Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Artıq üç ildir Azərbaycanımızın cənnətməkan, dilbər guşəsi sayılan Ağdamımızda üçrəngli bayrağımız dalğalanır. Ağdamın Zəfər gününü böyük sevinc və qürur hissi ilə qeyd edirik.
Xatırladaq ki, Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. İlk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
Təəssüf ki, Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmiş və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınmışdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
Prezident İlham Əliyev vurğulamışdır ki, “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Dövlətimizin başçısı azad olunmuş Ağdama indiyədək beş dəfə səfər etmiş və reallaşdırılan yeni infrastruktur layihələr reallaşdırılmışdlr. Belə ki, 23 noyabr 2020-ci ildə Ağdam şəhərində Dövlət Bayrağımızı ucaltmış, dağıdılmış Ağdam Cümə məscidini ziyarət etmişdir. İkinci səfər isə 2021-ci il, 28 May Müstəqillik Gününə təsadüf etmişdir. Bu səfər zamanı Prezidentin iştirakı ilə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının və Ağdam şəhərinin bərpasının təməl daşı qoyulmuşdur. İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkdi, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olmuşdur, Zəfər Muzeyi və açıq havada İşğal Muzeyinin layihəsi ilə maraqlanmışdır, Qiyaslı məscidində, Şahbulaq qalasında olmuşdur. Ağdamın Baş planı təqdim edilmişdir. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Ölkə rəhbəri ötən il 13 fevral səfəri zamanı Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, Yeni yaşayış kompleksinin təməlini qoymuş, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmuş, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlini qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, həmçinin Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi ilə tanış olmuşdur. Keçən il oktyabrında 4-də Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə maraqlanmış, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməlini qoymuşdur. Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanış olmuşdur. Xurşidbanu Natəvanın abidəsinin açılışını etmişdir. Növbəti yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin təməl daşını qoymuşdur. Cari il oktyabrın 15-də isə Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olmuşdur.
Bir sözlə, bu gün böyük quruculuq meydanına Ağdamda görülən işlər ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Çünki cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur bölgəsində reallaşdırdığı bütün layihələri heç bir beynəlxalq təşkilatdan, dövlətdən maddi yardım almadan Azərbaycanın yalnız öz iqtisadi imkanları hesabına həyata keçirir.
Əntiqə Rzayeva,
Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin direktoru
Müzakirə qapadılmışdır.