Prezident İlham Əliyevin nümunə göstərdiyi Sumqayıt

2593

Azərbaycanın son onilliklərdə keçdiyi sosial, iqtisadi və ekoloji transformasiya prosesi ölkənin müxtəlif regionlarında özünü göstərsə də, bu prosesin ən parlaq nümunələrindən biri şübhəsiz ki, Sumqayıtdır. Bir zamanlar postsovet məkanında ekoloji fəlakətin simvolu kimi təqdim edilən bu şəhər bu gün təkcə Azərbaycanın deyil, regionun ən müasir sənaye, ekoloji və şəhərsalma mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin bu dəyişimin bütün mərhələlərində verdiyi siyasi dəstək, səsləndirdiyi fikirlər, xüsusi tapşırıqları və şəhərə münasibətdə formalaşdırdığı konseptual yanaşmalar Sumqayıtın son 20 ildə keçdiyi yolun həm ideoloji, həm də praktiki əsaslarını təşkil edir.

Sumqayıtın yenilənmə mərhələsi, əslində, Prezident İlham Əliyevin hələ 2016-cı ildə şəhərdə keçirilən görüşdə Sumqayıt bulvarı haqqında dediyi məşhur fikirlərlə özünün ictimai mənzərəsini tapdı. Dövlət başçısının həmin görüşdə səsləndirdiyi sözlər, əslində, həm şəhərin inkişaf fəlsəfəsini, həm də planlaşdırılan genişmiqyaslı işlərin konturlarını ortaya qoyurdu:

Sumqayıt bulvarı isə hesab edirəm ki, bir dir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi.

Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər”.

Həmin görüşdən daha bir sitat: “Son illər ərzində Sumqayıtın sənaye potensialı böyük dərəcədə artıb və əsas məsələ ondan ibarətdir ki, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır.

Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır – gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir”.

Dövlət başçısı Sumqayıtın hələ 2000-ci illərin əvvəllərində qalmaqda olan ekoloji yükünü, toxunulmamış sənaye zonasını, ağır kimya istehsalatının buraxdığı zəhərli izləri, eləcə də şəhərin uzun illər abadlıqdan kənarda qalan hissələrini görür, bu vəziyyətin tam dəyişməsini məqsədli şəkildə planlaşdırırdı. Prezidentin həmin dövrdə verdiyi tapşırıqlar bir neçə istiqamətdə paralel şəkildə icra olunurdu: ekoloji təmizləmə, sənayenin modernləşdirilməsi, yeni ictimai məkanların yaradılması, bulvarın salınması və şəhərin strateji plan üzrə yenidən qurulması.

Bu istiqamətlərdən ən əhəmiyyətlisi sənayenin modernləşdirilməsi və yeni müəssisələrdə ən yüksək ekoloji standartların təmin edilməsi oldu. Prezident İlham Əliyevin 15 dekabr 2017-ci ildə Sumqayıtla bağlı dediyi sözlər bu strategiyanın artıq nəticə verdiyini təsdiqləyirdi:

Sumqayıtın ümumi inkişafı məni çox sevindirir… Həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, – mən bunu bulvarın açılışında da demişəm”, – bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir”.

Burada iki paralel xətt görünür: iqtisadi güclənmə və ekoloji sağlamlıq eyni anda təmin olunur. Bu isə müasir şəhərsalmanın aparıcı prinsiplərindən biridir. Sumqayıtın məhz belə bir model əsasında yenidən qurulması Azərbaycanın dövlət idarəçiliyi standartlarında yeni mərhələ idi.

19 sentyabr 2020-ci ildə Prezident İlham Əliyevin Sumqayıtla bağlı fikirləri bu şəhərin keçmişi ilə bu gününün fərqini daha kəskin şəkildə üzə çıxardı. Dövlət başçısı Azərbaycan Televiziyalarına müsahibəsində bildirmişdi:

“Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır…Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır”.

Bu fikirlər göstərir ki, Sumqayıtın transformasiyası yalnız infrastruktur layihəsi deyildi. Bu prosesin arxasında uzunmüddətli dövlət strategiyası, gələcək nəsillərin sağlam mühitdə yaşamasını təmin edən ekoloji-sosial yanaşma və urbanizasiya fəlsəfəsi dururdu.

2020-ci il iyunun 9-da modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev bu yenilənmə prosesinin konkret nəticələrini bir daha faktlarla açıqlamışdı: “Sumqayıt şəhərinə mən daim böyük diqqət göstərirəm və Prezident kimi dəfələrlə Sumqayıtda olmuşam, orta hesabla minimum ildə iki dəfə, bəzi illərdə daha da çox. Sumqayıtın sənaye potensialının inkişafı bu gün göz qabağındadır. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və eyni zamanda, müasir sənaye şəhəridir. Çünki bildiyiniz kimi, – yaşlı nəsil bunu yaxşı bilir, – əvvəlki dövrdə Sumqayıtda çox çətin ekoloji vəziyyət mövcud idi. Bu gün yeni istifadəyə verilmiş bütün müəssisələr yüz faiz ekoloji standartlara cavab verir. Buna görə Sumqayıtda indi ekoloji vəziyyət çox yaxşılaşıb və hava da təmizdir. Sumqayıt bu gün parklar, bağlar şəhəridir, yaşıllaşdırma işləri gedir. İndi insanları narahat edən və ekoloji problem yaradan Acıdərə kanalı da təmizlənir. Buraya da böyük vəsait ayrılır. Bununla paralel olaraq, şəhər infrastrukturu yeniləşir, o cümlədən sosial obyektlər inşa edilir”.

Bu sözlər təkcə memarlıq və abadlıq işlərinin deyil, sənaye istehsalının da yüksək ekoloji standartlara uyğunlaşdırıldığını göstərirdi. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri artıq keçmişdən fərqli olaraq, ekoloji filtrlərlə təchiz edilən texnologiyalar əsasında fəaliyyət göstərir. Tullantıların təkrar istifadəsi, hava emissiyalarının minimuma endirilməsi, Avropa standartlı təmizləyici qurğular şəhərin ekoloji yükünü minimuma endirib.

Urbanizasiya baxımından xüsusi qeyd olunmalı məqam isə yaşıllaşdırmanın miqyasıdır. Son onildə Sumqayıtda yaşıllıq sahəsi 513 min kvadratmetrdən 1 milyon 160 min kvadratmetrə yüksəlib, yəni təxminən iki dəfədən çox artıb. Yeni parkların salınması, bulvarın davamlı inkişafı şəhəri sadəcə yaşıl mühitə çevirmədi – həm də insanların sosial həyatına yeni dinamika gətirdi.

Bu dəyişimin siyasi qiyməti isə Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə icra başçıları ilə görüşündə səsləndirdiyi fikirlə öz təsdiqini tapdı:

 “Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir.”

Əgər keçmişdə Sumqayıt çirklənmə ilə anılırdısa, bu gün şəhər parklarla, bulvarla, ekoloji təmiz mühitlə, müasir sənaye ilə və sosial rifahla assosiasiya olunur.

Sumqayıtın əldə etdiyi nəticələr yalnız şəhərin görünüşünü dəyişmədi. Bu, Azərbaycan dövlətinin idarəetmə modelinin konkret sahədə — urbanizasiya və ekoloji siyasət sahəsində — əldə etdiyi uğurun nümunəsidir. Burada təkcə infrastruktur deyil, həm də idarəetmə keyfiyyəti, planlı strateji yanaşma, ardıcıl icra mexanizmi və siyasi iradə rol oynayıb.

Bu gün Sumqayıt müasir sənaye ilə ekoloji dayanıqlığın paralel inkişaf etdiyi, yaşıllıq və ictimai məkanların prioritetləndirildiyi, bulvar–park–sənaye mərkəzi üçbucağı əsasında qurulan urbanizasiya modelinə çevrilib. Prezident İlham Əliyevin sitatlarından da göründüyü kimi, bu dəyişimin hər mərhələsi dövlət rəhbərinin bilavasitə nəzarəti, şəxsi təşəbbüsləri və strateji yanaşması ilə həyata keçirilib.

Nəticə etibarilə Sumqayıt bu gün artıq köhnə imicini tam şəkildə geridə qoymuş, yeni inkişaf fəlsəfəsinin nümunəsi kimi formalaşmış, öz ekoloji modelini yaratmış və ölkənin gələcək urbanizasiya siyasəti üçün örnək olan şəhərə çevrilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər