Qazaxıstan-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

475

Türk dövlətləri arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Son 20 ildə ümumtürk birliyinin möhkəmləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Türk dövlətləri arasında Qazaxıstanla əlaqələr mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Qazaxıstan liderləri arasında sıx əlaqələr ölkələr arasında ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da möhkəmlənməsinə xidmət edir.

Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi iki ölkə arasındakı əlaqələrin inkişaf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. Qeyd edək ki, ötən il Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, həmçinin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” imzalanmışdır.

Sözsüz ki, bu sənədlər, ikitərəfli münasibətlərin gələcək inkişafında öz sözünü deyəcək. Hər bir sənəd əlaqələrin inkişafında yeni istiqamət, ən əsası hüquqi bazadır. Sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası fonunda münasibətlərin inkişaf coğrafiyası daha da genişlənir. Hazırda iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsinin təsadüfi olmadığına diqqət çəkdi: “Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir… Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”.

Diqqətə çatdırılıb ki, bu dostluğu, qardaşlığı, müttəfiqliyi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də görürük. Dost ölkə tərəfindən Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilir. Bu mühüm addım xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq.

Prezident İlham Əliyevin Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxış edərək Ulu Öndərin fəaliyyətinə diqqət çəkərək qeyd etdi ki, hər bir azərbaycanlı üçün onun adı çox əzizdir: “Ulu Öndər müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi”

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə üçün tarixi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır. İnanırıq ki, Azərbaycanla Qazaxıstan arasında baş tutan tarixi görüş, imzalanan sənədlər, anlaşma memorandumları və atılan digər addımlar iki ölkənin simasında bütövlükdə Türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək, o cümlədən bu ölkələrin beynəlxalq aləmdə nüfuzunun qorunub saxlanılmasını təmin edəcək.

Əminəxatun Tərlan, Sumqayıt Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər