“Qartal” ləqəbli xüsusi təyinatlının xanımı: “Beş nəfər irəli gedərək 78 ermənini məhv ediblər” – FOTO

942

“Sentyabrın 26-sı səhər saat 5-də evdən çıxdı, müharibənin ilk günlərindən ön cəbhədə olub. Fürsət olduqca zəng edib uşaqlarını soruşardı. İş barəsində çox sərt insan idi, bir kəlmə belə danışmazdı. Bir kəlmə uşaqlarını soruşardı, “hər şey yaxşıdı”, “narahat olmayın” deyib, sağollaşardı. Beş uşağın gözü hələ də yollarda qalıb, bəlkə ata gələr deyə…”

Bu sözləri Azərbaycan ordusunun qəhrəman şəhidi polkovnik-leytenant Ramiz Cəfərov haqqında həyat yoldaşı Sitarə Cəfərova deyib. Həyat yoldaşının peşəkar hərbçi olduğunu deyən Sitarə xanım, heç vaxt düşünməzdi ki, bir gün Ramiz Cəfərovun şəhid xəbərini ala bilər.

Cəfərov Ramiz Sübhan oğlu 1974-cü il dekabrın 10-da Makeevka şəhərində anadan olub. 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

1992-1996-cı illərdə V.F.Marqelov adına “Suvorov” ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini təmiz bilən polkovnik-leytenant Ramiz Cəfərov 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda baş tutan NATO-nun “Əməliyyat heyəti zabitləri” kursunda iştirak edib.

Oxu.Az-ın əməkdaşı şəhid Polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova ilə əlaqə saxlayıb. S.Cəfərova həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb.

O bildirib ki, R.Cəfərov Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində rəis müavini kimi çalışıb:

“Ramiz çox mərd, cəsur insan idi. İllərdir özünü işinə həsr etmişdi. Hərbi onun üçün hər şey idi. O, bu günə qədər Vətənə qüsursuz xidmətlərinə görə dəfələrlə təltif edilib. “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı ilə, “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları alıb. Hər zaman ən çətin mövqelərdə xidmət aparıb.

Şuşada xidmət aparan zaman onların mövqeləndiyi yer düşmən tərəfindən top mərmisi ilə vurulub. Ramiz və silah yoldaşları şəhid olub. Onlar noyabrın 6-da şəhid olsa da nəşlərini götürmək mümkün olmayıb. Ayın 9-na qədər qızğın döyüşlərə görə yüksəkliyə qalxmaq mümkün olmayıb. Şəhidlərin nəşləri ayın 9-na qədər gizlədilib. Nəhayət noyabrın 9-da hərbçi yoldaşları şəhidləri yüksəklikdən endirə biliblər”.

Hərbçilər öz aralarında onu “Qartal” deyə çağırıblar…

45 yaşında ən ali zirvəyə, şəhidlik zirvəsinə ucalan şəhid polkovnik-leytenant Ramiz Cəfərov üçün övladları ayrı bir dünya olub. Beş uşaq atası olan qəhrəmanımız son nəfəsinə qədər uşaqlarını düşünüb:

“Həyat yoldaşım çox gözəl ailə başçısı, qayğıkeş ata olub. Beş övladımız var. Dörd qız bir oğlan atası idi. Böyük qızı nişanlı idi, artıq ailə qurdu. Təəssüf ki, o qızının xoş gününü görməyib. Ramiz əsgərlərinə də övladları qədər ürəkdən yanırdı. Silah yoldaşları onun haqqında o qədər qürurla danışır ki, hələ də inanmırıq ki şəhid olub. Hər kəs onu tanıyırdı, hərbçilər onu “Qartal” deyə çağırırdılar. O qədər peşəkar idi ki, düşünmürdüm ki, nə zamansa belə bir gün gələr. Bundan əvvəl də döyüşlərdə olub, döyüş tapşırıqlarını uğurla başa vurub, sağ-salamat qayıdıb”.

“Beş nəfərə 78 erməni hərbçisi məhv ediblər”…

R.Cəfərov və silahdaşları Şuşada əlbəyaxa döyüşlərdə iştirak ediblər. Həyat yoldaşı deyir ki, R.Cəfərovun hərbçi yoldaşlarından çox adam əlbəyaxa mübarizədə şəhid olub:

“Son olaraq Ramizlər oktybarın 31-də danışmışdıq. Hər şey yaxşıdır dedi, torpaqları alıb qayıdacağıq. Amma bu dəfə qayıtmadı. Ramizdən sonra Sumqayıtdan olan daha bir hərbçi Niftəliyev Mehrab şəhid olub. Onlar ayrı-ayrı zamanlarda şəhid olsalar da, eyni gündə noyabrın 11-də dəfn ediliblər. Silah yoldaşları da çox şey danışmır. Hərbi sirləri, müharibə zamanı baş verənləri bölüşmürlər. Amma bir dəfə söhbət edəndə Ramizin şücaətindən, qorxmazlığından danışıldı. Söhbət əsnasında məlum oldu ki, Ramiz və daha dörd nəfər hərbçi irəli gedərək 78 ermənini məhv ediblər”.

“Formasının cibindən çıxan qırmızı sarğı və 116 manat pul olub…”

Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun hərbi forması muzeyə verilib. Qəhrəmanımızın üzərindən çıxan son əşyalar isə ailəsinə təhvil verilib:

“Yaralandığında forması çox yararsız hala düşmüşdü. Onu mənə vermədilər. Hərbi hissədə qalan digər formasını gətirdilər onun cibindən isə qırmızı sarğı və 116 manat pul çıxdı. Ondan qalan sadəcə bunlar oldu… Beş uşağını qoyub Vətən yolunda canından keçdi. Övladları Vətənə yadigardı, kaş özü yanımızda olardı. Noyabrın 11-də bir il tamam olacaq ki, o yoxdur”.

Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, II Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramiz Cəfərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Könül Cəfərli

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər