Rumıniya Türkiyə və Estoniyadan sonra Azərbaycanın müstəqilliyini rəsmən tanıyan üçüncü ölkədir. 1991-ci il dekabrın 11-də Rumıniya Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra iki ölkə arasında münasibətlər tədricən inkişaf edərək indiki səviyyəyə çatmışdır.
Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra iki ölkə arasındakı əlaqlər daha da inkişaf etmişdir. Ötən dövr ərzində ölkələrimiz arasında bir çox istiqamətlər üzrə sənədlər imzalanmışdır.
Fevralın 2-də Azərbaycan və Rumıniya prezidentlərinin işgüzar görüşündə əlaqələrin inkişafına toxunulub, əməkdaşlıq sahəsində yaddaqalan məqamlar xatırlanıb.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini, dövriyyənin şaxələndirilməsi üçün əlavə addımlar atılacağını və hökumətlərarası komissiyanın Buxarestdə görüş keçirəcəyini vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə ölkələr arasında ticarətin həcmi 518 milyon 39 6,12 min dollar təşkil edib. Bunun 446 milyon 866.00 min dolları Azərbaycanın, 71 milyon 530.12 min dolları Rumıniyanın ixracının payına düşür. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 215 milyon 535,53 min dollar olub.
Rumıniya Prezidenti Klaus Yohannislə görüşdən sonra mətbuata verdiyi bəyanatında Prezidenti İlham Əliyev bildirib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Dövlətimizin başçısı qeyd edib ki, ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır: “Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir”.
Prezident İlham Əliyev SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirib, ölkələr arasında energetika sahəsində əməkdaşlığın yeni mərhələsinin başlandığını deyib: ” Energetika sahəsində əməkdaşlığınaktuallığı durmadan artır. Energetikatəkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.
SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var”.
Prezident Azərbaycanın yaşıl enerji ixracı layihəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır”.
İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Bu gün Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
Ümumiyyətlə, Azərbaycan Ruminiya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar mövcuddur. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaq.
Beləliklə, Prezident Klaus Yuhannisin Bakıya səfəri çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinə dair yeni sənədlərin imzalanması, Azərbaycan və Rumıniya arasında yeni layihələrin icrası iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha dərinləşməsinə imkan verəcək.
Elşad Eyvazov, əməkdar müəllim
Müzakirə qapadılmışdır.