Prezidentin Xocalıdan verdiyi mühüm mesajlar – ədalətin təntənəsi və dövlət iradəsi

118

26 fevral 2026-cı il tarixdə Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında səsləndirdiyi fikirlər təkcə anım xarakteri daşımır, eyni zamanda Azərbaycan dövlətinin son onilliklərdə keçdiyi yolun siyasi-fəlsəfi ümumiləşdirilməsi kimi çıxış edir. Ölkə başçısı çıxışında Xocalı faciəsini yalnız tarixi yaddaş deyil, beynəlxalq hüquq və ədalət müstəvisində qiymətləndirərək, bu cinayətin məsuliyyətinin birbaşa Ermənistan dövlətinin üzərində olduğunu bir daha qətiyyətlə vurğuladı.
Dövlət başçısının çıxışında xüsusi yer tutan məqamlardan biri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən sistemli işlərin dəyərləndirilməsi oldu. Bu kontekstdə Heydər Əliyev Fondunun və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rolu ön plana çəkildi. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan bu mübarizənin nəticəsi olaraq artıq 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması Prezident tərəfindən mühüm siyasi nailiyyət kimi qiymətləndirildi.
Çıxışın əsas siyasi xəttini “ədaləti öz gücümüzlə təmin etdik” tezisi təşkil edirdi. Prezident İlham Əliyev Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünün, həm də suverenliyin tam bərpa olunduğunu qeyd edərək, Xocalı şəhərinin azad edilməsini tarixi ədalətin mühüm mərhələsi kimi təqdim etdi. Bu yanaşma Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində artıq passiv gözləyən deyil, təşəbbüskar və nəticəyaradan aktor olduğunu göstərir.
Xocalıda ucaldılan Memorial Kompleksin məhz bu torpaqda açılması Prezidentin çıxışında rəmzi-siyasi məna daşıyan əsas mesajlardan biri idi. Dövlət başçısı bu memorialın vaxtilə Bakıda inşa olunmasının nəzərdə tutulduğunu xatırladaraq, lakin qəti qərarın Xocalının azad olunacağına olan inamla ertələndiyini bildirdi. Bu fakt Azərbaycan siyasi iradəsinin strateji səbr və məqsədyönlülik üzərində qurulduğunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərə dair mühüm xəbərdarlıq da yer aldı. O, Vətən müharibəsindən sonra belə Ermənistanın və onun havadarlarının revanşist niyyətlərdən əl çəkmədiyini, lakin Azərbaycanın qətiyyətli mövqeyinin bu cəhdlərin qarşısını aldığını vurğuladı. “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək” ifadəsi Azərbaycan dövlətinin təhlükəsizlik və suverenlik məsələlərində kompromissiz mövqeyinin açıq bəyanı kimi səsləndi.
Xocalı Memorialının açılışı zamanı Xocalı sakinlərinin iştirakına xüsusi diqqət yetirən Prezident, onların 30 illik ağrıya baxmayaraq dövlətə və ədalətə olan inamlarını itirmədiklərini qeyd etdi. Bu məqam çıxışda xalq–dövlət–ordu birliyinin ideoloji əsaslarını daha da möhkəmləndirən mühüm xətt kimi önə çıxdı və Azərbaycan cəmiyyətinin mənəvi dayanıqlığını əks etdirdi.
Nəhayət, Prezident İlham Əliyev çıxışını gələcəyə yönələn strateji mesajla tamamladı: Azərbaycan heç vaxt günahsız mülki əhaliyə qarşı müharibə aparmayıb və aparmayacaq. Bu mövqe ölkəmizin beynəlxalq imicinin əsas sütunlarından biri kimi təqdim olundu. Xocalıdan verilən bu mesajlar göstərdi ki, Azərbaycan üçün sülh zəiflik deyil, güc və ədalət üzərində qurulmuş şüurlu seçimdir.

Mətanət Məhərrəmova, Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru, “Tərəqqi” medallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər