Azərbaycan tarixində hər bir rayonun, hər bir şəhərin özünəməxsus yeri var. Lakin strateji mövqeyi, zəngin təbiəti, qədim tarixi abidələri və milli mübarizə yaddaşı ilə Laçın şəhəri xüsusi əhəmiyyət kəsb edir. 26 avqust – Laçın şəhəri günü Azərbaycanın mübarizə və dirçəliş yolunu simvolizə edir. Bu gün işğalın acı nəticələri, etnik təmizləmələr, dağıdılmış kəndlər, talan edilmiş mədəniyyət və təhsil ocaqları, həmçinin, Azərbaycanın yenilməz iradəsi və tarixi ədalətin bərpası ilə yaddaşlarda yaşayır.
Laçının tarixi XX əsrin əvvəllərinə dayanır. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə şəhər statusu verilərək Laçın adlandırılmış, 1930-cu ildə isə inzibati rayon yaradılmışdır. 1835 kvadrat kilometr ərazisi, 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivinə malik olan Laçın həm təbii, həm də strateji baxımdan Azərbaycanın ən mühüm bölgələrindən biri olmuşdur.
Lakin bu gözəl diyar 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində yüzlərlə hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü, on minlərlə insan didərgin salındı. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə tarixi abidə və iqtisadi obyekt məhv edildi. Ermənistan yalnız torpaqlarımızı işğal etməklə kifayətlənmədi, həm də Laçında coğrafi adları dəyişdirərək, təbii sərvətləri talan edərək, qanunsuz məskunlaşdırma siyasəti apararaq beynəlxalq hüququ kobud şəkildə pozdu.
Bu faciənin arxasında isə yalnız düşmən ölkənin işğalçılıq siyasəti deyil, həm də daxildə hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin məsuliyyətsizliyi dayanırdı. AXC-Müsavat cütlüyünün səriştəsizliyi və hakimiyyət hərisliyi nəticəsində Şuşa və Laçın demək olar ki, düşmənə təhvil verildi. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantının yaranmasına və sonrakı itkilərə yol açdı.
Amma Azərbaycan xalqı bu ədalətsizliyi heç vaxt qəbul etmədi. Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində Laçın 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində tam nəzarət bərpa edildi. Prezident İlham Əliyevin sərəncamı ilə 26 avqust rəsmi olaraq Laçın şəhəri günü elan edildi. Həmçinin, Laçının azadlığı uğrunda döyüşən 8418 Azərbaycan əsgəri və zabiti “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.
Laçının yeni inkişaf dövrü
Azərbaycan dövləti Laçının bərpasına xüsusi önəm verir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin təsviri varsa, bu gün bax, budur.”
Bu gün Laçında həyat sürətlə bərpa olunur.
- Enerji potensialı: Rayonda ümumilikdə 65,5 MVt gücə malik 9 su elektrik stansiyası fəaliyyət göstərir. Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Mirik və digər SES-lər istifadəyə verilib. Onların illik istehsalı milyonlarla kilovat-saat yaşıl enerji təşkil edir.
- Nəqliyyat infrastrukturu: 75,8 km uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolu, 17 tunel, 23 körpü ilə inşa olunur.
- Laçın Beynəlxalq Hava Limanı: 2025-ci il mayın 28-də istifadəyə verilən bu hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Regionun beynəlxalq statusunu gücləndirir, həm də turizm imkanlarını genişləndirir.
- Şəhərsalma və yaşayış: Laçında 1000-dən çox ev bərpa olunub və tikilib. Yeni məktəblər, bağçalar, xəstəxanalar, mədəniyyət və turizm obyektləri yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi tətbiq edilir.
- Sosial-iqtisadi inkişaf: “Laçın Aqro-Sənaye Parkı”nda 46 müəssisə yaradılacaq. Mebel fabriki, ayaqqabı istehsalı müəssisəsi, prefabrik evlərin istehsalı zavodu, balıqçılıq və heyvandarlıq təsərrüfatları fəaliyyət göstərir.
- Turizm və mədəniyyət: Zerti kəndində “Laçın İstirahət Kompleksi”, “Hoçazfilm” studiyası açılıb. 2025-ci ildə Laçın “MDB-nin mədəniyyət paytaxtı” elan edilib və beynəlxalq tədbirlərə ev sahibliyi edir.
- Kəndlərin bərpası: Zabux, Sus və Bəylik kəndlərində yeni evlər, məktəblər, bağçalar, icma mərkəzləri, parklar salınıb. Bütün bu layihələr “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir.
Bu günədək 571 ailə (2091 nəfər) Laçın şəhərinə, yüzlərlə ailə Zabux, Sus və Bəylik kəndlərinə köçürülüb. Köçürülənlər üçün müasir yaşayış və məşğulluq imkanları təmin olunub.
Laçının işğaldan azad olunması Azərbaycan tarixində dönüş nöqtəsidir. Bu, yalnız bir şəhərin azadlığı deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təntənəsidir. 26 avqust – Laçın şəhəri günü həm qəhrəmanlıq, həm də quruculuq rəmzidir.
Bu gün Laçın Azərbaycanın qüdrətinin, dövlət siyasətinin və xalqımızın qətiyyətinin bariz nümunəsidir. İşğalın dağıtdığı şəhər və kəndlər sürətlə bərpa olunur, enerji, nəqliyyat, sənaye və turizm sahələrində böyük layihələr həyata keçirilir. Laçın artıq təkcə Azərbaycanın deyil, bütün regionun inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.
Azərbaycan xalqı 30 illik həsrətə son qoyaraq öz doğma yurduna qayıdıb. Laçın bu gün yenidən dirçəlir, yeni həyat qazanır. 26 avqust – Laçın şəhəri günü artıq qələbə, zəfər və böyük gələcəyin bayramıdır.
Xavər Əhmədova, 33 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi” medallı
Müzakirə qapadılmışdır.