Siyasi partiyalar haqqında yeni Qanun günümüzün reallıqlarını və tələblərini özündə əks etdirir

367

Şəhidlərimizin canı və qanı, Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi sayəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövlətinin siyasi gündəminin əsasını davamlı sülhün əldə olunması, respublikamızda həyatımızın bütün sahələrində həyata keçirilən sürətli, genişmiqyaslı islahatlar təşkil edir. Azərbaycanın dünya dövlətləri arasında mövqeyini daha da möhkəmləndirib, yeni inkişaf mərhələsinə çıxaran islahatlar dalğasında müasir tələblərə cavab verməyən qanunvericilik aktlarının da müasir tələblərə uyğunlaşdırılması, dövlət idarəçiliyində təkmilləşdirilmə, beynəlxalq normalara uyğunlaşdırılma zərurəti reallaşdırılmaqdadır. Bunu nəzərə alaraq “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılmasını günümüzün tələblərindən yaranan təbii proses hesab edə bilərik.

Alqışlanası haldır ki, 30 il bundan əvvəl qəbul olunmuş, bu günkü tələblərə cavab verməyən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun yeni layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri müraciət etmişdirlər.

Rəy və təkliflərin verilməsi üçün hazırlanmış layihənin komitə iclasına çıxarılmazdan əvvəl Milli Məclisin rəsmi İnternet portalında qoyulması, qanun layihəsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəy sorğusunun keçirilməsi, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, politoloqların təkliflərinə görə layihədə təkmilləşdirmə istiqamətində 100-dən çox düzəlişin edilməsi qəbul olunmuş yeni Qanunun tam şəffaf və demokratik şəkildə qəbul olunmasını sübut edir. Bunu təsdiq edən bir faktı göstərmək istəyirəm ki, siyasi partiyanın statusuna və fəaliyyətinə dair Venesiya Komissiyasının 132 tövsiyəsindən 112-si yeni Qanunda nəzərə alınmışdır.

Qəbul olunmuş yeni Qanun Siyasi partiyalar haqqında 1992-ci il iyunun 3-də qəbul edilmiş Qanundan bir sıra məqamları ilə fərqlənir. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, hüquq və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərir.

Qanundakı əsas məqamlardan biri dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilməməsidir. Qanundakı daha bir demokratik xüsusiyyət siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə Apellyasiya məhkəməsi tərəfindən baxılmasıdır.

Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. Ümumiyyətlə, Siyasi partiyalar haqqında qəbul olunmuş yeni Qanun müasir dövrün reallıqlarını və tələblərini özündə əks etdirir.

Ramiz Hüseynov, 

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər