Qadından kişilərə xəyanət örnəyi

1502

Vüsalə Məmmədova yazır…

Jurnalist həmkarım zəng elədi:

– Köməyin lazımdı.

– Buyur.

– Əlimdə bir xəbər yazıram, başlıq qoya bilmirəm. Qadın ərinə xəyanət edəndən sonra gedib intihar eləyib. Başlıq necə olsa yaxşıdı?

– Qadından kişilərə örnək olacaq xəyanət!

– Olmadı, bir az yumşalt…

– Qadın kişilərə xəyanətin qaydalarını öyrətdi!

– Yaxşı görək də, intihar xəyanətin qaydası deyil axı. Xəyanət edib, sonra heç nə olmayıbmiş kimi rahatca yaşamaq da mümkündür…

– Amma kim üçünsə ölməkdənsə hamı üçün ölməyi seçib. Məncə pis mesaj deyil. Xəyanətdə davam üçün ayaq yeri saxlamaq olmaz. Xəyanəti mütləq tamamlamaq lazımdır. Qadın da ən uğurlu sonu göstərib. Kimsənin gözündə ölməmiş, diri ikən öl! Bu ölüm daha ağrısızdır…

– İndi deyirsən kişilər də hər xəyanətdən sonra gedib intihar eləsinlər?

– Niyə kişilər? Xəyanəti təkcə kişilər etmir ki…

– Yaxşı, ümumiyyətlə…

– Xəyanətini bildikcə sənin üçün hər gün bir az ölür. Böyük sevgilər can verəndə Allah da əziyyət çəkir. Ümumiyyətlə, xəyanətsiz olmaz?

– (Gülür) Olmur axı…

– Yaxşı, onda hər xəyanətdə elə bu an, hardasa onun da sənə xəyanət etdiyini düşün…

– Nə danışırsan? Adam dəli olar e…

– Niyə? Xəyanət edən hər bir insan, ikiqat xəyanətə uğradığını bilməli… və buna hazır olmalı…

– Məsələyə qadın kimi yanaşma, xəyanət elə də böyük günah deyil…

– Sadəcə bumeranqdır, adamın özünə qayıdır…

P.S. Xəyanət doğrudan da günah deyil, sadəcə səadət aşınıza qatdığınız ədviyyatdır. Xəyanət etməzdən öncə onu ağzınıza qoyub, çeynəyib, udub, həzm etməyi öyrənmək gərək… Çünki bir gün mütləq öz qaşığınıza çıxacaq…

kulis.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər