Oktyabrın 13-də Sumqayıtda fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş konfrans keçirilib. Tədbir Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub.
Konfransda Sumqayıt şəhərinin ali və orta ixtisas təhsil müəssisələrinin – Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Texniki Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Sumqayıt Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak edib. Əvvəlcə hakimlər və məhkəmə sədrləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş ekspozisiyalar və fotostendlərlə tanış olublar. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Konstitusiya və Suverenlik ili” ilə bağlı videoçarx nümayiş olunub. Konfransda Sumqayıt Kommersiya Məhkəməsinin sədri İslam Əliyev “Azərbaycan hüquqi dövlətçiliyinin inkişafında, Konstitusiya və suverenliyin qorunmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rolu”, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mehriban Mahmudlu-Abbaszadə “Konstitusiyanın əsas prinsipləri və vətəndaş hüquqları”, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev “Dövlət hakimiyyətinin bölünməsi prinsipi Konstitusiya maddələri əsasında”, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fərid Nəsimiyev “Azərbaycan Respublikasının suverenliyi və Konstitusiya təminatları” mövzularında çıxış ediblər.
Konfransın sonunda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Müzakirə qapadılmışdır.