Dövlətlərin taleyində liderlərin rolu, onlar tərəfindən həyata keçirilən missiyalar, dövlətçilik ənənələrinin və siyasi varisliyin təmin edilməsi tarixin bütün mərhələlərində vacib amillər kimi özünü göstərmişdir. Bir çox dövlətlərin təcrübəsindən bununla bağlı çoxlu misallar çəkmək olar. Lakin hesab edirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başlatdığı, bu gün isə Prezident İlham Əliyevin davam etdirdiyi inkişaf və yüksəliş siyasəti liderlərin dövlətin taleyindəki rolu barədə daha aydın və müfəssəl fikir yürütməyə imkan verir.
Liderlik fenomeni
1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayanda respublikamız iqtisadi göstəricilərinə görə sovet ittifaqının ən geridə qalmış üzvlərindən biri idi. Lakin qısa müddət sonra Azərbaycanın öz inkişaf göstəricilərinə görə 14-cü yerdən qabaqcıllar cərgəsinə çıxması ilk növbədə Ulu Öndərin liderlik keyfiyyələrindən irəli gəlirdi. Sovet ideologiyasının hakim olduğu bir rejimdə milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən tədbirlərin həyata keçirilməsini, Azərbaycan dilinin Konstitusiyada dövlət kimi təsbit edilməsini yalnız Heydər Əliyev kimi güclü siyasi liderlər edə bilərdilər.
1993-cü ilin məlum hadisələri orta və yaşlı nəslin xatirindədir. Əgər həmin çətin günlərdə Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, müstəqilliyimizin itirilməsi, respublikamızın parçalanması qaçılmaz idi. Ulu Öndər Azərbaycanı sonu görünməyən problemlər burulğanından xilas etdi. Bəli, məhz Ümumilli Lider Heydər Əliyev kimi böyük siyasi dühalar bunu bacara bilərdilər. Elə buna görə də dahi şəxsiyyətin adı tarixə müasir və müstəqil Azərbaycan dövlətinin banisi kimi həkk edilib.
Heydər Əliyevin böyük siyasətçi və görkəmli dövlət xadimi olaraq Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirməyə qadir siyasi varisini yetişdirməsidir. Azərbaycanın ötən 21 illik tarixinin, bu dövrün bütün reallıqlarının fonunda Ulu Öndərimiz Heydər Əliyevin nə qədər müdrik şəxsiyyət olduğu bir daha öz təsdiqini tapır. O cümlədən ötən 21 ilin bütün həqiqətləri cənab Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin bariz təcəssümüdür.
Azərbaycanın qürurdoğuran yüksəlişini təmin edən lider
Bu gün Azərbaycan Cənubi Qafqazın lider və söz sahibi olan dövlətdir. Azərbaycan həm də qlobal səviyyədə yüksək ehtiramla qarşılanan, beynəlxalq münasibətlər sistemində özününün xüsusmi yeri olan dövlətdir. Respublikamız hər zaman əməkdaşlığa sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına həmişə arxa durub. Bütün bunlarla yanaşı Azərbaycan qlobal problemlərin yoluna qoyulmasına mühüm töhfələr verən, beynəlxalq enerji təhlükəsizliyi problemlərinin həllində iştirak edən, dünyanın enerji xəritəsinə mühüm korrektələr edən dövlətdir. Prezident İlham Əliyevin qətiyyətinin nəticəsi olaraq ərsəyə gələn Cənub Qaz Dəhlizi artıq 4 ildir ki, təbii qazı Avropa bazarlarına çatdırır. Son illərdə dünyada baş verənlər Azərbaycanın enerji siyasətinin nə qədər düzgün və uzaqgörən olduğunu göstərir. Elə buna görə də respublikamız sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən və sözünə sadiq dövlətlər sırasında yer alır.
Eyni zamanda Azərbaycanın razılığı və iştirakı olmadan Cənubi Qafqazda hər hansı transmilli layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan o dövlətdir ki, tarixdə ilk dəfə olaraq Xəzərin karbohidrogen ehtiyatlarını alternativ yollarla dünya bazarlarına çıxarır. Eyni zamanda Azərbaycan qlobal nəqliyyat dəşlizlərinin kəsişdiyi məkandır. Nəqliyyat dəhlizlərinin qlobal münasibətlərdəki əhəmiyyətini zamanında qiymətləndirən Prezident İlham Əliyevin sayəsində respublikamız bu gün həm də qlobal nəqliyyat yollarının kəsişdiyi coğrafi məkana çevrilib. Təsadüfi deyil ki, dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çin dövləti respublikamızın bu sahədəki təşəbbüslərini təqdir edir, Azərbaycanda nəqliyyat əməkdaşlığını yüksək qiymətləndirir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik illəri həm də mühüm və tarixi diplomatik nailiyyətlərlə zəngindir. Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi, ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsi, son olaraq Azərbaycanın dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu quruma üzv seçilməsi cənab Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin göstəriciləridir. Və bu uğurlar həm də dövlətimizin başçısının yüksək liderlik keyfiyyətlərinin nəticələridir.
Prezident İlham Əliyevin Azərbaycana bəxş etdiyi uğurların ən möhtəşəmi isə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Cənab İlham Əliyevin bu məsələdə Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu qətiyyətlə davam etdirərək, bütün imkanları torpaqlarımızın azadlığı uğrunda səmərəli şəkildə səfərbər etdi. Ümumiyyətlə isə cənab İlham Əliyevin qətiyyətli siyasətinin fonunda bütün xalqımız əmin idi ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək. 2020-ci ilin Vətən müharibəsi xalqımızın bu əminliyini reallığa çevirdi. Müharibə günlərində biz bir daha Prezidentimizin qətiyyətinin və cəsarətinin şahidi olduq. Bu savaşda Prezidentimiz vətənpərvərliyin ən mükəmməl nümunəsini ortaya qoydu. Torpaqlarımızın ihğaldan azad edilməsi ilə Prezident İlham Əliyev adı Azərbaycan tarixinə həm də Müzəffər Ali Baş Komandan kimi düşdü.
Sumqayıt yenidən sənaye mərkəzi kimi şöhrət qazanıb
2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində cənab İlham Əliyev demişdi: «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.Xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcəkdir. Yeni zavodlar, fabriklər istifadəyə veriləcəkdir. Sahibkarlığın inkişafı üçün tədbirlər planı, Azərbaycanda iqtisadi inkişaf proqramı hazırlanır. Bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcəkdir. Bizdə bütün imkanlar – təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik».
Ötən 21 ilin sosial-iqtisadi statistikası Prezidentin öz vədini layiqincə yerinə yetirdiyini göstərir. Belə ki, bu dövrdə ölkəmizdə ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, artıq bu rəqəm 3500 manatı ötüb. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Əlbəttə qeyd edilən nailiyyətlərdə regionların inkişafının da böyük rolu var. Prezident İlham Əliyevin inkişaf siyasətində regionların inkişafı prioritet istiqamət təşkil edir. İndiyə kimi bu məqsədlə 4 Dövlət proqramı qəbul edilərək icra olunub. Bu proqramlar əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb.
Bundan başqa ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 21 min kilometrdən çox avtomobil yolu tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi inşa edilib. Azərbaycanın hər yerində bu gün də davam edən, Qarabağ və Şərqi Zəngəzurun bərpasının timsalında daha da möhtəşəm görünən quruculuq işləri İlham Əliyevin qurub-yaratmaq, Azərbaycanı dünyanın ən abad ölkələrindən birinə çevirmək məqsədinin göstəriciləridir.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionlarının inkişafı proqramlarının ardıcıl olaraq gerçəkləşdirilməsi ölkəmizin simasını tanınmaz dərəcədə dəyişdirmişdir. Aparılan məqsədyönlü və möhtəşəm quruculuq işləri paytaxtımız Bakını dünyanın müasir şəhərləri sırasına çıxarmışdır. Eyni fikri Sumqayıt barəsində də səsləndirmək mümkündür. Çünki Sumqayıtın son illərdə keçdiyi sürətli və möhtəşəm inkişaf yolu onu paytaxtımızın standartlarına çatdırmış, Azərbaycanın ən abad şəhərlərindən birinə çevrilmişdir. Bəli, bir vaxtlar Sumqayıt deyəndə çirkli havası olan bir şəhər göz önünə gəlirdisə, indi Sumqayıt gözəlliklər diyarı kimi respublikamıza səs salır.
Bir məsələni də qeyd etmək istərdim ki, istənilən şəhərin inkişafını xarakterizə edən, onun tarixi yüksəliş yollarının təqdimatı olan ştrixlər var. Sumqayıt üçün bu, sənaye şəhəri kimi yaranması və bu gün də nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın aparıcı sənaye mərkəzi kimi tanınmasıdır.
Sumqayıtın sənaye mərkəzi kimi daha sürətli inkişafı isə xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. O dövrdə Sumqayıtın sənaye potensialının böyük olduğunu nəzərə alan Heydər Əliyev şəhərin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələri daha da yüksəltmək diqqət və qayğısını əsirgəmədi. Məhz Heydər Əliyevin sayəsində şəhərimizdə xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Bütün bunların nəticəsi kimi həmin dövrdə Azərbaycanın əldə etdiyi inkişaf göstəricilərində Sumqayıtın payı daha da yüksəlmişdi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi həm də Sumqayıtın yüksəlişinin qızıl dövrü kimi tarixə düşmüşdür.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də əvvəlki kimi Sumqayıta diqqət və qayğını əsirgəməmişdir. Müstəqil Azərbaycana rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin ölkəmizin şəhər və rayonları arasında ilk olaraq məhz Sumqayıta səfər etməsini şəhər ictimaiyyəti hər zaman böyük minnətdarlıqla xatırlayacaqdır.
Ümummilli Liderin Sumqayıtın daha da inkişafını, onun yenidən sənaye mərkəzi kimi fərqlənməsini, sakinlərinin yüksək rifah içində yaşamalarını arzulayırdı. Böyük məmnunluqla qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti Heydər Əliyevin Sumqayıtla bağlı bütün arzularının layiqincə yerinə yetirilməsini təmin edir. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Bunun nəticəsi kimi Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşamış, şəhərin sənaye potensialı dəfələrlə artmışdır. Bu gün Sumqayıtda fəaliyyət göstərən zavod müəssisələrin sayı və onların istehsal həcmi göstərir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytararaq, yenidən Azərbaycanın sənaye mərkəzinə çevrilmişdir. Bu dövrdə yaradılan “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsi, “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsi, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsi, “Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verir.
Sumqayıtda “SOCAR karbamid” və “SOCAR Polymer” kimi zavodların yaradılması, nəinki şəhərimizin, respublikamızın iqtisadi həyatında mühüm hadisəyə çevrilmişdir.
Sumqayıt yenidən sənaye mərkəzi kimi şöhrət qazanıb. Prezident İlham Əliyev bu barədə deyib: “Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir!” Dövlət başçısının bu fikri Ulu Öndər Heydər Əliyevdən gələn ənənənin novator üslub və dəst-xəttlə davam etdirilərək, Sumqayıtla bağlı əldə olunan möhtəşəm uğurun ifadəsidir.
Abad, təmiz və gözəl şəhər
Sumqayıt həm də respublikamızdakı abadlıq və quruculuğun əsas ünvanlarından biridir. Həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, möhtəşəm infrastruktur layihələrinin realaşdırılması, şəhər təsərrüfatının yenidən qurulması Sumqayıtda tamamilə fərqli və müasir ab-hava yaratmışdır. Genişmiqyaslı quruculuq işləri şəhərimizin simasını dəyişmiş, onun regionun ən gözəl şəhərlərindən birinə çevirmişdir. Bu gün Sumqayıta gələnlər şəhərin sanki yenidən qurulduğu qənaətinə gəlirlər.
Bu quruculuğun nəticəsi kimi Sumqayıtın çoxsaylı yeni ünvanları yaranıb. Məsələn, Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Muğam Mərkəzi, Sumqayıt Məhkəmə Kompleksi Sumqayıtın yeni ünvanlarıdır. “Kimyaçılar” Mədəniyyət Sarayının, Dram Teatrının, Tarix Muzeyinin, «Nizami» kinoteatrının yüksək zövqlə təmir olunaraq yenidən qurulan binaları şəhərimizin simasına yeni rəng qatıb. Məhkəmə Kompleksi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, şəhər prokurorluğunun binası Sumqayıtın görkəminə əlavə gözəllik gətirən inşaat nümunələridir.
Sumqayıtın yeni ünvanlarından biri də dənizkənarı bulvardır. Sumqayıt dəniz sahilində yerləşsə də burada dənizkənarı bulvar heç vaxt olmamışdı. Son illərdə həyata keçirilən quruculuq işləri sırasında Xəzərin sahilində bulvarın yaradılması şəhərin simasını tamamilə yeniləyib. Bununla həm də Ulu Öndər Heydər Əliyevin Sumqayıtla bağlı arzularından biri də reallaşıb. Bir neçə il əvvəl isə Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıt bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
Şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilib, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün yeni yaşayış binaları inşa olunub. 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları da əsaslı təmir olunub, şəhərdə 2 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətidə geniş miqyaslı tədbirlər həyata keçirilib. 1992-ci ildə salınan Şəhidlər xiyabanı da 2021-ci ildə əsaslı şəkildə təmir olunmuş, kompleks yenidənqurma işləri aparılmış, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Yenidən qurulan Şəhidlər xiyabanında «Qalib Əsgər» abidəsi ucaldılıb, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb, şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb.
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 23-də Sumqayıta ötən 21 ildə etdiyi sayca 33-cü səfəri də şəhərin abadlığı və quruculuğu baxımından mühüm hadisələrlə əlamətdar oldu. Həmin gün Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Ötən əsrin 60-cı illərində istifadəyə verilmiş və iki-üç min azarkeş üçün hesablanan bu stadion müasir tələblərə cavab vermirdi və azarkeşlərin çoxu yarışları yer darısqallığından canlı izləyə bilmirdi. Dörd tərəfi açıq olan stadion əhəmiyyətli futbol yarışlarını keçirən məkana da qətiyyən bənzəmirdi. Bir sözlə, yeni stadionun tikintisinə ehtiyac vardı. Prezident İlham Əliyevin 2019-cu il 21 noyabr tarixli Sərəncamı ilə yenidən qurulan stadion indi ən müasir standartlara cavab verir.
Şəhərin yeni ünvanlarından biri də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasıdır. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan 150 çarpayılıq bu xəstəxana tək Sumqayıtda deyil, respublikamızda ən müasir tibb müəssisələrindən biridir.
Sumqayıtın sosial-iqtisadi yüksəlişi və abadlaşdırılması ilə bağlı işlərin miqyası o qədər çoxdur ki, onların hamısını bir yazıda ümumiləşdirmək mümkün deyil. Qısaca onu deyə bilərik ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsində Sumqayıtın görkəmi tamamilə dəyişib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək.
Bir məsələni də xüsusi qeyd etməliyik ki, sənaye müəəssisələrinin ekoloji baxımdan problemlər doğurması bütün dövrlərin aktual problemlərindən biri olub. Sənaye baxımından inkişaf etmiş bütün dövlətlərdə ekoloqlar bununla bağlı hər zaman həyacan təbili çalıblar. Elə Sumqayıtın özündə də bəzi sənaye müəssisələrinin vaxtilə şəhərin ekologiyasına necə təsir göstərməsi yaşlı nəslin xatirindədir. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərləri sırasında yer alır. Çünki şəhərdə son dövrdə yaradılmış yeni sənaye müəssisələri tamamilə modern texnologiyalar əsasında fəaliyyət göstərdiklərindən ekoloji normalara da tam cavab verirlər. Cənab Prezident İlham Əliyevin də şəhərin sənayesinin inkişafı ilə bağlı qarşıya qoyduğu əsas vəzifələrdən biri ekologiyanın qorunmasıdır.
Bütövükdə, 21 ildə şəhərdə qazanılan hər bir sosial-iqtisadi uğur cənab Prezidentin adı ilə bağlıdır. Bu illər ərzində Sumqayıt daim Prezident İlham Əliyevin qayğısını hiss etmişdir. Bunu ölkə başçısının Sumqayıta 33 dəfə səfər etməsi də təsdiqləyir. Bu səfərlərin hər biri ali qayğının təsəssümü olmaqla Sumqayıtın inkişafına təkan vermiş, şəhərin tarixində əlamətdar hadisəyə çevrilib. Bir vaxtlar Ulu Öndər Heydər Əliyevin sayəsində inkişaf mərhələsinə qədəm qoyan şəhər indi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yenidən çiçəklənir. Başqa cür desək, bir vaxtlar Sumqayıtın şöhrətinin dünyaya çatdıran unudulmaz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin bu şəhərin yeni intibahının memarıdır və buradakı inkişaf nümunələri müasir Azərbaycan dövlətinin yüksəlişini özündə simvolizə edir.
“Sumqayıt kiçik Azərbaycandır”! Ümummilli Lider Heydər Əliyevin vaxtilə Sumqayıta verdiyi bu dəqiq tərif hər zaman aktuallığını qoruyur. Sumqayıt doğrudan da kiçik Azərbaycana oxşayır! Öz gücünü artırmaqla dünyaya meydan oxuyan, çoxhədəfli, məzmunlu, humanist mahiyyətli, sülh, barış, əmin-amanlıq istəyi ilə xilas yolları arayan, mədəniyyət körpüləri quran, multikultural dəyərlərlə yaşayan Azərbaycana!
2024-cü ilin noyabrında Sumqayıt şəhərinin 75 yaşı tamam oldu. 75 il – zamandan fəth olunan nəhəng zirvə deməkdir. Və bu zirvədə hər şey – birinci növbədə Sumqayıtın əzəli və əbədi gözəlliyi yeni estetik mərhələyə adlayıb. Başqa cür desək, Sumqayıt yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın müəllifi möhtərəm Prezidentimiz İlham Əliyevdir. 75 illik münasibətilə Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunmaları dövlətimizin başçısının şəhərimizə və onun sakinlərinə yüksək ehtiramının təcəssümümünə çevrildi. Bu diqqət bizim üçün şərəf və məsuliyyət deməkdir. Sumqayıtda bundan sonra Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr layiqincə yerinə yetiriləcək, şəhər ictimaiyyəti bu işlərə özünün layiqli töhfəsini əsirgəməyəcək.
Zakir FƏRƏCOV,
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
Müzakirə qapadılmışdır.