Sentyabrın 26-da Sumqayıt Dövlət Universiteti tələbələri üçün Elm və Təhsil Nazirliyi, “Code Academy” tədris müəssisəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin SDU ilə birgə həyata keçirdiyi #codeforfuture layihəsinin məlumatlandırma və payız sessiyalarını uğurla başa vurmuş Code Academy tələbələrinə diplom və sertifikatların təqdim olunma tədbiri keçirildi.
Universitetin rektoru Rüfət Əzizov ilk olaraq tədbir iştirakçılarını salamladı, onları Silahlı Qüvvələrimizin Qarabağda başa çatmış uğurlu antiterror əməliyyatı münasibətilə təbrik etdi. “#codeforfuture” layihəsinin universitet tələbələri üçün əhəmiyyətli olacağına əminliyini bildirən Rüfət Əzizov qazanılan uğurların gələcək həyatımız üçün etibarlı bazis olduğunu xatırlatdı: “Biz sizin nəzərlərinizlə 2030/40-cı illərə baxırıq. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial proqramlar xüsusilə iqtisadiyyatımız üçün çox önəmli məsələləri hədəf seçir. Onu unutmamalıyıq ki, innovativ yanaşmaların intensivliyi cəmiyyətin inkişaf potensialından xəbər verir”.
Yeni layihələrin gələcəyin əmək bazarında oynayacağı rol barədə danışan rektor tələbələri məsələlərə innovativ yanaşmaya səslədi, “Code Academy”nin təqdim etdiyi layihəyə dəstək verən təşkilatlara təşəkkürünü bildirdi.
“Code Academy” tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov səmimi və maraqlı çıxışına görə rektor Rüfət Əzizova təşəkkürünü bildirdi. Layihənin regionlarda genişlənməsi, SDU tələbələrinin gələcək həyat və karyeralarındakı əhəmiyyəti haqqında danışan təsisçi tələbələrin müasir proqramlaşdırma dilləri, sistem və şəbəkəadminstratoru, həmçinin digər IT mütəxəssislərinə lazım olan biliklərə yiyələnmələrinin nəticə yox, vasitə olduğunu qeyd etdi: “Hər bir lahiyənin dəyəri orada iştirak edən tələbələrin əldə etdiyi uğurlarla qiymətlidir”.
Technest Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova ölkəmizdə gənclərin hərtərəfli inkişafına, sağlam və təhsilli formalaşmasına xüsusi önəm verildiyini bildirdi: “Biz artıq belə bir situasiyadayıq ki, çox vaxt işin olduğu, işçinin olmadığını müşahidə edirik. Bu isə o deməkdir ki, əmək bazarında gündəlik tələblərə cavab verən kreativ işçi qüvvəsi qıtlığı var”. Oxşar layihə iştirakında tələbələrin universitet diplomu ilə bərabər, #codeforfuture layihəsinin müvafiq sertifikatlarnı almaq şansı qazandıqlarını qeyd edən proqram rəhbəri bu yöndə onlara uğurlar arzuladı.
“Code Academy”nin təhsil meneceri Şəhriyar Məmmədlinin moderatorluğu ilə keçən tədbirin sonunda #CodeForFuture layihəsinin məzunu olan SDU tələbələrinə beynəlxalq sertifikatlar və diplomlar təqdim olundu.
Müzakirə qapadılmışdır.