SDU-da “Məzun günü” keçirildi

504
Sumqayıt Dövlət Universitetinin həyətində möhtəşəm “Məzun günü” qeyd edildi. Tədbirdə universitetin professor-müəllim, tələbə heyəti ilə yanaşı, valideynlər və estradamızın sevilən musiqili qonaqları iştirak edirdilər.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Rektor ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən, təhsil sistemindən, uğurlardan və beynəlxalq əlaqələrdən, respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətindən, Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs etdi. Bildirdi ki, bu günlərdə böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi böyük təntənə ilə qeyd edilir. Bu gün siz xoşbəxt gənclər kimi Ulu Öndərin anadan olmasının 100-cü ildönümündə onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə müstəqil həyata qədəm qoyursunuz. Sevindirici haldır ki, gənclərimiz ölkə həyatının ən müxtəlif sahələrində böyük müvəffəqiyyətlə təmsil olunur, öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti çalışdı ki, üzünüzə elmin qapılarını açaraq, sizi yüksəksəviyyəli mütəxəssislər kimi yetişdirsinlər. Bunun üçün universitetdə yeni, müasir laboratoriyalar, elektron elmi kitabxana, tələbələrin praktiki biliklərini möhkəmləndirmək üçün açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksəkgərginlikli yarımstansiya-Tədris poliqonu və s. istifadəyə verilmişdir. Əldə olunan uğurların nəticəsidir ki, tələbələrimizin bir çoxu beynəlxalq müsabiqə və elmi konfranslarda iştirak etmiş, universitetimizi layiqincə təmsil etmişlər. Qazandığınız nailiyyətlər, semestr imtahanlarındakı nəticələr göstərir ki, zəhmətimiz hədər getməyib. Hər bir universitetin məzunu onun uğurunun, qazandığı nailiyyətlərin göstəricisidir. Ümid edirəm ki, təhsildə qazandığınız elmi biliklərdən qarşıdakı illərdə səmərəli şəkildə istifadə edəcək, universitetin adını daha da yüksəldəcəksiniz. Bu yolda sizə cansağlığı və gələcək fəaliyyətinizdə bir daha uğurlar arzu edirəm! İnanıram ki, bundan sonrakı fəaliyyətinizlə də vətənimizin, ölkəmizin inkişafına töhfələr verəcək, “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan Müzəffər Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevin hər bir çağırışını qeyd-şərtsiz yerinə yetirəcəksiniz.
Sonra valideynlər adından 1-ci Qarabağ müharibəsinin iştirakçısı, Sabunçu rayonu Veteranları Cəmiyyətinin üzvü qazi Bünyad Qarayev və Leyla Həsənova çıxış edərək əlamətdar gün münasibətilə məzunları, valideynləri, universitetin professor-müəllim heyətini təbrik edib, onlara yeni nailiyyətlər arzuladılar, məzunları gələcək fəaliyyətlərində Sumqayıt Dövlət Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə töhfə verməyə çağırdılar.
Sonra çıxış edən digər qonaqlar da məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzuladılar.
Rəsmi hissənin sonunda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup məzuna Fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edildi.
Sonra ənənəvi “papaqatma” mərasimi keçirildi, sevinc və fərəh, ayrılıq və nisgil dolu “Məzun günü” bədii hissə ilə davam etdi. Universitetin özfəaliyyət kollektivi ilə yanaşı, Azərbaycan Respublikasının Əməkdar artisti Nüşabə Ələsgərli, Avroviziya mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov, eləcə də digər gənc sənətçilər öz ifaları ilə məzunları təbrik etdilər.
Məzun günü bir ömür boyu yaşayacaq xoş xatirəyə çevrildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər