Millət vəkili, yazıçı İmamverdi İsmayılovun “Qafqazinfo”da dərc olunan “Qəlbimizin qəlbisi” adlı yazısını oxucularımıza təqdim edirik:
Yolumuz – qibləmiz Şuşayadır…
Maşınımız da, bizim kimi, Şuşanın eşqinə, şövqlə, coşquyla nərildəyir, yolu-irizi kəmənd eləyib belinə bağlayır ki, birdən dumanın-çənin içindəcə səsi boğula, təntiyə bilər…
Oğlum deyir ki, qalxdıqca çiskin lap çoxalır, elə bilirsən göylər, göy üzü yerə, dağa-dərəyə tərəf enib gəlir.
Təbəssümlə dönüb, ucsuz-bucaqsız Qarabağ çöllərinə, bərəkətli torpaqlara, yol-yamaca, ballı-bəhrəli yurd yerlərinə, öz insanı, öz balası üçün darıxan zəmilərə, tarlalara, dağlara, meşələrə pərçimlənmiş nurlu yollara baxıram, ürəyimdəcə “Yox” deyirəm oğluma, – bizi gətirən yollar dırmaşır dağlara, başı dumanlı-çənli yurdlara və biz də elə bu duman-çənin alaşıq-dolaşıq ətəyindən tutub bir xoş ümidlə gedirik…
Qəlbimizin qibləsi – Şuşaya!
… Amma, heç nə demirəm, gözləri yol çəkən oğluma baxıram və fikirləşirəm ki, düşüncələrimiz eynidir, elə bil ki, azad Şuşanın göyləri bizə qucaq açıb, səxavətlə aşağı enib gəlir, biz də qol qaldırıb, ucalar ucası Şuşaya qalxıb ziyarətə gedirik…
Nə gözəl!
Dolanbac yollarda sevinc və həsrət bir-birinə qarışır, qəlbimizdə diləgəlməz xoş ovqat yaradır. Bu, göylərə bülənd olan Şuşamıza – qədim və müqəddəs şəhərimizə ikinci gedişimdir və yenə də həmin yolla gedirik.
Yolumuzu qəsdən buradan – Qırmızı Bazar tərəfdən salmışam ki, əvvəlki həsrətimə, duyğularıma son qoyulsun, ötən səfərimdən yadımda qalan fərqləri görə bilim… Və nə yaxşı da ki, belə etdik.
Birinci dəfə – onda Şuşa yenicə azad olmuşdu, yol-iriz indilərdə özünə gəlib nəfəs alırdı, təzə-təzə quruculuq işləri başlamışdı və cənab Prezidentimizin, hörmətli Mehriban xanımın xeyir-duası ilə “Xarı Bülbül” festivalının ilk tədbirinə qatılırdıq…
Elə o vaxtlar, o qəsəbənin həndəvərindəcə, rus əsgərləri maşın karvanımızı saxladıb, çox gözlətdilər ki, bəs nədi-nədi, sülhməramlıların komandiri (?!) gəlməlidi, sənədlərimiz birər-birər yoxlanmalıdır, icazə veriləndən sonra (?!) yolumuza davam edib, öz dədə-baba yurdlarımıza gedə bilərdik.
Nəsə…
Sözüm onda deyil…
O vaxtlar, Şuşanın ətəyi, dərələr boyunca dədə-baba yurdlarımıza bit-birə kimi darışmış ermənilər yol boyu bizə, azad yurdun qalib sakinlərinə necə həsrət və həsədlə baxırdılar.
Qara-qartıq, qoca-qarı, baxışları sozalan, boyunları bükülmüş, əlləri hər yerdən üzülmüş, üz-gözləri saralıb ərpimiş ermənilər…
Şamları sönmüş çıraq kimi…
Və hamımız bir ağızdan “Bunlar hələ buralardan rədd olub getməyiblər?!”, – deyə gülüşürdük.
İndisə… dünya, kainat, ayağımız altında yer üzü, başımız üstündə gen-bol göy üzü…
Azərbaycan, Qarabağ, Şuşa – qalibdir, azaddır, səfalıdır, nurludur…
Yerlə göyü bir-birinə çarpazlaşdırıb müqəddəs arzularımız kimi…
Ana və oğul kimi!…
Yağılar, yadlar, düşmənlər sovulmuş bostan tağları kimi, quruyub, çürüyüb, viranə qalmış, əzilib, tapdanıb, keçmişin qaranlığına qovuşub, ulu qağların, sirli dərələrin duman-çənində itə-bata düşüb, rədd olmuşdular…
Bakirə dağların uca bətnindən, yelli-ballı əmcəklərindən süzülüb gələn şehin, sel-suyun, qəzəbli tufana, küləyə qarışıb, yad çəkmələrin, saxta nəfəslərin izini-tozunu itirmiş, yuyub yellərə qərq eləmişdi…
Gözüm tutunca, dərin ümmanlara, göy qübbəsinin dərinliklərinə baxıram…
Aman Allah!..
Yerlə göyün qovuşuğunda, yerlə göyün öpüşündə idi Şuşa!..
Və biz də bu sevgiylə, bu coşquyla, qəlbi atlana-atlana bu müqəddəs məkana çatmağa tələsirik…
Bu andaca, nədənsə, mənə elə gəldi ki, sanki kainatın bu müqəddəs sevgisindən doğulan nurlu körpənin göbəkkəsdi nöqtəsində idi Şuşa!
Adam əl qaldırıb, dil uzadıb, güc yığıb, səsin-ünün yetincə, elə bu kainatın boyunca qışqırmaq istəyir…
Salam, Şuşa!
Əziz Şuşam!
Azad Şuşam!..
Yollar yolçunun belinə kəmənd dolayır, güc verib qaldırır, əhvalının saflaşdırır, ora, göylərin yeddi qatınacan – Şuşayacan dartıb aparır…
Döngələr fırlandıqca, yollar dolanıb qalxdıqca, elə bilirsən, əl uzatsan, Şuşa ovcunun içindədir…
Amma, görürsən ki, yox, Şuşa da qalxır, ucalır, öz müqəddəs zirvəsinə bələnir…
Sən çatdım deyirsən, qədim-qayım meşələrin, yeddi naxış düzlərin damarı kimi açılan dolanbac yollar elə hey qalxır…
Ərşə dirənir, uzanıb gedir, əl çatmaz, ün yetməz ucalarda əriyib itir, yenidən peyda olur, üzünə bərəkətli süfrə kimi açılır…
Yorulma, gəl, ay Vətən oğlu, deyir, qədəmlərin mübarək, deyir, gör neçə illərdir həsrətəm siz doğmalarımın gəlişinə…
Yol boyu, barı-bəhrəsi təzəcə sovulmuş bağ-bağat, al-qırmızı, sapsarı, min çeşidli meşələr, xınasını payızacan qoruyub saxlamış laləzar çöllər adamın ruhuna çökür.
Qızıl xınalı payızın şəninə tökülən xəzəllər şehini-damlasını canına hopdurub, öz doğma sahibinin gəlişinə şadyanalıq edirmiş kimi, dayanmadan bu yurdların sahibinin xoş qədəmlərinə səpələnir, xoşallanırdı…
Bakirə dağların, sinə tağ düzlərin, barlı-bəhrəli çöllərin üstünə lağım atmış duman sağa-sola, eninə-boyuna dartınır…
Sanki sənə imkan verir ki, göylərin yeddi qatına ərmağan olmuş Şuşanı görə biləsən!
Seçə biləsən!
Sevə biləsən!..
Yadıma salıram, o birinci səfərimizdəcə, soyuq-sazaq günlərdəcə, yola qış hazırlığı ilə çıxmış bizlər çaşıb qaldıq…
Şuşanın al Günəşi – qəlbi atlanmış kimi, yerə-yurda nur ələyirdi və o anlardaca ruhuma yazılan “Şuşanın Günəşi” adlı yol qeydlərimdə dediyim kimi…
“Sən demə, qədim-qayım yurduna qayıdan bu insanlardan, hamımızdan, hamımızdan daha çox sevinən elə uca Şuşanın al Günəşiydi və alovlanıb yeddi rəngli şəfəqləri ilə pişvazımıza çıxmışdı sanki…”
Şuşada nələr görmədik, nələr?
Gecə-gündüzü bir-birinə qarışmış bu müqəddəs ocaqda hər yer tikinti, nəhəng bərpa və quruculuq meydanıdır…
Böyük Qayıdışa nişan verən hasarlanmış rəngli reklam lövhələri, yaşıl şəkillər, cərgəsini tutub gedən ağaclar…
Milli ornamentini saxlayan daş hasarlar, yerə, ayaq altına salınmış sal-sal, çaytağ yer daşları, bir-birinə çiyin verib söykək olan küçələr…
Qaynaşan, amma növbə gözləyən sakit, intizamlı yük maşınları, haysız-küysüz kranlar…
Geyimli-keçimli, üzü nurlu, təbəssümlü inşaatçılar…
Saysız-hesabsız tikintilərin gedişinə, ağır yüklü maşınların hərəkətinə, basırıq olmamasına paralel kömək göstərib, əl tutan rəngli işıqforlar…
Hər cür kömək və qayğı göstərən, gecəsi-gündüzü olmadan dözümlə keşik çəkən, asayişi qoruyan sərvaxt polislər – əziz qardaşlarımız…
Qonaqların təəccübünə səbəb olan geniş və rahat hotellər, məhəllələrə paylanmış inzibati binalar, hər cür rahatlığı, infrastrukturu olan, yenicə öz doğma sakinlərinin nəfəsiylə isinmiş yaraşıqlı yaşayış binaları…
Və sevincdən qəlbi atlanan, gələnlərə, gedənlərə yarlı-yaraşıqlı eyvanlardan əl edib salamlayan qonaqpərvər şuşalılar…
Və hamının üz-gözündən, sözündən, dilindən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, hörmətli Mehriban xanıma əbədi minnətdarlıq duyğuları, duaları…
Ənənəvi, tarixi həqiqətləri yaşadan, insan qəlbinə saf duyğular aşılayan məscidlərimiz, hər yerdən eşidilən, ruhuna hopub səsiylə səni də göylərə ucaldan müqəddəs azan səsləri…
Qarabağın, Şuşanın adını tarixlərə həkk etdirən şəxsiyyətlərin ev muzeyləri, etnoqrafik abidələr, ulu əcdadlarımızın ruhunu yaşadan ocaqlar…
Azərbaycanın qədim və məşhur şəcərəlindən olan Mehmandarovların ev muzeyi…
Və yorulmadan, şövqlə bu tarixin səhifələrinə qəlbinin nurunu hopdurmuş bələdçilər, şəhər qoruğunun fədakar işçiləri, üzü-gözü nurlu, xoş ovqatlı, qılıqlı, hər şeyi xırdalığına qədər izah edən savadlı, səbrli, təmkinli bələdçilər…
Şirin-şəkər bacılar, dəyanətli qardaşlar, dəyərli ziyalılar – hamısı da Şuşanın yenicə pənah gətirmiş sakinləri…
Yarəb! Qonaqpərvərlik, isti, şirin münasibət, sevgi və məhəbbət burda – qədim Şuşada dağa-bağa, yola-irizə, səkilərə, küçələrə, dalanlara, hər yerə, hər yerə elə çöküb ki…
Maşından düşən kimi, hotellərin, qonaq evlərinin, istirahət məkanlarının ağzındaca pəsləyib, doğma insanlarını görcək, ayağına yıxılıb, xoşhallanan, nəvaziş göstərən, xoş qılıqlı məstan pişiklər…
Min cür palitralı, min cür kaloritli Şuşam!
Heç bilmirəm, hansını qoyum, hansını yazım…
Qayıdırıq…
… Hamılıqca, qərara gəldik ki, başqa bir yolla gedək, düşək Xankəndiyə, üzüaşağı, qədim yurdlarımıza ayaq açan təzə yollarla düşək…
Yarlı-yaraşıqlı, öz füsunkar görünüşü ilə, xoş iqlimi, barlı-bərəkətli qara torpaqları ilə, doğma insanlarının əliylə yenicə salınmış parkları, küçələri sevincək qaynaşan sakinləri ilə, bizi heyran qoyan Xankəndi!..
Tələbələrinə qucaq açmış və geniş bir ərazidə yuva salmış, işıqlı və nurlu Qarabağ Universiteti…
Sevincək başımıza yığışmış doğma insanlarla çəkdirdiyimiz xatirə şəkilləri…
Nə qədər dost, tanış…
Aman Allah!..
Və birdən… birdən, həmin məqamdaca, baxdıq ki, dumanı-çəni çəkilib getmiş, saf günəş şəfəqlərinə bilənd olmuş göy üzündə böyük bir durna qatarı peyda oldu…
Qatarlanıb, sonalanıb, səslənib, köklənib, sərhəd bilmədən, dayanmadan, öz qafiləsiylə yellənib, şellənib gedirdilər.
Hara gedirdilər və haracan gedəcəkdilər – bunu onlara bu göy üzünü, bu azadlığı bəxş edən Qoca Tarix bilərdi…
Sanki Böyük Yaradan bu yerlərə, bu qədim-qayım Qarabağ torpağına əzəl və özəl bir qələm çalmışdı…
Nəsə… Bu sonrakı mövzudur…
Gəlirik…
Yol boyu, həyat qaynayır, sağı-solu tikinti meydançası, böyük və əzəmətli quruculuq işləri…
Dərələrə-təpələrə dağılmış, sayını-hesabını itirdiyim maşınlar, ekskavatorlar…
Aşağılara, dərələr boyu çölə-düzə sallanan yollar, səsi yurdu başana götürmüş texnikalar, tarixin minillik sirrini özündə saxlayan yeddi qat, sal daşları yatağında çeşid-çeşid rənglər yığılmış nəhəng qayaları, lay-lay süxurları dağıdıb əzir, çala-çuxura tökür, nəhəng və möhtəşəm yollar çəkir…
– Xocalı, Əsgəran, Ağdam – gəlib açılırıq Bərdə torpağına, sonra Yevlax və … üzü Bakıya…
Oğlum deyir ki, adama nağıl kimi gəlir buralar, bu nədir, sanki göydən qalxdıq, yerdən çıxdıq, elə bil bir nağıl dünyasıdı Qarabağ, sirli-sehirli Qarabağ…
Maşında qəribə sükut…
Hamının gözləri yol çəkir, hamı Vətən sevgisiylə öz aləmində, xoş duyğular aləmində…
Mənsə…
Mənsə, xoş təəssüratlarımı götür-qoy edir, ürəyimdə, yazacağım ilkin yol qeydlərinin vergülünü axtarır, nöqtəsini qoymağa çalışıram…
Bakı-Şuşa-Xankəndi-Bakı
Müzakirə qapadılmışdır.