Sevda qayınanasını hədələdi: "Məhkəməyə verəcəm"

1241

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində müğənni Sevda Sanaliyevanın mətbuat konfransı baş tutub.

Oxu.Az-ın məlumatına görə, ifaçının mətbuat nümayəndələrini bir araya toplamaqda məqsədi bir neçə gün öncə qayınanasının ona yazdığı təhqiramız mesajlarla bağlı olub:

“Hər birinizi salamlayıram. Burada iştirak etdiyiniz üçün təşəkkür edirəm. Məlum məsələ ilə bağlı sizi topladığım üçün öncədən hər birinizdən üzr istəyirəm. Əslində yeni mahnı və klip təqdimatlarımla qarşınıza çıxmağım daha məqsədə uyğun olardı.

Hər zaman qalmaqal və söz-söhbətlərdən uzaq dururam. Uzun zamandır bu məsələyə susurdum və susmağa da davam edəcəkdim. Sadəcə olaraq məsələ sosiallaşdığı üçün bu addımı atdım. Sizinlə görüşümün əsas səbəbi mövzunu sonlandırmaqdır. Çünki bu hadisə tək məni yox sevdiklərimi də zədələyir. Həm mənəvi həm də maddi ziyan dəyir”.

Müğənninin vəkili Asif Abdullayev hadisənin hüquqi tərəflərindən danışıb:

“Mən də bu məsələyə hüquqi tərəfdən yanaşmaq istəyirəm. Təbii ki, hər kəsin ailəsi və şəxsi həyatı var. Ailə daxilində çox şey baş verə bilər. Bu hadisələr ictimailəşəndə və şəxsin iradəsinə zidd olaraq onun ailə həyatının sirri açılanda insan mənəvi sarsıntıya məruz qalır. Bu gün Sevda xanımın xahişi ondan ibarətdir ki, onun razılığı olmadan şəxsi həyatı ilə bağlı xəbərlər yayılmasın. Bu tip informasiyaların qorunması qanun (AR kostitusiyası 32-ci maddə) tərəfindən təmin edilir.

Bu mətbuat konfrans ilə həmin şəxslərə bir daha xəbərdarlıq etmək istəyirik ki, bu günə qədər qohumluq əlaqələri bu məsələnin hüquqi müstəviyə çıxmasına əngəl olurdusa, bundan sonra məcburiyyət qarşısında qalınaraq məsələnin həlli üçün hüquq müstəvisində addım atılacaq. Eyni zamanda da xəbəri dərc edən media qurumu da məsuliyyətə cəlb ediləcək”.

Sevda Sanaliyeva qarşı tərəflə razılığa gələ bilmədiklərini də deyib:

“Telefonla danışmışıq, amma qarşı tərəf anlayışlı deyil. Problemlərinin nə olduğunu bilmirəm. Sadəcə istəyirlər ki, onların həyatında olmayım. Hətta nəvələrini də qəbul etmir. Həyat yoldaşımın bu məsələyə qarışdırılmasını istəmirəm. Ayrı-ayrı insanlarıq və özüm qərar verə bilirəm. Əgər mənim anamın qəbri, başdaşı, kəfəni söyülürsə, nə etməliyəm? İnandırım ki, əgər sizlərdən birinə bu hərəkət olunsa, bir dəqiqə də dayanmazsınız. 4 ildir ki, qulağım dözür. Amma hər kəsə qarşı təhqir yolverilməzdir. Onlar hətta yoldaşımın birinci evliliyindən olan övladlarını belə ona göstərmirlər.”

İfaçı sonda media nümayəndələrindən xahiş də edib:

“Media nümayəndələrindən xahişim var. Mənim oğlum artıq 3 yaşındadır. Bir neçə ildən sonra bu yazıları internetdə görsə ona necə cavab verəcəyimi bilmirəm. İstəyim odur ki, qarşı tərəfin fikirlərini yayımlamayın”.

www.oxu.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər