Şərəf tariximiz

3436

Tarixin ən qürurlu, qüdrətli günlərini yaşayırıq. Tariximizin bu təqvimi respublikamızda həm Vətən müharibəsi şəhidlərinin Anım günü, həm də qırx dörd günlük savaşın başlandığı gündür.
27 sentyabr 2020-ci il… Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun əks hücum əməliyyatı başladı. Düşmən qəhrəman oğullarımızın Zəfər yürüşünə dözə bilməyib geri çəkildi. Nəticədə uzun illər nankor qonşularımızın tapdağı altında qalan torpaqlarımız vandallardan təmizləndi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin gün xalqa növbəti müraciətində Komandanımız milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi. Bir daha diqqətə çatdırdı ki, bu sənədin çox böyük mənası var: “Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq,  arabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!” Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində ordumuz Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. Qırx dörd günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik.

Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm
müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Vətən savaşının təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən təmizlənməsi deyil, eyni zamanda, xalqımızın milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.

Vurğulanmalıdır ki, şanlı ordumuzun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdi. Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. Döyüş meydanında çıxılmaz vəziyyətə düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdi. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri,
çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, dinc əhalinin atəşə tutulması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Müharibə itkisiz olmur. Bu ölüm-dirim savaşında üç min nəfərədək əsgər və zabitimiz həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, müharibə iştirakçılarından min nəfərdən çoxu yaralanaraq sağlamlığını itirmişdi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üç rəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, möhtərəm Prezidentimizin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Sözügedən Sərəncamda qeyd edilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”. Vətən müharibəsi Ermənistanın otuz ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın soydaşlarımızın fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.
Təcrübəli hüquqşünas kimi deyə bilərəm ki, münaqişə sülh yolu ilə də həll oluna bilərdi. Çünki Azərbaycan hər zaman beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirdi və münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı. Ermənistan isə təcavüzkar siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar həyata keçirdi, mülki vətəndaşlarımıza daim atəş açdı və onların rahat yaşamasına imkan vermədi.
2016-cı ilin aprelində və 2020-ci ilin iyulundakı döyüşlərdə Azərbaycan bu işğalı qəbul etməyəcəyini, barışmayacağını göstərdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, ölkəmizə qarşı təxribatlarını davam etdirdi. 1990-cı illərin ab-havası ilə yaşayan ermənilər 27 sentyabr 2020-ci ildə daha bir hərbi təxribat törətdilər, yaşayış məntəqələrimizi və döyüş mövqelərimizi ağır artilleriya atəşinə tutdular. Nəticədə hərbçilərlə yanaşı, iki uşaq da daxil olmaqla 11 mülki vətəndaşımız həlak oldu. Qeyd olunduğu kimi, illər boyu problemin sülh yolu ilə həllinə çalışan Azərbaycan hökumətinin və xalqımızın artıq səbr kasası dolmuşdur. Hərbi təxribatı dəf etmək və düşmənin təcavüzünə son qoymaq üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhədə əks-hücuma keçməyi əmr etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi cənab İlham Əliyevin siyasi iradəsini və gücünü yalnız 27 sentyabrda anlamağa başladı. Vətən müharibəsinin ilk günündən ordumuzun yenilməzliyini, əsgər və zabitlərimizin şücaətini və vətənpərvərliyini, xalqımızın birliyini, dönməzliyini dərk etdilər. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda ərazi bütövlüyümüzü bərpa etdi.
Bununla da Ermənistanın təcavüzkar siyasətinə son qoyuldu.

Ötən dövr ərzində hərbi quruculuq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən oldu. Prezident İlham Əliyev bununla bağlı çıxışlarından birində demişdir: "Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın yaranması, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir.

]Dövlətimiz bu sahədə mühüm addımlar atdı. Ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar, müasir texnika ilə təchiz olunma Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir.
Bəzi aparıcı Qərb kütləvi informasiya vasitələrinin, eləcə də ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrləri hərbi taktikamızı öyrənmiş və belə nəticəyə gəlmişlər ki, Azərbaycan ordusunun qarşısında hətta dünyanın ən aparıcı ölkəsi olsa belə heç bir şans olmayacaqdı. Bəli, bu gün şanlı ordumuz istənilən tapşırığı yerinə yetirməyə qadirdir. İkinci Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş taktikaları dünya hərb tarixində bir yenilik sayılır və müvafiq hərbi məktəblərin dərsliklərində öyrənilir.

Hətta ABŞ Hərbi Akademiyası və Pentaqonun nümayəndələri Azərbay-can ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin vacibliyini vurğulayırlar. Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949- cu il tarixli Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozmaqdadır. Ötən il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Ordumuz hərbi təxribatın qarşısını qətiyyətlə alıb. Təəssüflər olsun ki, erməni separatçıları bundan da nəticə çıxarmadılar. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, sərhədlərimizdə təxribat xarakterli əməllər törətməsi barədə xəbərlər artıq mütəmadi xarakter almışdır. Sentyabrın 19-20-də erməni diversiya qrupunun törətdiyi təxribat zamanı polis əməkdaşlarımız, eyni zamanda mülki şəxslər həyatlarını itirdilər. Azərbaycan ordusu isə təxribatın qarşısını alaraq düşmənə layiqli cavab verdi. Ermənilərin hərbi infrastrukturu darmadağın olundu. Özləri də ağ bayraq qaldırıb ordumuzun qarşısında diz çökdülər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bir günlük müharibənin zəfərlə başa çatması münasibətilə xalqa müraciətində demişdir: “Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”.
Hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.

Eyvaz MƏMMƏDOV,
Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər