Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 55 yaşlı Sumqayıt Dövlət Dram Teatrının rəhbər heyəti ilə görüşüb.
Teatrın direktor əvəzi – Əməkdar artist Vidadi Məmmədov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, truppa müdiri Zöhrəli Əliyev, aparıcı aktirisa Fərqanə Musayevanın iştirak etdiyi görüşdə teatrın tarixindən, ənənələrindən, yubiley ilinə dair yaradıcılıq planlarından, teatrın qayğılarından söz açılıb.
Teatrın 55 illik yubileyinin “Heydər Əliyev İli”nə düşdüyünü, Azərbaycan mədəniyyətinin böyük himayədarı olan Ümummilli liderin anadan olmasının 100 ilinin tamam olduğunu vurğulayan Q.Paşayeva, 2023-cü ili teatr üçün xüsusi il kimi xarakterizə edib.
Yubilyar teatrın Azərbaycan mədəniyyət-sənət mühitində yarım əsrdən artıq müddətdə səmərəli xidmətlərini xatırladan Komitə sədri, əlamətdar yubiley münasibəti ilə teatr rəhbərliyinə Mədəniyyət Komitəsi adından Təbrik məktubu və xatirə hədiyyələri təqdim edib. Təbrik məktubunda teatrın 55 illik fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:
“Sizi Sumqayıt Dövlət Dram Teatrının yaradılmasının 55-ci ildönümü münasibəti ilə təbrik edir, Sizə və teatrınızın kollektivinə yeni yaradıcılıq uğurları, sənət sevincləri diləyirəm! Taleyi Sumqayıt Dövlət Dram Teatrından keçmiş hər kəsə, tamaşalarınıza maraqla baxmış bütün sənətsevərlərə bu yubileyin sevincindən pay düşür. Çox şadıq ki, teatrınız özünün gözəl ənənələrinə sadiq qalmaqla yanaşı, bu gün yenilikçi fəaliyyəti ilə seçilir. Sumqayıtın bu peşəkar teatrı yalnız şəhərinizin deyil, ümumən ölkəmizin mədəni həyatında özünəxas rola, mövqeyə malikdir.
1968-ci ildə yaradılan, öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, ardınca, tamaşaçıların zövqünü ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi.
Teatrınızın repertuarına klassik və çağdaş Azərbaycan və xarici ölkə dramaturqlarının pyesləri daxildir.
Xalq artistləri Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov bir müddət teatrınızda çalışmışdır. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov sonrakı illərdə Azərbaycanın tanınmış incəsənət xadimləri olaraq ün qazanıb.
Azərbaycan Respublikasının Prezidentinin 25 sentyabr 2008-ci ildə imzaladığı müvafiq sərəncamlarla, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə teatrın 2 əməkdaşına Xalq artisti, 6 əməkdaşına Əməkdar artist, 3 əməkdaşına Əməkdar mədəniyyət işçisi fəxri adları verilib və 6 əməkdaş “Tərəqqi” medalı ilə təltif edilib.
Bir daha sizi və teatrınızı özünə doğma bilən hər kəsi 55 illik əlamətdar yubiley münasibəti ilə təbrik edir, ən xoş arzularımızı yetirirəm”!
Görüşdə Sumqayıt Dövlət Dram Teatrının türk ölkə və topluluqlarının teatrları, yazıçı-dramaturqları ilə əlaqələri mövzusunda da ətraflı fikir mübadiləsi aparılıb.
Teatr rəhbərliyi görüş və təbrikə görə Komitə sədrinə təşəkkür edib, onu, komitənin üzv və əməkdaşlarını teatrın yeni tamaşasına dəvət edib.
Müzakirə qapadılmışdır.