20 Yanvar faciəsi Azərbaycan tarixinin ən ağrılı və eyni zamanda qəhrəmanlıq səhifələrindən biridir. Bu faciə xalqımızın azadlıq mübarizəsinin zirvəsi olmaqla yanaşı, milli oyanışımızın və müstəqilliyə gedən yolun dönüş nöqtəsi oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya və digər rayonlara hərbi müdaxiləsi nəticəsində günahsız dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədildi. Bu qanlı hadisə xalqımızın müstəqillik əzmini sındıra bilmədi, əksinə onu daha da gücləndirdi.
1990-cı il yanvar faciəsinə gedən yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi xalqımıza qarşı dəhşətli cinayət törətdi.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi.
“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən Türkan-Qala tərəfdən şəhərə yeridildi. Əhali fövqəladə vəziyyət barədə xəbərdar edilmədi. Yalnız kütləvi insan qırğını törədildikdən sonra – yanvar 20-də səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi.
Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.
Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü – yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində faciəyə tam siyasi-hüquqi qiymət verildi.
Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. 2006-cı ildə imzaladığı Fərmanla şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd təsis edilib. Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb, “20 Yanvar” dairəsində memorial abidə kompleksi ucaldılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 yanvar şəhidlərinin ailələrinə və əlilliyi olanlara 143 mənzil, 100-ə yaxın avtomobil təqdim edilib. Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2023-cü ildən 600 manata çatdırılıb. Əlilliyi olan şəxslər üçün müxtəlif dərəcələr üzrə təqaüdlər artırılaraq 150-500 manat arasında müəyyən edilib.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Bəli, qanlı yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına güclü təsir göstərib. Bu hadisə dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu və onlar ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə birləşməyə başladılar.
Bir sözlə, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunan 20 Yanvar hadisəsi təkcə böyük faciə deyil, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Təbrik Quliyev,
Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri,
Prezidentin fərdi təqaüdçüsü
Müzakirə qapadılmışdır.