Qərib Əliyevə Prezidentin fərdi təqaüdü verildi – Sərəncam

777

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə sumqayıtlı tanınmış idmançı Əliyev Qərib Tələt oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Qərib Əliyev  1957-ci il 22 yanvar tarixində Sumqayıt şəhərində anadan olub. 1978-ci ildən Yunan-Roma güləşi üzrə məşqçilik fəaliyyəti ilə məşğuldur. 1980-ci ildən SSRİ idman ustası və Sumqayıt şəhəri üzrə baş məşqçidir.
1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1994-cü ildən beynəlxalq dərəcəli hakimdir. 1996-cı ildə Əməkdar məşqçi, 2012-ci ildə Fəxri Bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb. 2011-2013-cü illərdə Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri olub.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Bədən Tərbiyyəsi və İdman xadimi fəxri adına layiq görülüb. Məşqçilik fəaliyyəti illərində yetirmələri Akif Nəcəfov, Rasim Niftəliyev keçmiş SSRİ-nin birinciliyinin gümüş mükafatçısı olmuşlar. Müstəqillik illərində isə yetirmələri Ruslan Eminov, Nurəddin və Hüsaməddin Rəcəbovlar, Emil Bəşirov, Vüsal Qurbanov, İslam Abbasov, Əli Sucayev, Elnur Hüseynov Dünya və Avropa yarışlarının qalibi və mükafatçıları olmuşlar. Bu tələbələri arasından İslam Abbasovu xüsusi qeyd etmək olar. Belə ki, o dəfələrlə Gənclər və Yeniyetmələr arasında Avropa və Dünya Çempionu, Dünya Kubokunun qalibi, IV İslam oyunlarının Çempionu olmuşdur. Məşqçilik fəaliyyəti ilə yanaşı 1994-cü ildən Beynəlxalq dərəcəli hakim kimi müxtəlif Beynəlxalq turnirlərdə, Dünya Kuboku yarışlarında, həmçinin Avropa və Dünya Çempionatlarında ölkəmizi layiqli təmsil etmişdir. 2018-ci ildən yenidən Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri vəzifəsində çalışır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər