Sağlam gənclik ölkənin gələcək inkişafının əsas təminatıdır

182

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan idmanı yalnız nəticələr və medallarla ölçülmür. Bu çıxışın əsas ideya xətti idmanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olması, onun təhsil, tərbiyə və milli düşüncə ilə üzvi şəkildə bağlılığıdır. Beynəlxalq arenalarda qazanılan 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl mükafat, ilk növbədə, düzgün qurulmuş sistemin – idman təhsili, infrastruktur və dövlət dəstəyinin vəhdətinin nəticəsidir.

Azərbaycanda idmanın inkişafı illərdir ki, ayrı-ayrı təşəbbüslər deyil, məhz mərkəzləşdirilmiş dövlət proqramları əsasında həyata keçirilir. Bu proqramların mühüm istiqamətlərindən biri idman təhsilinin gücləndirilməsidir. Uşaq-gənclər idman məktəbləri, Olimpiya İdman Kompleksləri və ixtisaslaşmış təlim mərkəzləri gənclərin erkən yaşlardan peşəkar idman mühitinə cəlb olunmasına imkan yaradır. Gəncə və Yevlaxda yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi, ümumilikdə bölgələrdə bu komplekslərin sayının 46-ya çatması göstərir ki, idman təhsili artıq paytaxt mərkəzli deyil, regionları əhatə edən geniş bir şəbəkəyə çevrilib.

Sağlam gənc nəslin formalaşdırılması isə yalnız fiziki hazırlıqla məhdudlaşmır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sağlam gənclik ölkənin gələcək inkişafının əsas təminatıdır. Bu baxımdan idman məktəbi təkcə məşq yeri deyil, həm də tərbiyə məkanıdır. Burada gənclər nizam-intizamı, məsuliyyəti, komanda ruhunu və məqsədyönlü olmağı öyrənirlər. Uşaqlıqdan idmana göstərilən maraq sonradan böyük idman uğurlarına aparan yolun başlanğıcı olmaqla yanaşı, sağlam həyat tərzinin formalaşmasına da xidmət edir.

İdman təhsilinin ən vacib funksiyalarından biri gənclərin vətənpərvər ruhda yetişdirilməsidir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin Vətən sevgisi ilə böyüməsi xüsusi əhəmiyyət daşıyır. İdman bu prosesdə güclü ideoloji və mənəvi vasitədir. Gənclər idman arenasına çıxarkən təkcə şəxsi nailiyyət uğrunda deyil, Azərbaycan bayrağı, Azərbaycan adı naminə mübarizə apardıqlarını dərk edirlər. Bu şüur onların şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır.

Son beş ildə Azərbaycanın qalib ölkə statusu idmançıların üzərinə daha böyük məsuliyyət qoyub. Beynəlxalq yarışlarda Dövlət Bayrağımızın qalib bayraq kimi dalğalanması gənc idmançılar üçün canlı nümunə və stimul mənbəyidir. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılırlar. Bu amil idman təhsilində mənəvi tərbiyənin rolunu daha da artırır, fiziki hazırlıqla milli qürur anlayışını birləşdirir.

Azərbaycanda keçirilən iri beynəlxalq idman tədbirləri də gənclərin dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir. MDB ölkələrinin üçüncü Oyunlarının bölgələrdə – Gəncə, Xankəndi və digər şəhərlərdə keçirilməsi göstərdi ki, ölkəmiz yalnız idman infrastrukturu baxımından deyil, təşkilati və intellektual potensial baxımından da yüksək səviyyədədir. Eyni zamanda UFC turniri və Formula 1 yarışları gənclərə beynəlxalq idman mədəniyyətini yerində görmək, qlobal idman ailəsinin bir hissəsi olduqlarını hiss etmək imkanı yaradıb.

Gələcək dövr üçün müəyyən edilən prioritetlər idman təhsilinin daha da dərinləşdirilməsini nəzərdə tutur. Şahdağ Xizək Kurortunda keçiriləcək Dünya Kuboku, bölgələrdə inkişaf edən turizm-idman infrastrukturu, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni imkanlar göstərir ki, idman artıq regional inkişafın və sosial rifahın mühüm faktoruna çevrilib. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə bu siyasətə verilən beynəlxalq qiymətdir. Bu reallıqlar fonunda idman təhsili, gənclərin peşəkar idmançı və eyni zamanda vətənpərvər vətəndaş kimi yetişdirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biri olaraq qalacaq.

Fuad Aslanov, Olimpiya  mükafatçısı,  Əməkdar İdman Ustası, Əməkdar Məşqçi, Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər