Müstəqillik dövründə ölkəmizdə siyasi və ictimai həyatda, əmək və ailə münasibətlərində qadın və kişilərə bərabər hüquq və imkanların yaradılması istiqamətində böyük uğurlar əldə edilmişdir. Məlumdur ki, qadın liderliyinin formalaşmasına və qadınların yüksək vəzifələrdə fəaliyyət göstərmələrinə ilk növbədə cəmiyyətdə iqtisadi inkişaf və demokratiyanın səviyyəsi təsir göstərir. Belə ki, ölkədə inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, həmin cəmiyyətdə qadınların fəaliyyəti də bir o qədər genişdir. Əlbəttə, cəmiyyətdə mövcud olan siyasi və mədəni ənənələr də buna təsir göstərir. Lakin bu sahədə əsas həlledici faktor qadınların hakimiyyət strukturlarında təmsilçiliyini təmin edən və qadın liderliyini formalaşdıran institusional amillərdir ki, bu amillər arasında qanunvericilik normaları mühüm yer tutur. Tədqiqatlar göstərir ki, hazırda Azərbaycanda hakimiyyət strukturlarında qadınların roluna xüsusi diqqət yetirilir, qərarların qəbul edilməsində onların iştirakı vacib hesab olunur.
Ulu öndər Heydər Əliyev modern Azərbaycan dövlətçiliyinin yeni modifikasiyasının banisidir. Ümummilli liderin strateji kursunun layiqli davamçısı, Prezident İlham Əliyev isə ölkəmizdə ictimai, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edən fundamental dəyişikliklərə nail olmuşdur. Cənab İlham Əliyev fenomeninin ən böyük özəlliyi ondadır ki, o, sadəcə Heydər Əliyevin strateji prinsiplərinin varisliyini təmin etməmiş, eyni zamanda bu prinsiplərə yaradıcı şəkildə, novatorcasına yanaşaraq müasir dövrün tələblərinə uyğun yeni məzmun vermişdir. Bunun nəticəsidir ki, son illərdə digər sahələrdə olduğu kimi, humanitar və mədəni sahələrdə də misilsiz nailiyyətlər əldə olunmuşdur. Bu nailiyyətlərinin qazanılmasında, ümumiyyətlə, strateji dəyişikliklərin həyata keçirilməsində Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri var.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təfsirində xeyriyyəçilik müstəqil dövlətimizdə mahiyyətcə sosiallaşmış siyasət aktıdır. O özü isə bu məqamı belə vurğulayır: “Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir”. Xeyriyyəçilik fenomeni haqqında bu mühakimələrində Mehriban xanım Azərbaycan dövlətçiliyinin əxlaqi normalarını və siyasi etikasını önə çıxarır. Həmçinin modernləşmə çağının mədəniyyətə və təhsilə tətbiqlə dəyərlərini təşviq edir və sosiallaşma elementlərini maddi nemətlərin bölgüsünə gətirir. Mehriban xanımın xeyriyyəçiliyə verdiyi təfsirdə ehtiva olunan məna və anlamlar onun praktiki fəaliyyətinin qayəsini təşkil edir.
2008-ci il sentyabrın 26-da keçirilmiş Azərbaycan qadınlarının III qurultayı ölkəmizdə qadın siyasətinin, o cümlədən gender bərabərliyinin təminatı sahəsində əldə olunmuş müvəffəqiyyətləri, habelə qadın hərəkatının vüsətini nümayiş etdirmək məqsədi daşıdığından, qurultaya bir sıra dövlətlərin və beynəlxalq qurumların nümayəndələri geniş heyətlə qatılmışdı. Birinci xanım qurultaydakı genişməzmunlu nitqində Azərbaycan qadınının nailiyyətlər və müvəffəqiyyətlər panoramını cızmaqla yanaşı, cəmiyyəti düşündürən sosial problemlərə də toxunmuşdu. O, bölgələrdə bəzi ailələrin qızlarına, hətta orta məktəbi bitirməyə belə icazə vermədiyini dözülməz fakt kimi səciyyələndirmiş, habelə son illərdə internat məktəblərində, uşaq evlərində uşaqların sayının artması ilə bağlı narahatlığını ifadə etmiş, Azərbaycan qadınlarının cəmiyyətin tamhüquqlu üzvü olaraq bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdirilməsi yolunda daha fəal olmağa, öz potensialını gerçəkləşdirməyə, öz sözünü deməyə çağırmışdı.
Mehriban Əliyeva beynəlxalq gündəmdə xüsusi aktuallıq kəsb edən terrorizm probleminə də xüsusi diqqət yetirir ki, bu da onun insan həyatına həssaslığından irəli gəlir. Hələ 2011-ci il sentyabrın 15-də Parisdə VII Beynəlxalq Terror Qurbanları Konqresində söylədiyi nitqində ölkəmizin birinci xanımı qeyd edirdi: “Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz hərbi təcavüz və xaricdən işğal ilə üzləşmişdir. Ölkəmizdə 30-dan artıq terror aktı törədilmiş və nəticədə, 2 mindən çox soydaşımız qətlə yetirilmişdir”.
Mehriban xanım Əliyeva beynəlxalq humanitar əməkdaşlıq sahəsində xidmətlərinə görə bir çox ölkələrin və beynəlxalq təşkilatların mükafat və diplomları ilə təltif olunmuşdur. Polşanın “Xidmətlərə görə Böyük Komandor Xalq Ordeni”, Fransanın “Şərəf Legionunun Zabiti” ordeni, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni, TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına, Krans-Montana Forumunun qızıl medalına və bir çox digər dövlətlərin ali mükafatlarına layiq görülmüşdür. Bu mükafatlar həm də Azərbaycan dövlətinin mədəniyyətlərarası əməkdaşlıq sahəsində göstərdiyi səylərə verilən yüksək qiymətin göstəricisidir.
Mədəniyyətlərarası dialoq bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biri olduğundan bu formatda təşkil olunan dialoqlar xalqların bir-birinə daha çox yaxınlaşmasına şərait yaradır. Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühit mövcuddur. Azərbaycanın birinci xanımı, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanımın qeyd etdiyi kimi, qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, provaslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir. Milli mədəniyyətimizin xaricdə tanınmasında onun başçılıq etdiyi Heydər Əliyev Fondu xüsusilə mühüm işlər həyata keçirir. Fond qadın hüquqlarının müdafiəsi ilə bağlı dövlət qurumları, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, qadın və uşaqların problemləri və onların həllinə dair silsilə tədbirlər həyata keçirir. “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində körpələr evləri, bağça və internat məktəbləri əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Diabetdən əziyyət çəkən uşaqlara qayğı”, “Təhsilə dəstək” kimi layihələr uşaqların və ümumilikdə ailələrin rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, filmlə nümayiş etdirilir, “Qarabağ həqiqətləri” adlı bukletlər və digər materiallar təqdim olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox dillərində Azərbaycan həqiqətlərini əks etdirən kitablarda Qarabağ məsələsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğalçılıq siyasəti, ermənilərin insanlığa qarşı yönəlmiş vəhşilikləri haqqında məlumatlar verilmişdir.
Birinci xanımın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri müxtəlif ölkələri, qitələri əhatə edir. Fond Strasburqda Kafedral Kilsəsinin, Versaldakı bəzi obyektlərin, Romadakı Kapitolini Muzeyinin “Filosoflar zalı”nın və digər tarixi abidələrin bərpasını maliyyələşdirib. Onun bu təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən təkcə müsəlman qadınının deyil, həm də müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına töhfəsi kimi qəbul edilir. Mehriban Əliyeva “Vatikan radiosu”na müsahibəsində müxbirin – “Müsəlman ölkəsi olan Azərbaycandakı Fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir?” sualına belə cavab vermişdir: “Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir”.
Mehriban xanımın üslubunun tərkib hissələri – rəftarda yumşaqlıq, dəlillərdə dəqiqlik Azərbaycan dövlətinin prinsipial məsələlərində qətiyyətli mövqe mədəni identikliyə istinad edən vəhdətdir. Bu vəhdət Azərbaycan dövlətinin xarakteristikasında keyfiyyət dəyişiklikləri perspektivlərini ehtiva edir. Məhz bu keyfiyyətlər 2017-ci ildə Mehriban xanım Əliyevanın dövlətin ikinci ali vəzifəsinə – Birinci Vitse-prezident vəzifəsinə irəli sürülməsində həlledici rol oynamışdır. Birinci vitse-prezident kimi cəmiyyətdə mövcud sosial problemləri həmişə diqqət mərkəzində saxlayıb, ölkədə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin vəziyyətinin yaxşılaşdırılmasına, problemlərinin həllinə, ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Onun təşəbbüsü ilə əhalinin həssas qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı layihələr icra edilir. “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi isə ölkəmizdə qadınlara qarşı ailədaxili və məişət zorakılığı, o cümlədən qızların erkən yaşda zorla ərə verilməsi hallarına qarşı mübarizə aparmağı, gender zorakılığının və erkən nikahların çox ağır nəticələrini insanlara izah edən ciddi maarifçilik işinin həyata keçirilməsini ehtiva edir. Mehriban xanım Əliyeva qadın siyasətinin müxtəlif məsələlərinə, o cümlədən gender bərabərliyinin həm de-yure, həm də de-fakto təmin edilməsinə dair çoxlu sayda tədbirin təşəbbüsçüsüdür. Məhz onun təşəbbüsü ilə 2010-cu ilin iyunun 22-də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun ilk növbədə qadınlara qarşı yönəlmiş zorakılıq aktlarının qarşısının alınması məqsədinə xidmət edir. Bu akt dövlətimizin sözügedən problemlə mübarizənin hüquqi-normativ əsaslarının yaradılması istiqamətində çoxillik səylərinə bir növ yekun vurdu.
ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə 2021-ci il fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakının yeni çağırışlara müvafiq olmasının vacibliyini vurğulamışdır: “Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır… Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, – bir əsrdən öncə, – sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür”. Mehriban xanım çıxışında ən vacib məsələ olan qızların, gənc xanımların ölkə həyatında iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasının vacibliyini qeyd etmişdir.
Qadın siyasi liderə xas bütün keyfiyyətləri özündə cəmləşdirən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri kimi siyasi fəaliyyəti, onun ölkəmizdə elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafında xidmətləri ciddi elmi əsaslara söykənir.
Sevda ƏLİYEVA,
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının professoru
Müzakirə qapadılmışdır.