44 günlük Vətən müharibəsində hərbi əməliyyatların davam etdiyi müddətdə şanlı Azərbaycan Ordusunun mühüm uğurlarından biri də 25 oktyabr 2020-ci ildə Qubadlının azad olunması oldu. Peşəkar silahlı qüvvələrimiz tərəfindən Qubadlı şəhərinə nəzarətin təmin edilməsi Laçın rayonunun da düşmən işğalından xilas edilməsinə hərbi-strateji baxımdan münbit şərait yaratmış oldu. Oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri də düşmən işğaldan tamamilə azad olundu. Qubadlının azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi oldu. 8 noyabr Şuşa zəfəri qələbəmizin ən fərəhli yekunu idi. Düşmənin kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Cənab İlham Əliyev Qubadlının düşmən işğalından azad edilməsini çox yüksək qiymətləndirir və qeyd edir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 29 dekabr 2020-ci il və 24 iyun 2021-ci il tarixlərində imzaladığı sərəncamlara əsasən Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş xeyli sayda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Qubadlı rayonu işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.
25 oktyabr 2021-ci il tarixində Qubadlı rayonuna səfər edən möhtərəm Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşdülər. Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva 19 oktyabr 2022-ci il tarixində Qubadlı rayonuna növbəti səfərləri çərçivəsində “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldular, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyması mərasimində iştirak etdilər. Azərbaycan ictimaiyyəti Cənab İlham Əliyevin Qubadlıya 4 may 2023-cü il tarixli səfərini də diqqətlə izlədi. Ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində yaxından iştirak etdi. Dövlət başçımızın Qubadlıya və digər azad olunmuş bölgələrimizə səfərləri hər birimizi ürəkdən qürurlandırır. Azərbaycan xalqı əmindir ki, uğurlarımız davamlı olacaq.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Müzakirə qapadılmışdır.