Sevgilisini öldürən şəxsin məhkəməsində arvadı ifadə verdi
Bakıda ata və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, öldürdüyü qadınla sevgili olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin rəsmi nikahda olduğu xanımı Maral Hacıyeva şahid qismində ifadə verib.
Şahid bildirib ki, S.Hacıyevin mərhum xanımla münasibətlərini son illərdə bilib.
“Qətlə yetirilən xanım gecə saat 3-də də zəng edirdi. Mən də narahat olurdum. Qadın zəng eləyən zaman Sahib sanki zövq alırdı. Sahib həmin qadını saxlayırdı”- deyə şahid söyləyib.
M.Hacıyeva ifadəsində bildirib ki, təqsirləndirilən şəxslə hazırda rəsmi nikahları pozulmayıb: “Sahiblə hadisədən əvvəl də bir yerdə yaşayırdıq. Onun qanuni həyat yoldaşıyam”.
Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.
Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiqabad qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
S.Hacıyev əvvəlcə mərhumları maşınla vurub daha sonra isə onları bıçaqlayıb. S.Hacıyev qətli qısqanclıq zəminində törədib. O, S.Hacıyevlə sevgili olub. Onun ailəli olduğu üzə çıxandan sonra mərhum Samirə Əsdova ilə münasibətləri pozulub.
Qeyd edək ki, Sahib Hacıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (iki və daha artıq şəxsi öldürmə) maddələri ilə ittiham edilir. S.Hacıyevi 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
İlkin Muradov
Musavat.com
Müzakirə qapadılmışdır.