SDU rektoru SOCAR Karbamid Zavodunda – mühüm əməkdaşlıq razılığı əldə edildi

27

Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli “SOCAR Karbamid” Zavodunda olub və müəssisənin direktoru Kutay Durna ilə görüş keçirib.
Görüş zamanı universitet ilə sənaye müəssisəsi arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və perspektiv əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Rektor Nurəli Yusifbəyli universitet-sənaye əməkdaşlığının ali təhsilin keyfiyyətinin yüksəldilməsi və yüksəkixtisaslı mütəxəssis hazırlığında mühüm rol oynadığını vurğulayıb. O, tədris prosesinin istehsalat mühitinə inteqrasiyası, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsi, startap təşəbbüslərinin təşviqi, innovativ layihələrin hazırlanması və onların kommersiyalaşdırılması istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
“SOCAR Karbamid” Zavodunun direktoru Kutay Durna universitetlə əməkdaşlığın praktik nəticələrə yönəldilməsinin vacibliyini diqqətə çatdıraraq, müəssisənin istehsalat və texnoloji potensialının tələbələrin peşə hazırlığının gücləndirilməsi, eləcə də birgə layihələrin reallaşdırılması üçün əlverişli imkanlar yaratdığını bildirib.
Görüşdə tələbələrin istehsalat təcrübəsinin daha səmərəli təşkili, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə tərəflər arasında çərçivə sənədinin imzalanması barədə razılıq əldə edilib.
Bununla yanaşı, rəqəmsal platformalar vasitəsilə birgə təlimlərin, seminarların və layihələrin təşkili, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin rəqəmsal əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Sonda tərəflər uzunmüddətli strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq gələcək perspektivləri dəyərləndiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər