Prezidentdən Sumqayıtda dəstək: 10 milyon manat ayırdı

566

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, yeni sənaye müəssisələri yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənmiş, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, “Kimyaçılar” Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5,0 (beş) milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2016-cı il.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər