Regional əməkdaşlıqda yeni mərhələ

258

2025-ci il avqustun 22-də Türkmənistanın Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə tarixi bir Zirvə görüşü baş tutdu. Bu görüş region ölkələrinin dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunu daha da gücləndirdi. Zirvənin nəticələri barədə Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı isə həm regional inteqrasiyanın gələcəyi, həm də üç qardaş ölkənin münasibətlərinin inkişaf istiqamətləri baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidentin çıxışı bir tərəfdən Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları arasındakı tarixi-mədəni qardaşlıq bağlarını vurğuladı, digər tərəfdən isə siyasi, iqtisadi və humanitar əməkdaşlığın yeni üfüqlərinə işıq saldı.

Prezident İlham Əliyev Türkmənistana səfərinin əhəmiyyətini xüsusi vurğuladı. Avaza şəhərində gedən inkişafı yüksək qiymətləndirən dövlət başçısı qeyd etdi ki, ölkənin ümumi tərəqqisi Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi ilə bağlıdır. Azərbaycanın lideri Türkmənistanda gedən abadlıq işlərini, yeni şəhərlərin salınmasını xalqların rifahına xidmət edən uğurlu siyasətin nəticəsi kimi dəyərləndirdi. Prezident həmçinin Avaza görüşündə imzalanan Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşma sənədini xalqlar arasında tarixi dostluğun və sarsılmaz qardaşlığın rəmzi kimi təqdim etdi. Bu, türkmən və azərbaycan xalqlarının əsrlər boyu bir ailə kimi yaşayıb-yaratmasının müasir dövrdə də davam etdirildiyini göstərir.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Türkmənistan arasında mövcud siyasi yaxınlığı da ön plana çəkdi. Qeyd olundu ki, iyul ayında Qurbanqulu Məlikquliyeviçin Azərbaycana səfəri zamanı bir çox mühüm məsələlər müzakirə edilmiş və tərəflərin mövqelərinin tam üst-üstə düşdüyü təsdiqlənmişdir. Bu, iki ölkənin yalnız ikitərəfli deyil, çoxtərəfli əməkdaşlıq formatında da birgə hərəkət etməyə hazır olduğunu göstərir. Azərbaycan və Türkmənistanın dostluq və qardaşlıq şəraitində regional və beynəlxalq məsələləri həll etmək niyyəti, gələcək əməkdaşlıq üçün yeni perspektivlər açır.

Prezident İlham Əliyev bəyanatında Türkmənistanın Qarabağın bərpasına verdiyi töhfəni xüsusi vurğuladı. Qurbanqulu Məlikquliyeviçin təşəbbüsü ilə Füzulidə Türkmənistan tərəfindən məscid tikintisi layihəsinin başlanması, Azərbaycan üçün böyük mənəvi dəstək kimi qiymətləndirildi. Artıq məscidin memarlıq layihəsi hazırdır və yaxın vaxtlarda təməlqoyma mərasimi keçiriləcək. Bu təşəbbüs yalnız dini-mənəvi məna daşımır, həm də türkmən xalqının Azərbaycan xalqına olan səmimi münasibətinin bariz nümunəsi kimi diqqət çəkir.

Prezident İlham Əliyev çıxışında Özbəkistanın da Qarabağın dirçəldilməsinə verdiyi mühüm dəstəkləri qeyd etdi. Şavkat Miromonoviçin təşəbbüsü ilə Xankəndidə yaradılmış böyük tikiş fabriki hazırda 200-dən çox insana, xüsusilə də qadınlara iş imkanı təmin edir. Fabrikin genişləndirilməsi ilə məşğulluğun daha da artacağı gözlənilir. Bundan əvvəl isə Özbəkistan Füzulidə dahi özbək alimi Mirzə Uluqbəyin adını daşıyan 960 şagirdlik orta məktəb inşa etmişdi. Bu layihələr, Azərbaycanın bərpa prosesində özbək xalqının qardaşlıq və dəstəyinin əyani göstəricisidir.

Prezident İlham Əliyev bəyanatında Özbəkistanla münasibətlərin yalnız sözlərdə deyil, əməldə də qardaşlıq və dostluq prinsiplərinə əsaslandığını vurğuladı. Azərbaycan üçün ən çətin anlarda belə, Özbəkistanın yanında olması iki ölkə arasındakı münasibətlərin etibarlı təməl üzərində qurulduğunu göstərir. Zirvə görüşünün tarixi xarakter daşıdığını bildirən Prezident, üçtərəfli əməkdaşlıq formatının yaradılmasını xüsusi əhəmiyyətli addım kimi qiymətləndirdi. Dövlət başçısı bildirib ki, nəqliyyat, tranzit, logistika, enerji və mədəniyyət sahələrində konkret əməkdaşlıq istiqamətləri üzrə işlər sürətləndiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı Avaza Zirvəsinin əsl mahiyyətini açıq şəkildə göstərdi: bu görüş regional əməkdaşlığın yeni mərhələsidir. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlərin inkişafı yalnız üç ölkənin milli maraqlarına deyil, həm də bütün regionun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafına xidmət edir. Qardaşlıq, qarşılıqlı dəstək və səmimi əməkdaşlıq prinsipləri əsasında formalaşan bu birlik, gələcəkdə regionda sülhün və tərəqqinin təminatçısı olacaq. İlham Əliyevin sözləri ilə desək, bu tarixi gün bölgədə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatının başlanğıcıdır.

Şahin Şəfiyev
Mədəniyyət Işçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər