Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycanın rasional seçimləri

166

Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə təkcə Azərbaycanın xarici siyasət prioritetlərini deyil, həm də beynəlxalq sistemin daxilən böhran yaşadığı bir mərhələdə dövlətlərin hansı alətlərə üstünlük verməli olduğunu nümayiş etdirir. Dövlət başçısının fikirlərində əsas xətt ondan ibarətdir ki, beynəlxalq münasibətlər artıq abstrakt hüquqi prinsiplərlə deyil, real güc balansı və rasional maraqlar üzərində qurulur. Bu şəraitdə emosional yanaşmalar yox, praqmatik hesablamalar qalib gəlir və Azərbaycan da məhz bu modeli seçib.

Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın regionda “təhlükəsizlik istehlakçısı” deyil, “təhlükəsizlik ixracatçısı” roluna keçməsidir. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, ölkə daxilində hər hansı risk mövcud deyil və bütün çağırışlar kənar faktorlarla bağlıdır. Bu, dövlət institutlarının dayanıqlığını, ictimai-siyasi sabitliyin möhkəm təməllər üzərində qurulduğunu göstərir. Belə bir vəziyyətdə Azərbaycanın əsas prioriteti sərhədləri boyunca sabitlik mühitinin qorunmasıdır ki, bu da regional diplomatiyada balanslı və məsuliyyətli xəttin davam etdirilməsini zəruri edir.

Prezidentin İran ətrafında yaranmış qeyri-sabitliklə bağlı ehtiyatlı mövqeyi regionda baş verən proseslərə realist baxışın ifadəsidir. Burada emosional ritorika deyil, proqnozlaşdırıla bilən gələcək anlayışı ön plana çəkilir. Dövlət başçısı açıq mesaj verir: regionda hər hansı eskalasiya təkcə bir ölkəyə deyil, bütün qonşu dövlətlərə zərər verə bilər. Bu yanaşma Azərbaycanın regional siyasətinin əsas fəlsəfəsini – sabitlik, qarşılıqlı məsuliyyət və risklərin idarə olunmasını aydın şəkildə ortaya qoyur.

Enerji bazarları ilə bağlı səsləndirilən fikirlər isə qlobal iqtisadi proseslərin necə dəyişdiyini göstərən mühüm indikator kimi çıxış edir. Prezident İlham Əliyevin neft qiymətlərinin regional böhranlardan ciddi təsirlənməməsi barədə fikirləri enerji bazarlarında artıq daha yetkin və balanslı mexanizmlərin formalaşdığını göstərir. Bu, Azərbaycan üçün xüsusilə vacibdir, çünki proqnozlaşdırıla bilən bazar mühiti uzunmüddətli investisiya planlarının həyata keçirilməsinə imkan yaradır və ölkənin fiskal dayanıqlığını gücləndirir.

Müsahibədə diqqət çəkən digər mühüm məqam Azərbaycanın enerji coğrafiyasını genişləndirməsi ilə bağlıdır. Qaz ixracının yalnız Avropa ilə məhdudlaşmaması, Yaxın Şərq istiqamətində – o cümlədən Suriyaya ixracın başlaması Azərbaycanın enerji strategiyasının təkistiqamətli olmadığını göstərir. Bu, risklərin bölüşdürülməsi, bazarların şaxələndirilməsi və siyasi dəyişikliklərdən asılılığın azaldılması baxımından mühüm strateji qərardır. Azərbaycan bu addımı ilə enerji bazarında çevik oyunçu statusunu daha da möhkəmləndirir.

Avropa Parlamenti ilə bağlı səsləndirilən mövqe isə Azərbaycanın beynəlxalq münasibətlərdə psixoloji asılılıqlardan imtina etdiyini göstərir. Reaksiya verməmək, əslində, passivlik deyil, siyasi çəkini düzgün qiymətləndirməyin nəticəsidir. Prezident İlham Əliyevin yanaşması onu göstərir ki, Bakı üçün əsas tərəfdaşlıq mexanizmləri real qərar qəbul edən institutlarla qurulur. Emosional və qərəzli platformalarla dialoqun dayandırılması Azərbaycanın xarici siyasətində resursların səmərəli istifadəsi prinsipinə uyğun gəlir.

Sülh müqaviləsinin Ağ Evdə paraflanmasına toxunulması isə mühüm geosiyasi mesaj daşıyır. Bu fakt göstərir ki, Azərbaycan-Ermənistan prosesində əsas oyunçular artıq məsuliyyətli qərarların verildiyi platformalarda təmsil olunur. Bu kontekstdə Avropa Parlamentinin radikal və birtərəfli ritorikası proseslərin real məntiqindən kənarda qalır və öz aktuallığını itirir. Prezidentin bu məsələyə sakit və ölçülüb-biçilmiş yanaşması Azərbaycanın diplomatik yetkinliyinin göstəricisidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Davos müsahibəsi Azərbaycanın yeni qlobal şəraitdə necə düşünən, riskləri necə ölçən və qərarları hansı məntiq üzərində quran dövlət olduğunu aydın şəkildə ortaya qoyur. Bu yanaşma nə idealist illüziyalar üzərində qurulub, nə də aqressiv ritorika ilə müşayiət olunur. Əksinə, Azərbaycanın seçdiyi yol sabitlik, iqtisadi rasionalizm və siyasi müstəqillik üzərində formalaşan uzunmüddətli strategiyanın təzahürüdür. Bu strategiya isə region üçün təkcə bu günün deyil, gələcəyin də əsas təhlükəsizlik və inkişaf modelini müəyyən edir.

Məmmədli Natəvan, Sumqayıt Mərkəzləşmiş Kitabxana Sisteminin direktor müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər