Aprelin 2-də Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov “Qlobal ekoloji problemlər, alternativ enerji mənbələri” mövzusunda ustad dərsi keçdi.
Ustad dərsində SDU-nun professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Universitetin rektoru dosent Rüfət Əzizov qonağı və iştirakçıları salamladı, mövzunun aktuallığından danışaraq bildirdi ki, ekoloji problemlərin həlli hazırda dünyada ən aktual mövzulardandır. Elə bu kimi tədbirlərin məqsədi real ekoloji vəziyyəti gənclərin gözü ilə qiymətləndirmək və bu sahənin gənclər tərəfindən daha çox araşdırılmasına nail olmaqdır.
Rektor COP29-un Azərbaycanda keçirilməsinin mühüm siyasi və iqtisadi vacibliyindən danışdı. Qeyd etdi ki, son illər ərzində dünyada bu problemlərin həlli istiqamətində müəyyən addımlar atılsa da, ekoloji problemlərin effektiv həlli dünya dövlətlərinin birgə fəaliyyətini zəruri edir. Bu istiqamətdə də COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Ümumiyyətlə, tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı apardığı mübarizədəki müstəsna rolundan xəbər verir.
Sonra akademik Vaqif Abbasov qlobal iqlim dəyişmələrinin yaratdığı çətinliklərdən və onun həlli yollarından bəhs etdi. Dünyanı və respublikamızı narahat edən ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yollarından danışdı. Bildirdi ki, XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Bu istiqamətdə ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması baxımdan əsas hədəflər su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsindən ibarətdir. Bu sahələrdə ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görülüb və bu işlər öz nəticələrini artıq göstərir.
Məruzəçi onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır. Burada “yaşıl enerji” zonasına çevrilməsi çərçivəsində su elektrik stansiyalarının (SES) tikintiləri davam edir. Eyni zamanda, həmin ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir. Bu gün Qarabağa yeni nəfəs gəlir, ekoloji terrordan yaşıl dünyaya çevrilir.
Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırıldı.
Müzakirə qapadılmışdır.