Qara xəbərin sonuncusu: “Dördüncü oğlun da şəhid oldu...” 

1503
I YAZI

Sağollaşıb, bayıra çıxırıq. Mənimlə birgə olan APA-nın Qarabağ bürosunun əməkdaşları Habil və Ziyaya ilk dediklərim isə bu oldu: “Qaqa, biz bu müharibəni udacağıq”.

Habilin maraqla mənə baxdığını anındaca hiss etdim:

– Heç bir hərbi təhsili olmayan adamların nələr etdiklərini eşitdin? Heç bir hərbi hazırlığı olmayan birisinin 100 dəfədən çox erməni arxasına keçib yaxşı mənada nə hoqqalardan çıxdığına qulaq asdın? İnanılmazdı, amma olub axı. Demək, bu millətdə bu potensial var da…

Habil dinməzcə maşınını sürdü…

***

Hər şey jurnalist həmkarımız Asif Mərzilinin bir Facebook statusundan başladı: “Ağdamdan İmran kişinin 40 mərasimindən qayıdıram. 5 oğlu Qarabağda vuruşmuş, 3 oğlu şəhid olmuş İmran Əliyevin”. Və ardınca da qısaca qeydlər.

Dərhal özünə yazdım. Cavabı gəldi:

– Sən mütləq o ailəyə get. Onlardan yazı hazırla. Heyrətamiz həyat hekayəsi var bu ailənin…

***

Quzanlıda bizi şair-publisist Yusif Millətoğlu qarşıladı. İmran Əliyev və onun oğlanları barədə “Beş qardaşın nağılı” kitabının müəllifi. Beş qardaşdan dördüncüsü Zahidgilə gedirik…

Zəruri qeyd: Bir qədər irəli gedib, bunu mütləq qeyd etməliyəm. Adam, sözün həqiqi mənasında, bir əfsanədir. Cəbhəyə adi döyüşçü kimi yollanasan, qısa bir zamanda peşəkar kəşfiyyatçıya çevriləsən, düşmən arxasında onlarla diversiya həyata keçirəsən… amma təvazökarlıqla susasan, illər boyu danışmayasan və nəhayət, “müharibəydi, borcumuz idi, nə bacarırdıq etdik” – deyəsən.

– Ailədə 8 uşaq olmuşuq. 5 qardaş, 3 bacı. Atamız fəhlə olub. Bizi halal zəhmətiylə böyüdüb. Qarabağ münaqişəsi başlayanda bizim Mərzili kəndinə də təhlükə yaranmışdı. Vəziyyət gərginləşəndə qardaşım Tahir kənddə ilk özünümüdafiə dəstəsini yaratdı. 3 qardaşım həmin dəstəyə yazıldı. Sonra isə bu dəstə Şirin Mirzəyevin batalyonunun tərkibinə keçdi.

Zahid deyir ki, ilk günlər nəinki avtomat, adi ov tüfəngi belə tapılmırmış. Az qala yabayla, kürəklə çıxırmışlar posta. Təki kəndə girən olmasın…

Bir müddət sonra çilingər işləyən Tahir əldəqayırma bir tapança düzəldir özünə. Uşaqlıq dostu Yusifə deyir ilk dəfə bunu. Yusif müəllim deyir ki, gözlərimə inanmadım. Heç nədən silah düzəltmişdi.

– Tahir çilingər idi. Dəmirdən nə istəsə, maşın detalı belə düzəldirdi. Bu o illər idi ki, düşmən fəallaşmış, bizim əhali də əliyalın. Ov tüfənglərini də əhalidən zorla yığırdılar. Tahir silah düzəltdiyini mənə deyəndə inanmadım. Dedim, bilirsənmi, bu, texniki cəhətdən mürəkkəb işdir. Sənin özünə zərər vura bilər? Dedi, al at. Əvvəlcə özü atdı. İçinə də tir patronu qoymuşdu. Sonra da mən atdım. Heyrətə gəldim ki, bu adam bunu necə düzəldib?

Yeri gəlmişkən, o vaxtlar Ağdamda ilk avtomat da Tahirdə olub. Bilirsiniz, avtomatı  haradan alıbmış? Yox, rus ordusundan-filandan yox. Elə həmin avtomat da əldəqayırma imiş. Bir dostu düzəldibmiş. Əsil avtomat. Amma bircə çatışmazlığı varmış. Tək-tək atırmış. Məhz bu əldəqayırma silahlarla postlara çıxırmış Tahir və dəstəsi.

Zahid danışır ki, bir dəfə posta gedən uşaqlara tir tüfəngləri verir. Sən demə, tüfənglər xarab imiş. Atmırmış.

– Təsəvvür edin, uşaqlar bir sutka posta qalırlar, əllərindəki tüfəngin vəziyyətindən xəbərləri yox. Sonradan Tahir bunu etiraf edəndə, hamısı uğunub gedibmiş gülməkdən. Tahir də qayıdıb deyib ki, əsas ruhdur, erməniylə silahsız da döyüşmək olar.

Həmin dövrlərdə nəinki ov tüfənglərini, Ağdam bazarında satılan bıçaqları və kabab şişlərini belə yığmışdılar. O zaman indiki Xocavənd rayonunun Muğanlı kəndində bir “tokar Saday” vardı. Əlləri qızıl idi. İlk avtomatı da o düzəlmişdi Tahirə. Kustar üsulla özü də. Sonralar topçuluq etmişdi, “topçu Saday” da deyirlər ona.

Tahir Mili Qəhrəman Şirin Mirzəyevin ən çox etibar etdiyi şəxslərdən olub. Onu Mərzili rotasına komandir təyin etmişdi. Mərhum komandir ona o qədər inanırmış ki, ən ağır döyüşlərdə belə Tahirin onun yanında olmasını istəyirmiş.

Amma Tahir təkcə Mərzili istiqamətində cavabdeh deyildi. Mirzəyevin bir əmri bəs imiş ki, Tahir bu və ya digər istiqamətlərdə əməliyyatlara qoşulsun. Bir kəşfiyyatçı kimi isə onun əvəzi yox imiş. Məsələn, bir dəfə ermənilər Mərzilidən bir çobanı əsir götürüblər. Tahir və qrupu gecə Norşen kəndinə gedərək, 6 erməni yaraqlısını əsir gətirmişdilər.

***

Şirin Mirzəyevin Sırxavənd yaxınlığında minaya düşüb həlak olması Tahiri bərk sarsıdır. Xüsusən də ona görə ki, Abdal-Gülablı uğrunda gedən döyüşlərdə Tahir və rotasının köməyinə məhz Mirzəyev özü köməyə gəlmişdi. O kömək olmasaydı, az qala ikinci Xocalı faciəsi yaşanacaqdı bu kənddə. Həmin döyüşdə isə Tahir şəxsən ermənilərin bir BTR-ni sıradan çıxarır, onun pulemyotunu götürür. Və ömrünün sonunacan da bu pulemyotla vuruşur.

Tahir ən böyük mənəvi zərbəni Xocalı hadisəsi zamanı alır. Fevralın 27-də Tahirin rotası döyüşə-döyüşə Əsgərana girir. 20 nəfər Xocalı sakinin xilas edir.

Zahid deyir ki, həmin ərəfədə böyük qardaşları Zakir də Dəhraz kəndinin meşələrində 15 Xocalı sakinin xilas etmişdi.

– Zakir bir müddət erməni kəndi Norşendə sürücü işləmişdi. Erməni dilini mükəmməl bilirdi. Həmin ərəfədə kəşfiyyat əməliyyatlarının əksəriyyəti Zakirsiz keçmirdi. Zakirin son döyüşü isə 1992-ci ilin mayın 8-də oldu. Həmin vaxt Qızılqaya postunda olub. Gecə postları yoxlayarkən erməni diversantlarıyla üzləşib. Qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olmuşdu.

Taleyin işinə baxın, həmin saatlarda qardaşı Tahir də Abdal-Gülablı istiqamətində döyüşdə olub. Erməni hücumunu dəf etməklə yanaşı, iki yaraqlını da əsir götürüb. Zakirin qisasını almaq üçün sonradan erməni quldurlarının birini onun həyat yoldaşı Gülzar şəxsən güllələyir.

***

Zahid deyir ki, ermənilər Tahiri qarabaqara izləyirmiş. Ratsiya ilə hədə-qorxu gəlir, hədələyirdilər.

– Bir gün atam da Tahiri yanına çağırıb dedi ki, ehtiyatlı ol, onlar sənin başına pul qoyublar. Atam məni çağırıb dedi ki, mən sizi döyüşə göndərdiyimə görə qəti peşman deyiləm, amma Tahir səni eşidir. Ona de ki, ölüm hamı üçündür, çalışsın ələ keçməsin.

Tahirin son döyüşü sentyabrın 4-də olur. Onun rotası Haçadağ yüksəkliyində postda dururdu. Bu vaxt xəbər gəlir ki, ermənilər iki istiqamətdən Abdal-Gülablıya daxil olur. Tahir təcili ora yola düşür. Elə yoldaykən ratsiya ilə xəbər gəlir ki, ermənilər Haçadağdakı postları mühasirəyə alıblar. Tahir deyir ki, postu tərk etməyin, gəlirəm. Təkbaşına UAZ markalı maşına minir. Əlində də qənimət götürdüyü həmin pulemyot.  Sürətlə və bir əliylə də atəş aça-aça döyüşçülərinin xilasına çalışır. Onları mühasirədən çıxarır. Özü isə ağır yaralanır.

– Hamı deyirdi ki, Zahid, Tahirin bir qolu, ayağı olmasa belə o, bir gün gəlib çıxacaq. Düz 25 ildir gözləyirik, inanıram ki, gəlib çıxacaq.

İmran kişiyə oğlunun yaralı halda girov götürüldüyünü deyirlər. Tövrünü pozmur, “Vətən sağ olsun” deyir. Bir gün, vur-tut bircə gün sonra isə ata başqa bir dəhşətli xəbəri alacaqdı. Bir oğlu Sabir də elə Mərziliyə erməni hücumu zamanı döyüşlərdə qəhrəmanlıqla həlak olub.

Daha sonra qəzetlərdə “İmran kişinin dördüncü oğlu da şəhid oldu” başlıqlı yazı çıxacaqdı. Amma…

Amma gəlin tələsməyək. Dördüncü oğula qayıdacağıq. Bir həmlədəcə 80 ermənini məhv edən oğula. Və həm də o faktlara ki, bütün bunlar yaxın tariximizin gizli sirləridir…

– 25 il gizli qalan gündəlikdə nələr yazılıb?

– Tahirin maşında tapılan qiymətli şey nə idi?

– Novruzlu əməliyyatında nələr baş vermişdi?

Döyüş tariximizin heç yerdə oxumayacağınız sirləri. Lent.az-da qalın…

Səbuhi Məmmədli, Ağdam

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər