Dekabrın 19-da Sumqayıt Dövlət Universitetində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Sumqayıt şəhərində inşa edilməsi planlaşdırılan “Xəzər dəniz suyunun duzsuzlaşdırılması zavodu” layihəsinə həsr olunmuş geniş təqdimat və müzakirə təşkil edilib.
Tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək layihənin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qlobal miqyasda su ehtiyatlarının azalması ciddi problemə çevrilib. Mövcud vəziyyət bir çox dövlətləri alternativ su mənbələrinin axtarışına sövq edir ki, bu baxımdan dəniz və okean sularının şirinləşdirilməsi ən effektiv həll yollarından biri hesab olunur.
Prorektor bildirib ki, Azərbaycanda həm içməli suya, həm də əkin suyuna olan artan tələbat belə layihələrin həyata keçirilməsini zəruri edir. Bu istiqamətdə “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Prezident Sərəncamı ölkədə su təhlükəsizliyinin möhkəmləndirilməsinə və mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılmasına mühüm töhfə verir.
Sonra “ACWA Power” şirkətinin əməkdaşları “Duzsuzlaşdırma nədir” mövzusunda təqdimatla çıxış edib, layihənin texniki xüsusiyyətləri və region üçün nəzərdə tutulan faydaları barədə məlumat verib. Vurğulanıb ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində inşa ediləcək zavod ölkənin su təhlükəsizliyi strategiyasına uyğun olmaqla yanaşı, sürətlə inkişaf edən sənaye zonalarının və əhalinin artan su tələbatının ödənilməsində mühüm rol oynayacaq.



Müzakirə qapadılmışdır.