SDU-da “Heydər Əliyev İli” çərçivəsində elmi-praktik konfrans keçirilib

736
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə kütləvi tədbirlərin, proqramların, idman yarışlarının keçirilməsi planlaşdırılır. Bu məqsədlə “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində silsilə tədbirlərin keçirilməsinə start verildi.
Yanvarın 25-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz, onun yoluna olan sədaqətimizdir” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, universitetin professor-müəllim heyəti iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovu və iştirakçıları salamladı, 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edilməsinin Ümummilli Liderin əziz xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri olduğunu qeyd etdi. Professor Elxan Hüseynov bildirdi ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Rektor onu da bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, onunxatirəsi hər zaman anılır, Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu Öndərin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır.Bu gün Prezident cənab İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər Günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur. Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur.
Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov çıxış edərək rektor professor Elxan Hüseynovu və kollektivi salamladı, konfransın əhəmiyyətindən bəhs edərək bildirdi ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin respublikada “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərə ümumxalq ehtiramının ifadəsidir. Sərəncamda qeyd olunduğu kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bütövlükdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi respublikamızın həyatında böyük ictimai-siyasi hadisədir. Çünki müstəqil Azərbaycanın adı Heydər Əliyevin adı ilə yanaşı çəkilir. Həmin Sərəncama uyğun olaraq  şəhərimizin bütün müəssisə və təşkilatlarında Ulu Öndərin həyatı, siyasi fəaliyyəti, göstərdiyi fədakarlıqları və Azərbaycan xalqına tarixi xidmətləri ilə bağlı Tədbirlər Planı hazırlanır, silsilə tədbirlər təşkil edilir.
Cənab Zakir Fərəcov onu da qeyd etdi ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlər göstərib. Heydər Əliyev doğrudan da dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində – Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyır, qəbul edirdilər.Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaqdır. Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda Prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Zaman sübut etdi ki, Ulu Öndərin xalqın və dövlətin taleyini etibar etdiyi, özü qədər inandığı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edir, beynəlxalq aləmdə nüfuzunu möhkəmlədir,üstəgəl “Qarabağ Azərbaycandır!” nidası ilə Atasının ən böyük vəsiyyətini yerinə yetirərək Azərbaycan Bayrağını Şuşa Qalasına, Xüdafərin körpüsünə sancaraq Müzəffər Ali Baş Komandan, qüdrətli Varis əzəmətini dünyaya nümayiş etdirdi.
Cənab Zakir Fərəcov onu da vurğuladı ki, İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatması da zamanın hökmünün təntənəsi idi. 44 gün davam edən Vətən müharibəsini uğurla başa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Milli Ordumuz  30 il  Ermənistanın himayədarlarının yardımı ilə zəbt olunan  torpaqlarımızı azad etdi.Hal-hazırda Erməni vandalları tərəfindən dağıdılmış ərazilərimizdə aparılan bərpa-quruculuq işləri davam etdirilir. İnsanların mərhələ üzrə doğma torparqları Ağalıda  yerləşmələri  Böyük Qayıdışın elliklə olacağı vaxtın yaxınlaşdığını da göstərir. Bu gün Zəngəzurun tarixi Azərbaycan torpağı olmasının sübuta ehtiyac yoxdur.  Müxtəlif ölkələrin arxivlərində saxlanılan sənədlər artıq dilə gəlir, həqiqət  illərdən bəri  aydınlığa çıxacağı günü gözləyirdi. Bu torpaqların əsl sahiblərinin yurda dönüşündən təşvişə düşən ermənilər hər vasitə ilə  bu köçün qarşısını almağa çalışırlar. Bütün bunlar Zəngəzurla bağlı həqiqətləri dəfələrlə açıqlayan Ulu öndər Heydər Əliyevin söylədiyi tarixi faktların aydınlığa çıxmasıdır. XIX-XX əsrləri Azərbaycan üçün çox əhəmiyyətli, eyni zamanda, gərgin hadisələrlə zəngin  bir dövr adlandıran Ulu Öndər daşnakların məkrləri nəticəsində  Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinin, yol verilən  saxtakarlıqlarının  gələcək nəsillərə çatdırılmasının vacibliyini həmişə qeyd etmişdir.Ulu öndər Heydər Əliyevin bütün kürsülərdən dilə gətiriyi bu faktların Prezident  cənab İlham Əliyev tərəfindən yenidən gündəmə gətirilməsi, bir daha sübut edir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.Tarixi torpaqlarımız işğaldan azad ediləcək. Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə və İrəvana qayıdacağıq.
SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, Əməkdar müəllim, professor Adil Baxşəliyev “Təkrarolunmaz lider və şəxsiyyət – Heydər Əliyev”, Filologiya fakültəsinin dekanı, dosent  Sevinc  Həmzəyeva “Ulu Öndərin mədəniyyət sevgisinin tarixi bəhrələri”, Tarix və coğrafiya fakültəsinin I kurs magistrantı Tamara Quluzadə “Ulu Öndərin gənclər siyasətinin layiqli davamçısı – İlham Əliyev” mövzularında çıxış edərək bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti barədə danışdılar. Bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər