Sumqayıt Dövlət Universitetində (SDU) yeni kadr təyinatı olub. Rektor v.i.e., professor Əminağa Sadıqovun müvafiq əmrinə əsasən Aysel Eminova Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Aysel Eminova 2006-cı ildə Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olunub və 2010-cu ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində MBA (ingilis dilində) proqramı üzrə magistratura təhsilini tamamlayıb. O, 2015-ci ildə ABŞ-nin Virciniya ştatında bir il yaşamış və könüllü fəaliyyət göstərmişdir.
2017-ci ildən SDU-da fəaliyyətə başlayan Eminova müxtəlif şöbələrdə tərcüməçi-metodist, baş mütəxəssis və bölmə müdiri kimi çalışıb. 2021-ci ildə “Müəssisələrin təşkili və idarəedilməsi” ixtisası üzrə doktoranturaya qəbul olunub və hazırda müəllim kimi də fəaliyyət göstərir. Onun “Rəqabət şəraitində müəssisənin dayanıqlılığının qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzərində araşdırmaları davam edir.
Yeni şöbə müdirinin beynəlxalq təcrübəsi də zəngindir. O, ABŞ, Türkiyə, İsveç, Çin, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ölkələrdə keçirilən təlim, forum və layihələrdə iştirak edib. Eminova UNESCO, Erasmus+, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər nüfuzlu qurumların təşkil etdiyi tədbirlərdə Azərbaycanı təmsil edib.
Aysel Eminova həmçinin yerli və xarici elmi jurnallarda, beynəlxalq konfranslarda 15 məqalə və tezisin müəllifidir.
Müzakirə qapadılmışdır.