Sumqayıt Dövlət Universitetində akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş elmi-praktik seminar keçirilib
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində(SDU) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə “Elmə və insanlığa həsr olunmuş ömür” adlı elmi-praktik seminar keçirilib.
Seminarda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Universitetin rektoru v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov tədbiri açaraq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, Zərifə xanım həm Azərbaycanda, həm də onun hüdudlarında kənarda tanınan görkəmli alim və ictimai xadim olub. Zəngin və mənalı ömür yolu keçmiş Zərifə xanım nüfuzlu dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və dövlətimizin başçısı, dünya şöhrətli lider İlham Əliyevin anasıdır. O, qeyd edib ki, akademik Zərifə Əliyeva insanların qəlbində öz səmimiyyəti, sadəliyi, qayğıkeşliyi və digər yüksək insani keyfiyyətləri ilə əbədi yer alıb. Alim kimi onun elmi fəaliyyəti Azərbaycan tibb elminin inkişafında xüsusi mərhələ təşkil edir. O, oftalmologiyanın ən aktual problemlərinə həsr olunmuş araşdırmalar aparmış, bu sahədə qiymətli elmi nəticələr əldə etmişdir. Əminağa Sadıqov onu da əlavə edib ki, Zərifə xanımın fəxri adları, elmi titulları və mükafatları onun zəngin elmi və ictimai fəaliyyətinin bariz nümunəsidir. Onun şərəfli ömür yolu hər bir vətəndaş, alim və həkim üçün mənəviyyat və müdriklik məktəbidir.
Sonra tədbirin qonağı, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-in 2 saylı xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva “Zərifə Əliyeva və Azərbaycan səhiyyəsi” adlı məruzə ilə çıxış edib. O, məruzəsində Zərifə xanım Əliyevanın göz xəstəlikləri sahəsindəki geniş elmi fəaliyyəti ilə Azərbaycanın tibb elminə böyük töhfələr verdiyini vurğulayıb, belə tədbirlərin cəmiyyətin akademikin elmi irsini öyrənməsi baxımından vacib olduğunu qeyd edib.
Arzu Bəndəliyeva xüsusilə Zərifə xanımın Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, həmçinin göz xəstəliklərinin profilaktikası və müalicəsindəki xüsusi roluna diqqət çəkib. Bildirib ki, Zərifə xanım dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaratmış və bununla da “peşə oftalmologiyası” adlı yeni bir elm sahəsinin əsasını qoymuşdur. O, oftalmologiya sahəsində apardığı araşdırmaların ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Akademik Zərifə Əliyevanın ümumilikdə 150 elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi onun Azərbaycan tibb elminə verdiyi böyük və əvəzolunmaz töhfəsinin göstəricisidir.
Arzu Bəndəliyeva Zərifə xanım Əliyevanın Azərbaycan və dünya tibb elmi qarşısındakı xidmətlərinin daim xatırlanacağını, onun əziz xatirəsinin isə hər zaman qəlblərdə yaşayacağını vurğulayıb.
Seminarda SDU rektorunun müşaviri, professor Tamella Əhmədova “Zərifə Əliyeva timsalında Azərbaycan qadını”, Xarici dillər kafedrasının professoru Nigar İsgəndərova “Zərifə və Heydər Əliyevlər − sonsuz sevgi örnəyi”, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nərmin Möhsümlü “Zərifə Əliyeva − zərif, nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımı” mövzularında çıxış edərək, Zərifə xanımın vəfalı həyat yoldaşı, həkim, alim və ictimai xadim olaraq Azərbaycan qadınını ləyaqətlə təmsil etdiyini, yüksək mədəniyyəti, alicənablığı və parlaq zəkası ilə hər kəsin sevgisini qazandığını qeyd ediblər.
Sonda görkəmli alimin mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Müzakirə qapadılmışdır.