16 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin bir qrup əməkdaşını “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalları ilə təltif etmişdir.
Dekabrın 22-də Azərbaycan Respublikasının Elm və təhsil naziri cənab Emin Əmrullayev SDU-nun təltif olunmuş bir qrup əməkdaşlarını qəbul etdi və ali mükafatı sahiblərinə təqdim etdi.
Azərbaycan Respublikasının Elm və təhsil naziri cənab Emin Əmrullayev ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunan əməkdaşları təbrik etdi, bildirdi ki, bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar artıq öz bəhrəsini verir. Müəllim əməyi həmişə yüksək qiymətləndirilir, dövlətimiz təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalır. Bu isə təhsil işçilərinin daha məsuliyyət və vicdanla çalışmaları üçün stimul yaradır. Nazir onu da vurğuladı ki, ölkənin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr vermiş Sumqayıt Dövlət Universiteti ötən dövr ərzində böyük inkişaf yolu keçmiş, Azərbaycanın sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir və bu gün də müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcək peşəkar kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirməkdədir. Əminəm ki, 60 illik təcrübəsi olan bu ali təhsil ocağı müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcəkdir.
Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov Azərbaycan Respublikasının Elm və təhsil naziri cənab Emin Əmrullayevə səmimi qəbula görə dərin təşəkkürünü ifadə etdi. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə SDU-nun kollektivinə verilən yüksək təltiflərə görə dövlətimizin başçısına universitetin kollektivi adından dərin minnətdarlığını bildirdi. Zəngin ənənələrə malik SDU-nun 60 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan professor Elxan Hüseynov vurğuladı ki, SDU-nun 60 ildə qazandığı nailiyyətlər professor-müəllim heyətinin böyük zəhməti, fədakar əməyi sayəsində ərsəyə gəlib. Təbii ki, SDU ailəsinin hər bir üzvünün əldə olunan nailiyyətlərdə öz payı var. Burada müəllim-tələbə, tələbə-əməkdaş, əməkdaş-müəllim və onlarla rəhbərlik arasında diqqət, qayğı və ehtiram var. Hər kəs vətənimiz, xalqımız, millətimiz üçün yüksəkixtisaslı kadr, layiqli vətəndaş hazırlamaq yolunda yorulmadan çalışır.
Təltif olunan müəllimlər çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə təşəkkür etdilər, bundan sonrakı fəaliyyətlərində də səylə və əzmlə çalışacaqlarını bildirdilər.
Müzakirə qapadılmışdır.