Sumqayıt Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib
Dekabrın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq iştirakçıları əlamətdar günlər münasibətilə təbrik edib. O, çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik ideyasını ifadə etdiyini, bu ideyanın Ulu Öndər Heydər Əliyevin siyasi irsində xüsusi yer tutduğunu və Azərbaycan xalqının həmrəylik ənənələrinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu bayram milli mənsubiyyət hissinin güclənməsinə, dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşməsinə xidmət edir.
Əminağa Sadıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli həmrəylik ideyası bu gün də uğurla davam etdirilir və ölkəmizin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. O, xalqımızın birlik və həmrəyliyinin müstəqil Azərbaycanın inkişafının əsas dayağı olduğunu, Vətən müharibəsində qazanılan tarixi Zəfərin isə xalq–dövlət–ordu birliyinin ən parlaq nümunəsi kimi tarixə yazıldığını qeyd edib.
Əminağa Sadıqov çıxışında cari ilin Sumqayıt Dövlət Universiteti üçün də uğurlu olduğunu diqqətə çatdıraraq, universitetin beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirdiyini, təhsil və elmi fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, həmrəylik anlayışının universitet kollektivi üçün də xüsusi əhəmiyyət daşıdığını, birgə fəaliyyət və vahid məqsəd ətrafında birləşmənin əldə olunan uğurların əsasını təşkil etdiyini bildirib.
Ə. Sadıqov həmçinin payız semestrinin imtahan sessiyasının başladığını qeyd edərək, müəllim-professor heyətinə qiymətləndirmə prosesində şəffaflıq və obyektivlik prinsiplərinə ciddi əməl etməyi tövsiyə edib, tələbələrə isə uğurlar arzulayıb.
Çıxışının sonunda iştirakçıları bayram münasibətilə bir daha təbrik edərək, hər kəsə cansağlığı, uğurlar və milli həmrəyliyimizin daim möhkəm olmasını arzulayıb.
Tədbirdə “Qartal” şirkətinin rəhbəri Şahin Məmmədov da çıxış edərək Sumqayıt Dövlət Universitetinin kollektivini bayram münasibətilə təbrik edib, universitetin fəaliyyətini yüksək qiymətləndirərək kollektivə gələcək işlərində uğurlar arzulayıb. O, tələbələrə müraciət edərək tələbəlik illərindən səmərəli istifadə etmələrini və biliklərə dərindən yiyələnmələrini tövsiyə edib.
Daha sonra SDU tələbələrinin Qarabağ Universitetinə ünvanladıqları video təbrik nümayiş olunub. Həmçinin buna cavab olaraq Qarabağ Universiteti kollektivinin hazırladığı musiqi töhfəsini əks etdirən videoçarx təqdim edilib.
Tədbir tələbələrin ifasında vətənpərvərlik ruhlu şeirlər və mahnılar, “Səma” rəqs qrupunun çıxışı ilə davam edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi, aşıq Elçin Rəşid oğlu və Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin “Nur” vokal qrupunun çıxışları tədbirə xüsusi rəng qatıb.



Müzakirə qapadılmışdır.