Prezidentin təşəbbüsü ilə yaradılan enerji layihələri bu gün qlobal əhəmiyyət kəsb edir – ŞƏRH

207

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi Azərbaycanın enerji potensialına və enerji layihələrinə olan beynəlxalq marağın və inamın artdığını göstərir. Yubiley tədbirində 30 ölkədən 200-dən çox şirkətin iştirakı, yeni iştirakçılar və milli pavilyonların yer alması Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir.

Bu platforma yalnız innovativ həllərin müzakirəsi və təqdimatı deyil, həm də məlumat və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır. Enerjinin gələcəyini formalaşdırmaq məqsədilə hökumətlər, qlobal şirkətlər və sənaye ekspertlərini bir araya gətirən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı və dövlətimizin başçısına ünvanlanan təbriklər Azərbaycanın enerji xəritəsindəki rolunun və enerji təhlükəsizliyinin təminindəki artan əhəmiyyətinin bariz göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, Bakı Enerji Həftəsi həm Azərbaycanın enerji sektoru, həm də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət daşıyır:

“1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atdı. İlk Xəzər Neft və Qaz Sərgisi də məhz həmin dövrdə, Azərbaycanın müasir enerji strategiyasının əsasını qoyan və tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin imzalandığı ərəfədə keçirildi. Azərbaycanın enerji strategiyasının uğurlarının əsasını isə iqtisadiyyatın şaxələndirilməsi təşkil edir. Dayanıqlı inkişaf üçün zəruri addımlar vaxtında atılıb. Ulu Öndərin əsasını qoyduğu milli enerji siyasəti ölkəmizin müstəqil iqtisadi dayaqlarının formalaşmasına və inkişafına xidmət edib. Bu isə Azərbaycanın müstəqil iradə nümayiş etdirməsini təmin edib.

O dövrdə bu cür strateji qərarların verilməsi böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Yenicə müstəqillik qazanan, daxili gərginliklərdən əziyyət çəkən, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizini itirmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünlə üzləşmiş bir ölkənin belə bir addımı atması tarixi nailiyyət idi. 1995-ci ildə isə ölkənin ilk Konstitusiyası qəbul edildi”.

“Bu gün neft və qazın ÜDM-də payı təqribən 30 faizdən çoxdur. Milli sərvətlərin ədalətli bölüşdürülməsi nəticəsində yoxsulluğun səviyyəsi azalıb. Güclü ordu quruculuğu nəticəsində ölkəmizin suverenliyi bərpa olunub. İnsan kapitalına və təhsilə yönələn investisiyalar gələcək rifahın əsas təminatıdır. Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilən Azərbaycan həm də regionun enerji xəritəsini yenidən formalaşdırır”, – deyə Tahir Mirkişili vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa edib: “Bu baxımdan, Cənub Qaz Dəhlizi – Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahillərinə qədər uzanan 3500 kilometrlik layihə – xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji gündəliyi əhəmiyyətli yer tutur. Neft və qazla zəngin olan ölkənin yaşıl enerji sahəsində xarici investorlarla birgə çalışması dövrün tələbidir. Enerji infrastrukturuna yatırılan sərmayələr Azərbaycanın praqmatik siyasətinə artan etimadın nəticəsidir. Vaxtilə ölkəmizin tranzit potensialını layiqincə qiymətləndirməyənlər bu gün yanıldıqlarını etiraf edirlər. COP29-un Sədri kimi Azərbaycan bu istiqamətdə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. COP29 çərçivəsində qəbul edilən qərarların “Bakı sıçrayışı” adlandırılması isə ölkəmizin enerji bazarındakı rolunun və məsuliyyətinin göstəricisidir”.

Tahir Mirkişili fikrinin sonunda bildirib ki, Azərbaycanın müasir və ədalətli enerji strategiyası yalnız ölkəmizin deyil, region ölkələrinin də iqtisadi inkişafına töhfə verir: “Açıq dənizə çıxışı olmayan Azərbaycan infrastruktur layihələrini uğurla həyata keçirərək tranzit imkanlarını genişləndirir. Enerji layihələrimiz region xalqları arasında körpü rolunu oynayır. Azərbaycan təkcə enerji istehsalı və nəqli ilə deyil, eyni zamanda, geosiyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf Azərbaycanın əsas prioritetlərindəndir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər