Problemlər vaxtında həll edilmədikdə sosial partlayış olur. Necə ki, bu günlərdə yağan qarın fonunda şəhərimizdə yaşanan problemlər insanlarda haqlı narazılıqlar yaratdı…
Sosial şəbəkələrdəki sumqayıtlılar qarlı havanın sevincini paylaşmaq əvəzinə sosial problemləri paylaşdı, insanlar məmurlara deyə bilmədiklərini sosial şəbəkələr vasitəsi ilə paylaşıb, əsəblərini sakitləşdirməyə çalışdılar. Bir sözlə sumqayıtlılar qarın sevincini yaşaya bilmədilər…
Bir neçə gündür şəhərdə müşahidə etdiklərimi qeyd etmək istərdim. Qar yağan ilk gündə heç bir tədbir görülmədi. Hansı ki, ilk gündə yollara qum və duz səpilə bilərdi. Səpilmədi. Nəticədə yollar daha da buz bağladı və problem üzərinə problem yığıldı.
Artıq bir neçə gündür ki, şəhərin əsas küçələrindən biri olan sülh küçəsində qarın təmizlənməsi prosesi gedir. Sevindik ki, heç olmasa gec də olsa yollar təmizlənər, başqa küçələrə də keçərlər… Keçmədilər. Artıq bir neçə gündür ki, eyni küçədə təmizləmə işləri aparılır, şəhərin əsas hissəsi isə hələ də bərbad olaraq qalır.
Balaca bir qəsəbə olan Sarayda yollar tamamilə qardan təmizlənsə də ölkənin üçüncü böyük şəhəri olan Sumqayıtın yollarında vəziyyət acınacaqlı olaraq qalır.
“Jek”lərin ərazilərə çıxartdığı qar təmizləyənlərə, 60-70 yaşlı qoca qadınlara baxanda isə adam daha da xəcalət çəkirdi. Az qala yarım milyon əhalisi olan bu boyda şəhərdə qar təmizləməyə adam tapılmadı ki, ahıl insanları küçələrə töküb qar təmizlədirlər?!
Soyuqda dona-dona əlində lapatka qar təmizləyən ahıl insanlara baxıb heç utanmadınız? Bəs aldığınız texnikalar hardadır? Əgər belə günlərdə bu texnikalardan yararlanmayacaqsınızsa bu bizim nəyimizə lazımdır? Bu gün şəhər sakinlərindən biri saytımıza şikayət məktubu göndərmişdi. Məktubda qeyd edirdi ki, qar təmizləyən texnikalar təzə gəlinin cehizləri kimi anbarlarda saxlanılır…Tamamilə doğru düşünür!
Bəzi məmurlar qulluqçu olduğunu unudur! Unudur ki, o dövlət qulluqçusudur və xalqa qulluq etməlidir, daha qarlı havada isti otaqda oturub xingəl yeməməlidir!
Yarıtmaz məmurlar anlamalıdırlar ki, şəhər sakinləri buzun üzərində sürüşüb yıxıldıqları kimi bir gün onlar da oturduqları kreslodan sürüşüb düşəcəklər…
Müzakirə qapadılmışdır.