar sahəyə həsr edərək Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə toxundu. Dövlət başçısı bu qərara görə MDB ölkələrinin rəhbərlərinə təşəkkürünü bildirərək, Laçının 30 illik işğaldan azad olunduqdan sonra necə qısa zamanda müasir və gözəl şəhərə çevrildiyini diqqətə çatdırdı.
“Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib,” – deyə Prezident İlham Əliyev vurğuladı.
Bu fakt təkcə Laçının yenidən qurulması deyil, həm də Azərbaycan xalqının dirçəliş iradəsinin, mədəniyyətə və tarixə olan dərin bağlılığının bariz nümunəsidir. MDB-nin mədəniyyət paytaxtı statusu həm də regionda sülh, sabitlik və mədəni inteqrasiyanın möhkəmlənməsinə xidmət edir.
Prezidentin çıxışında digər diqqətçəkən məqam isə bu ilin sentyabr-oktyabr aylarında Gəncə və Azərbaycanın digər şəhərlərində keçirilən III MDB Oyunları ilə bağlı idi. Bu idman tədbiri Azərbaycanın təşkilatçılıq bacarığını, beynəlxalq miqyasda nüfuzunu və humanitar diplomatiyasını bir daha nümayiş etdirdi.
Oyunlarda 13 ölkədən 1600-dən çox idmançının iştirakı MDB məkanında idman dostluğunun və birliyin rəmzi oldu. Xüsusilə Gəncə şəhərinin seçilməsi təsadüfi deyildi — Nizami Gəncəvinin doğma yurdu olan bu qədim şəhər həm də Azərbaycanın zəngin mədəni irsinin simvoludur.
Prezidentin qeyd etdiyi kimi, bu qəbildən olan tədbirlər MDB məkanında dostluğu və qarşılıqlı hörməti möhkəmləndirir, ortaq dəyərlərin paylaşılmasına xidmət edir.
Düşənbədə səslənən çıxış Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və çoxşaxəli diplomatiyasının daha bir təzahürüdür. Onun nitqində həm regionun inkişafına, həm də MDB məkanında əməkdaşlığın dərinləşməsinə yönəlik strateji mesajlar var.
Azərbaycan bu gün təkcə iqtisadi və siyasi deyil, həm də mədəni və humanitar sahələrdə MDB-nin ən fəal üzvlərindən biridir. Laçının mədəniyyət paytaxtı seçilməsi, Gəncədə keçirilən MDB Oyunları, Tacikistanla səmimi dostluq münasibətləri – bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional əməkdaşlıq modelinə verdiyi töhfələrin bariz nümunəsidir.
Bu çıxış bir daha göstərdi ki, Azərbaycan MDB çərçivəsində qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və birgə inkişafa əsaslanan siyasətin tərəfdarıdır. İlham Əliyevin Düşənbədə səsləndirdiyi fikirlər regionda sülhün, dostluğun və birliyin daha da möhkəmlənməsinə xidmət edən strateji baxışın ifadəsi idi.
Təbrik Quliyev, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü
Müzakirə qapadılmışdır.