“Qərənfil”in fidanları

1182

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaq bağçalarından biri haqqında yazmaq fikrinə gəldik. Abşeron-Xızı Regional Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Səbinə Məmmədova ilə əlaqə saxladıq. O, böyük məmnuniyyətlə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 60 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasının adını çəkdi. Əlavə etdi ki, bu tərbiyə müəssisəsinin müdiri Leyla Bayramova məktəbəqədər təhsilin metodikası mövzusunda ixtisaslı kadrdır, novator xanımdır. Tərbiyəçilərin işə qəbulu imtahanında müsahibə mərhələsində namizəd seçimində iştirak edir.
Həmin ünvana yollandıq. Oraya çatanda müəllimlərdən kimisi balacalara şeir oxuyur, kimisi musiqi dərsi keçir, rəqs öyrədirdi. Büyüklərin xasiyyəti müxtəlif olduğu kimi, uşaqların da dünyaya baxışı müxtəlifdir. Biri sakit əyləşib oynayır, biri tərbiyəçinin ətəyindən yapışıb ondan əl çəkmir, digəri isə asfalt üzərində şəkil çəkirdi. Hər yanda təmizlik və səliqə-sahman hökm sürürdü. Maraq doğuran guşələr diqqəti cəlb edirdi.
Həqiqətən tərifəlayiq xanımla həmsöhbət olduq. Öyrəndik ki, Leyla Bayramova N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində məktəbəqədər pedaqogika və metodika ixtisası üzrə təhsil alıb, bu sahədə təlimçidir, peşəsini həddindən artıq sevir, öz üzərində ciddi çalışır. Bir çox sertifikata, fəxri-fərmana layiq görülüb. Bağçada uşaqların düzgün tərbiyəsi və inkişaf etməsi üçün əlindən gələni əsirgəmir.
Öyrəndik ki, “Qərənfil” 150 yerlikdir.1984-cü ildə öz qapılarını fidanların üzünə açıb. Bir müddət 12 qrup fəaliyyət göstərib. Burada vaxtilə məcburi köçkünlər yerləşdiyi üçün qrupların sayı 8 olub. Hazırda 148 uşaqla bir baş tərbiyəçi, on iki tərbiyəçi və iki musiqi müəlliməsi məşğul olur. Onlar işlərini məsuliyyətlə, vicdanla, sevə-sevə yerinə yetirirlər. Səadət Zülfüqarova, Ofelya Nağdıyeva, Sevda Əhmədova, Xatirə Qasımova, Elmira Hüseynova, Almaz Zeynalova və başqaları uşaqlara daim qayğı ilə yanaşırlar. Bağçada fəaliyyət planına uyğun olaraq tədbirlər həyata keçirilir. Monitor vasitəsi ilə uşaqlarla aparılan tərbiyə prosesini izləyirəm.
Leyla xanım deyir ki, hər bir uşaq bizim gələcəyimiz, canımız, qanımızdır. Onları vətənpərvər ruhda böyüdürük. Gün rejiminə düzgün riayət edirik. Qidalanma dövlətimiz tərəfindən çox yüksək səviyyədə təmin olunur. Yeməklərin hazırlanmasında uşaqların istəyi də nəzərə alınır. Həmçinin Açıq qapı, Poçt günləri keçirir, ağacəkmə təşkil edirik.
Bağçanın ərazisində abadlıq işləri görülmüş, yaşıllıq salınmışdır.
Vaxtilə bağçamızda tərbiyə almış Şuşa fatehi, atıcı-əsgər Telman Abışovun anası Şərifə xanım, iki qazinin həyat yoldaşı, bir qazi anası, digər hərbçilərin ailə üzvləri də bizimlə çiyin-çiyinə çalışırlar.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş və “Yaşıl dünya naminə uşaqlarımızı sevək” adlı tədbirimizə hazırlıq görürük.
Söhbət zamanı Leyla xanım vurğuladı ki, gələcəyimiz olan fidanlarımıza hədsiz diqqəti, onların təlim-tərbiyyəsinə xüsusi həssaslıq və tələbkarlığı dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxsaylı sosial islahatların, uşaqlara olan bitib-tükənməyən qayğının bir nümunəsi kimi dəyərləndirmək olar.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahədə gördüyü məqsədyönlü işlər, onun təşəbbüsü ilə atılan addımlar uşaqların yalnız xoşbəxt gələcəyinin qurulmasına xidmət edir. Zakir müəllim rəhbər təyin olunduğu, fəaliyyətə başladığı ilk andan gələcəyimiz olan körpələrimizi daim diqqət mərkəzində saxlayır. Söz yox ki, uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində gördüyü məqsədyönlü işlər isə buna bariz nümunədir. Fidanlarımıza həssas yanaşmanı ən əsas vəzifəsi hesab edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın da amalı uşaqları gələcəkdə mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.
Bəli, bu təlim -tərbiyə müəssisəsində işlər günün tələbləri səviyyəsində qurulub, valideynlərlə sıx əlaqə yaradılıbdır. Onlar vaxtaşırı qruplarda olur, uşaqlarla iş prosesinə qoşulur, tərbiyəçilərlə birgə mövzuya uyğun vəsaitlər hazırlayırlar.
Burada sevincimiz, xoşbəxtliyimiz, gələcəymiz olan fidanların üzündəki şən əhval-ruhiyyə gözümüzdən yayınmadı. Aybəniz, Həsən, İnci, Aliyə, Əli, Ayan, Xədicə və başqaları bizim üçün şeir söylədi, mahnı oxudu, rəqs etdilər. Onlara baxdıqca adamın ürəyindən uşaq olmaq, dünyanın dərd-sərindən uzaqlaşmaq keçdi. Ancaq şirin-şəkər balalardan ayrılmaq istəməsək də, işə qayıtmaq lazım idi. Beləcə, xoş təəssüratla “Qərənfil”i və qərənfilliləri tərk edirik.

İlhamə Məhəmmədqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər