Şəhid Bəxtiyar Muradovun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Əvvəlcə Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub.
Anım tədbiri Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirdə şəhid Bəxtiyar Muradovun döyüş yolundan söz açılıb və onun vətənpərvərliyindən bəhs olunub. Bildirilib ki, Bəxtiyar Muradov 24 avqust 2003-cü ildə Sumqayıt şəhərində anadan olub.2007-2018-ci illərdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə orta təhsil alıb.
Bəxtiyar Muradov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində toqquşma baş vermişdir. Döyüşlərdə sıravi əsgər kimi iştirak edən Bəxtiyar Muradov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Bəxtiyar Muradov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Müzakirə qapadılmışdır.