Geridə qalan 2024-cü il Sumqayıt Dövlət Universiteti üçün çox uğurlu olmuşdur. Bu barədə SDU-nun rektoru Rüfət Əzizov ilə ilin yekunları və onlara təsir edən amillər haqqında danışdıq.
Rüfət müəllim, 2024-cü ilin SDU üçün uğurlu olması heç kimə sirr deyil. Bəs Sizcə bu uğurların əldə olunmasında SDU-nun Sumqayıt şəhərində yerləşməsinin nə kimi əhəmiyyəti olmuşdur?
SDU-nun Sumqayıtda yerləşməsi onu sənaye sektoruna və iş dünyasına daha yaxın edir. Eyni zamanda qeyd etməliyəm ki, SDU-nun inkişaf etməsi üçün şəhərdə əlverişli mühit və dəstək mövcuddur. Dövlət və özəl sektorla əməkdaşlığının qurulması əsas uğur faktorlarımızdan olduğunu hesab edirəm. Sənayə şəhərinin yeganə ali təhsil müəssisəsinə Sumqayıt şəhəri İcra Hakimiyyətinin xüsusi diqqət göstərdiyini və SDU-ya il ərzində gələn çox saylı qonaqlarla yüksək səviyyədə görüşlərin təşkil olunmasının əhəmiyyətini vurğulamaq istəyirəm. Məsələn, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə Oksford Universiteti, SDU-num Sinqapur Milli Universitetindən, Rusiyanın müxtəlif universitetlərindən və digər xarici ölkələrin universitetlərdən gələn dünya səviyyəli professorlar və qonaqlarla görüşlərini buna misal göstərmək olar. Bu görüşlər şəhər haqqında əhatəli məlumatlanma və Sumqayıtın sənaye, yaşıl iş yerləri və innovasiya potensialının öyrənilməsi baxımından vacib olmuşdur. Bu isə öz növbəsində SDU-nun müxtəlif imkanlara daha əlçatan olduğunu xarici tərəfdaşlarımıza göstərərək, yeni əməkdaşlıqlara yol açmışdır.
Sumqayıtda olan bütün digər dövlət qurumlarının da davamlı olaraq universiteti dəstəkləməsi, təhlükəsizlik, fövqaladə hallar, mədəni mühitin formalaşması, idman nailiyyətləri və digər aspektlərdən çox faydalı olmuşdur. Eyni zamanda Sumqayıtda olan bir çox sənaye müəssisələri ilə tələbələr üçün təcrübələrin təşkili, birgə məzmunun hazırlanması, sənayedən peşəkarların tədrisə cəlb olunması, SDU-da təcrübəli mütəxəssislərin məruzələrinin təşkil olunması universitetin qısa zamanda inkişafında əhəmiyyətli rol oynamışdır. Sənayedən olan tərəfdaşlarımız həm də SDU-da müxtəlif layihələrin həyata keçirilməsində, tədbirlərin təşkil olunmasında və laboratoriyaların qurulmasında aktiv dəstək göstərirlər. Bu gün tam əminliklə deyə bilərəm ki, SDU-nun inkişafında bütün tərəflər maraqlıdır və dəstəklərini əsirgəmirlər. Düşünürəm ki, regional universitetin inkişafı üçün qeyd olunan amillər çox vacibdir.
İl ərzində əsas uğurlarınızı vurğulayası olsanız, onların arasında ilk onluqda olan uğurlar hansılar olar? 2024-cü ildə 10 ən uğurlu nəticə nə olmuşdur?
Birinci düşünürəm, Sumqayıtın 75 illik yubiley ilində SDU-nun nüfuzlu beynəlxalq reytində düşməsi Sumqayıt və SDU üçün böyük hadisədir. Belə ki, universitetimiz QS Avropa Universitetləri Reytinqində avropada olan 5000-dən artıq universitet arasında 483-cü yerdə qərarlaşmışdır. Bu, Qərbi Asiya universitetləri arasında 31-ci, Azərbaycan daxilində ümumi sıralamada 5-ci yerdir. Ölkənin regional ali təhsil müəssisələri arasında isə bu reytinqə daxil olan ilk ali təhsil müəssisəsidir.
İkinci mühüm hadisə, SDU-nun dünyanın bir nömrəli universiteti olan Oksford Universiteti ilə əməkdaşlığı olmuşdur. Möhtərəm cənab prezident İlham Əliyevin təşəbbüsü ilə bu il COP29 ölkəmizdə keçirilmişdir. SDU olaraq bu təşəbbüsə ən yaxşı şəkildə dəstək vermək üçün Oksford Universiteti ilə iki mühüm layihə həyata keçirdik. Layihələrdən biri “İqlim Dəyişikliyi Məktəbi” idi. Bu layihə çərçivəsində Oksford Universiteti professorları SDU-ya gəldi, Sumqayıtda 3 gün qaldılar, 30-a yaxın sənayedən və ali təhsil müəssisələrimizdən gələn mütəxəssislərimizə təlimlər keçdilər. Təlimlərin səviyyəsi iştirakçılar tərəfindən yüksə qiymətləndirildi. İkinci layihə isə “İqlim Dəyişikliyi Problemləri” layihə yarışması idi. 58 ölkədən 1035 layihə təqdim olunmuşdur. Layihənin final mərhələsi COP29 çərçivəsində Bakıda keçirildi və qalibləri birgə mükafatlandırdıq. Bir neçə ay ərzində SDU-nun loqosunun müxtəlif sosial şəbəkələrdə, yerli və beynəlxalq mediada Oksford ilə yanaşı gəlməsi sevindirici və qürurverici idi.
Üçüncü vacib hadisə, yeni məzmunlu proqramlardır. ilk dəfə olaraq SDU-dan Sabah Qruplarının açılmasına nail olduq. 3 magistratura və 1 bakalavr səviyyəsində Sabah Qrupları açıldı. Bu qruplar yeni məzmun və tədrisin keyfiyyəti baxımından əhəmiyyətli olduğunu hesab edirəm və artıq biz bunu hiss edirik. Sabah Qruplarının çoxalması SDU-ya yüksək bal ilə tələbələrin qəbul olmasını təşviq edəcəkdir. Eyni zamanda ilk dəfə ingisli dilində 2 ixtisas üzrə tədrisə start verdik. İlk dəfə 3 MBA proqramı start götürdü.
Dördüncü vacib hadisə, özəl sektorun dəstəyidir. BP şirkəti ilə birgə yeni məzmunlu Kimya Mühəndisliyi magistratura proqramının təşkil etdik. SDU-ya ilk dəfə olaraq, laboratoriyaların qurulması ilə bağlı özəl sektordan, BP şirkətindən, 340 min azn maliyyə dəstəyi ala bildik və artıq 5 laboratoriyanın yenilənməsinə start verilmişdir. Kapital Bankın dəstəyi ilə 2 kompyuter (45 kompyuter alındı) laboratoriyasını yenilədik. SOCAR Polimer, STP, Azərkimya, Nobel Enerji SDU-da müxtəlif tədbirlərin təşkilində dəstək verdi.
Beşinci, STP ilə əlaqələrin genişlənməsi idi. İlk dəfə olaraq, sənayedən təlimlər keçməklə bağlı sifariş aldıq. 200-dən çox yeni məzuna əməkdaşlarımız təlim keçdi. SDU müəllimləri STP istehsal xəttləri və onların texniki göstəriciləri ilə yaxından tanış oldular. Hazırda isə “mövzu əsaslı” tədris ilə bağlı pilot layihəyə hazırlaşırıq. İl ərzində STP müxtəlif tədbirlərimizin keçirilməsində də maliyyə dəstəyini əsirgəmədi.
Altıncı, bu il qəbul nəticələrimiz əhəmiyyətli dərəcədə yaxşılaşdı. Tələbə sayımız 6500 nəfərə yaxınlaşdı. 500-dən artıq bal toplayıb SDU-ya qəbul olanların sayı 20 dəfə artdı, 400-dən artıq bal toplayıb SDU qəbul olanların sayı 4 dəfədən çox qalxaraq 206 nəfər təşkil etdi və hətta 600-dən artıq bal toplayan tələbə SDU-nu seçdi.
Yedinci, SDU-da elmin inkişafı ilə bağlamaq olar. SDU-da elmin təşviqi və davamlı təlimlər nəticəsində il ərzində impakt faktorlu jurnallarda çap olunan məqalə sayımız 46 oldu. Bu isə keçən il olan nəticədən 35% çoxdur. Bu əslində ümumilikdə çox deyil, lakin çox sürətli dinamika izləyə bildik, bu da onu deməyə əsas verir ki, növbəti illərdə daha da çox olacaqdır və beynəlxalq reytinqlərdə güclənə biləcəyik.
Sekkizinci olaraq tələbə və müəllimlərin beynəlxalq mobilliyin, onların müxtəlif beynəxalq tədbirlərdə iştirakını qeyd etmək olar. Bu il tədris vaxtı hər həftə Türkiyədən, əsasən də Orta Doğu Texnik Universitetindən SDU-ya müəllilər gəldi tələbələrimizə innovasiyalar ilə bağlı layihə əsaslı təlimlər keçdi. Bizim tələbələrimiz Türkiyədə bir semesterlik təhsil üçün yollandılar. Qısa müddətli kurslara Rusiyanın 10 universitetindən qonaq tələbə gəldi. Müəllimlərimiz və əməkdaşlarımız 20-dən artıq ölkədə konfrans, sərgi, mühazirə, müsabiqə və təlimlərdə iştirak edib. Birgə beynəxalq qrant müraciətləri və elmi nəşrlərimiz artdı. 12 xarici universitet ilə SDU arasında müqavilə və memorandumlar imzalandı və birgə layihələr icra olundu. Qardaş Qazaxstan və Özbəkistanla əlaqələrimizin gecləndiyini xüsusilə qeyd etmək istərəm.
Doqquzuncu əcnəbi tələbələr ilə bağlıdır. Əcnəbi tələbələrimizin sayı təxminən 2 dəfə artaraq 46 oldu. Yeni ölkələrdən tələbələr cəlb olundu. İlk dəfə olaraq, əcnəbi tələbələr üçün təqaüd proqramı elan olundu və ingilis dilində tədrisə start verildi.
Onuncu, daxili məsələlər ilə bağlıdır. Məzmun yenilənməsi, tədris planlarının optimallaşdırılması və struktur yenilənməsi sürətli şəkildə edə bildik. Əməkdaşların potensialını üzə çıxardıq, yeni əməkdaşlar cəlb etdik və maaşları ortalama 20% artıra bildik. Tələbələrə yönəlik fəaliyyətləri artırdıq. SDU-da tələbə yönümlü mühitin yaradılmasına start verdik. Mükəmməllik Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi və çox saylı tələbə klubları bu fəaliyyətlərə aiddir.
Əslində nailiyyətlər çox olub və ən əsası onlar gələcək inkişafın təməlidir.
2024-cü ildə əldə olunan nailiyyətlər SDU-nun gələcək strategiyasına necə təsir göstərəcək? 2025-ci il üçün prioritetləriniz nələrdir?
2024-cü il bizim üçün çox uğurlu bir il oldu və bu uğurlar 2025-ci il və sonrakı illər üçün əsas strateji istiqamətlərimizi müəyyənləşdirdi. Birinci prioritetimiz beynəlxalq əlaqələri daha da genişləndirməkdir. Artıq başladığımız əməkdaşlıqları dərinləşdirərək yeni tərəfdaşlıqlar qurmağa çalışacağıq. İkinci prioritetimiz tədris keyfiyyətini daha da artırmaqdır. Sənaye ilə daha sıx əlaqələr quraraq tələbələrimizi real iş mühitinə hazırlamaqda davam edəcəyik. Üçüncü istiqamətimiz isə tədqiqat sahəsindəki nailiyyətlərimizi artırmaqdır. Bunun üçün müəllim və tələbələrimizin tədqiqat imkanlarını genişləndirəcəyik. Eyni zamanda tələbələrimizin sosial, mədəni və idman sahələrində inkişafını dəstəkləmək üçün yeni layihələr həyata keçirəcəyik.
SDU-nun regional inkişafdakı rolu nədir? Sumqayıt şəhərinin inkişafına verdiyiniz töhfələri necə qiymətləndirirsiniz?
SDU olaraq yalnız təhsil sahəsində deyil, Sumqayıt şəhərinin ümumi inkişafında da fəal rol oynayırıq. Universitetimizin elmi potensialı, xüsusilə sənaye müəssisələri ilə əməkdaşlıqlar vasitəsilə şəhərdə yeniliklərin tətbiqində mühüm rol oynayır. Məsələn, texnologiya və mühəndislik sahələrində verdiyimiz təcrübə, yeni laboratoriyalar və innovativ layihələr şəhərin sənaye potensialını daha da artırmağa xidmət edir. Həmçinin, tələbələrimizin şəhərin müxtəlif sahələrində təcrübə keçməsi, gələcəkdə yüksək ixtisaslı kadr kimi formalaşmalarına kömək edir. Şəhərin mədəni və ictimai həyatı da bizim üçün önəmlidir – SDU bu sahələrdə də bir çox tədbirlərin təşkilatçısıdır. Düşünürəm ki, bu əməkdaşlıq həm universitetimizin, həm də şəhərin gələcək inkişafına böyük töhfələr verəcəkdir.
Rüfət müəllim, dəyərli vaxtınızı ayırıb geniş və ətraflı cavablar verdiyiniz üçün sizə “sumqayitxeber.com” olaraq təşəkkür edirik. SDU-nun 2024-cü ildə qazandığı uğurlar və gələcək hədəfləriniz Sumqayıt və ölkəmiz üçün çox əhəmiyyətlidir. Sizə və kollektivinizə gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirik!
Təşəkkür edirəm! Sizin vasitənizlə bütün kollektivimiz adından dəstək göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Biz daim irəliyə baxırıq və inanıram ki, gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyik.
Müzakirə qapadılmışdır.