Azərbaycan və Çin arasında münasibətlər uzun tarixi və strateji əsaslara malikdir. Bu əlaqələrin kökləri qədim Böyük İpək Yolu dövrünə gedib çıxır, burada ticarət və mədəni mübadilə iki xalq arasında qarşılıqlı maraqları formalaşdırmışdır. Müasir dövrdə bu əməkdaşlıq həm iqtisadi, həm siyasi, həm də mədəni sahələri əhatə edir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak edir, Çinlə əməkdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi və siyasi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sənədlər iki ölkə arasında amünasibətlərin inkişafına mühüm töhfə verib. Bu sənədlər iqtisadi əməkdaşlıq, investisiya, ticarət, eləcə də humanitar və mədəni sahələri əhatə edir. Çin rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi isə siyasi etimadın güclü göstəricisidir və qarşılıqlı münasibətlərin möhkəm təməlini qoyur.
Bu strateji əməkdaşlıq yalnız ölkələr səviyyəsində deyil, eyni zamanda şəhər və regionlar səviyyəsində də öz əksini tapır. Sumqayıt şəhəri bu baxımdan xüsusi önəm kəsb edir və Azərbaycan–Çin münasibətlərində yerli tərəfdaşlıq nümunəsi kimi çıxış edir.
Son 10 ildə Sumqayıt–Çin əməkdaşlığı çərçivəsində şəhərin sənaye, təhsil və mədəni sahələrdə bir sıra layihələri həyata keçirilib, qardaşlaşma müqavilələri imzalanmış və qarşılıqlı səfərlər təşkil olunmuşdur. Bu əməkdaşlıq həm investisiya imkanlarının genişlənməsinə, həm də dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etmişdir.
Çin Səfirləri ilə mütəmadi keçirilən görüşlər əməkdaşlıq və dostluq münasibətlərini daha da gücləndirir
Sumqayıt və Çin şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında Çin səfirlərinin və yüksək səviyyəli nümayəndələrinin şəhərə səfərləri xüsusi rol oynamışdır. Bu səfərlər yalnız rəsmi protokolların imzalanması və iqtisadi təşəbbüslərin müzakirəsi ilə məhdudlaşmayıb, həm də iki xalq arasında qarşılıqlı etimad və anlayışın dərinləşməsinə xidmət etmişdir.
Çin səfirləri Sumqayıta səfərləri zamanı şəhərin sənaye, sosial və təhsil infrastrukturunu yaxından tanımış, Heydər Əliyev Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Kimya Sənaye Parkı və digər strateji müəssisələrdə olmuş, şəhərin iqtisadi və investisiya potensialı ilə tanış olmuşlar. Bu görüşlər zamanı iki ölkə arasında yeni əməkdaşlıq imkanları, qarşılıqlı investisiya təşəbbüsləri və texnologiya transferi perspektivləri müzakirə olunmuşdur.
Səfərlər həmçinin təhsil və mədəni əməkdaşlıq sahəsində müzakirələr üçün platforma yaratmışdır. Beləliklə, Çin səfirlərinin Sumqayıta mütəmadi səfərləri, keçirilmiş görüşlər və rəsmi tədbirlər əməkdaşlığın inkişafına, dostluğun möhkəmlənməsinə və şəhərin beynəlxalq nüfuzunun artırılmasına xidmət etmişdir. Bu səfərlər Sumqayıtı beynəlxalq əməkdaşlıq nümunəsi kimi ön plana çıxarmış və gələcək perspektivlər üçün davamlı zəmin yaratmışdır.
Sumqayıt və Çin şəhərləri arasında qardaşlaşma əlaqələri iki xalq arasında dostluq bağlarını möhkəmləndirir
Sumqayıtın Çin şəhərləri ilə qardaşlaşma əlaqələri Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin yerli səviyyədə uğurlu təzahürüdür. Bu çərçivədə Sumqayıt–Myenyan, Sumqayıt–Sian və Sumqayıt–Çunçin münasibətləri formalaşıb. İmzalanmış memorandumlar və dostluq protokolları iqtisadiyyat, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığa zəmin yaratmışdır.
Qardaşlaşma əlaqələri iki xalq arasında dostluq bağlarını möhkəmləndirir və Sumqayıtın beynəlxalq əlaqələrini genişləndirir. Bu əməkdaşlıq həmçinin şəhərin inkişaf perspektivlərinin tanıdılmasına, investisiya imkanlarının təqdim olunmasına və yerli sənaye potensialının beynəlxalq aləmə çatdırılmasına xidmət edir.
Zakir Fərəcovun Çin səfərləri və beynəlxalq forumlarda iştirakı Sumqayıtın beynəlxalq səviyyədə tanınmasına xidmət edir
Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbəri Zakir Fərəcovun Çin səfərləri şəhərin beynəlxalq nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətlidir. Zakir Fərəcov Sian və digər şəhərlərdə keçirilən İpək Yolu İqtisadi Kəməri üzrə forumlarda çıxış etmiş, Sumqayıtın sənaye və investisiya potensialını beynəlxalq auditoriyaya təqdim etmişdir.
Bu çıxışlar zamanı Sumqayıtın sənaye zonaları, Kimya Sənaye Parkı, müasir sənaye klasterləri və investisiya imkanları geniş şəkildə təqdim olunmuşdur. Çinə sərmayə dəvəti, yerli inkişaf modeli və şəhərin strateji üstünlükləri nümayiş etdirilmişdir. Bu, yalnız iqtisadi əməkdaşlıq üçün zəmin yaratmaqla qalmayıb, həm də Sumqayıtın beynəlxalq səviyyədə tanınmasına xidmət etmişdir.
Çin nümayəndə heyətlərinin Sumqayıta səfərləri əlaqələri daha da gücləndirir
Çin nümayəndə heyətləri – xüsusilə Şaansi vilayəti, Çunçin və Sian şəhərlərindən gələn rəsmi qonaqlar – Sumqayıta səfərlər edərək şəhərin sosial və sənaye infrastrukturunu tanıyıblar. Heydər Əliyev Mərkəzi, Sumqayıt Dövlət Universiteti və sənaye müəssisələri nümayəndələr üçün xüsusi maraq doğurmuşdur.
Səfərlər zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmiş, bir sıra razılaşmalar imzalanmışdır. Bu tədbirlər yalnız rəsmi əlaqələrin inkişafına deyil, həm də iki xalq arasında qarşılıqlı anlaşma və etimadın güclənməsinə xidmət edir.
Sumqayıt və Çin arasında iqtisadi və investisiya əməkdaşlığı yerli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir
Sumqayıt–Çin əməkdaşlığı sənaye və ticarət sahələrini əhatə edir. Kimya Sənaye Parkı və müasir sənaye klasterləri Çin şirkətləri üçün maraqlı sərmayə istiqamətləri kimi təqdim olunur. Bu sahələrdə əməkdaşlıq Sumqayıtın ixrac potensialını artırır və yerli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir.
Çin şirkətlərinin marağı və mümkün sərmayə imkanları şəhərin beynəlxalq iqtisadi profilini daha da gücləndirir. Sənaye sahələrində əməkdaşlıq yalnız iqtisadi deyil, həm də texnologiya transferi və innovativ həllərin tətbiqi baxımından əhəmiyyətlidir.
Koronavirus dövründə humanitar əməkdaşlıq
Azərbaycan–Çin münasibətlərində humanitar əməkdaşlıq xüsusi önəm daşıyır. Bu istiqamətdə Sumqayıt mühüm addımlar ataraq dostluq əlaqələrinin real məzmun kəsb etməsinə töhfə verib.
2020-ci ilin əvvəlində Çində yeni tip koronavirus sürətlə yayılarkən, tibbi ləvazimat qıtlığı ilə üzləşən Myenyan və Sian şəhərlərinə ilk yardımı göndərənlərdən biri məhz Sumqayıt olub. Fevral ayında Sumqayıt şəhər İcra Hakimiyyəti Myenyan şəhərinə 100 min ədəd bone, 40 min maska, 100 min steril əlcək, 100 min spirt və digər tibbi vasitələr göndərmişdir. Ardınca Sian şəhərinə də yardım çatdırılmış, 40 min maska, 50 min steril əlcək və 50 min spirt təqdim olunmuşdur.
Bu addım pandemiya ilə mübarizəyə dəstək olmaqla yanaşı, dostluq əlaqələrinin səmimiyyətini nümayiş etdirən nümunə kimi yadda qalmışdır. Daha sonra isə qarşılıqlı xarakter almışdır: COVID-19 pandemiyası Azərbaycanda yayıldıqda, Sumqayıtın qardaş şəhərləri Çin tərəfindən də tibbi ləvazimat və dəstək almışdır. Beləliklə, pandemiya dövründə Sumqayıt ilə Çin şəhərləri arasında münasibətlər yalnız rəsmi sənədlərlə deyil, real humanitar əməkdaşlıqla möhkəmləndi.
Mienyen şəhər rəhbərliyi bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu ünvanlayıb.
Çindən Sumqayıt şəhərinə ünvanlanmış məktubda qeyd olunurdu:
“Hörmətli cənab Zakir Fərəcov, yeni koronavirus pnevmoniya (YKP) epidemiyası yeni ilin əvvəlində qəflətən galdi. Biz pnevmoniya epidemiyasının qarşışının alınması va idarə olunması üçün tam mübarizəyə başladıq – zamana va xəstəliyə qarşı mübarizə və vəziyyətin qarşısının alınması və nəzarəti ümumiyyətlə sabitləşib. Ancaq epidemiyanin inkişafı ilə nəzarət və qarşısını almaq üçün olan materialların, xüsusilə tibbi materialların və müdafiə vasitələrinin qorunmasını gücləndirmək çox vacibdir.
Böyük çətinliklər yaşadığımız dövrdə, şəhəriniz Myenyandan narahat idi və vaxtında kömək əlini uzatdı, təcili olaraq ehtiyac duyduğumuz çox sayda tibbi materialı bizə bağışladı. “Təpələr və yamaclar bizi bir-brimizdən ayırsa da, ay və külək ürəklərimizi birləşdirir”-dərin dostluq hislərini göstərdi və epidemiyanı aradan qaldırmaq üçün inamımızı gücləndirdi. Bununla, Myenyan Xalq Höküməti və 5,46 milyon Myenyan xalqı adından səmimi təşəkkürümü və şəhərinizə yüksək hörmətimi bildirmək istəyirəm!”
Təhsil və humanitar əlaqələr Sumqayıtın beynəlxalq imicini gücləndirir
Sumqayıt–Çin əməkdaşlığı təhsil sahəsində də əhəmiyyətli inkişaf nümayiş etdirir. Çin nümayəndələri Sumqayıt Dövlət Universitetində görüşlər keçirmiş, tələbə və müəllim mobilliyi, elmi və texnoloji əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Təhsil və humanitar sahələrdə bu əməkdaşlıq Sumqayıtın beynəlxalq imicini gücləndirir, eyni zamanda iki ölkə arasında qarşılıqlı anlayış və mədəni əlaqələrin inkişafına şərait yaradır.
Sumqayıt–Çin münasibətləri, Azərbaycan–Çin strateji tərəfdaşlığının yerli səviyyədə uğurlu nümunəsidir. Sumqayıt Cənubi Qafqazda sənaye və beynəlxalq əməkdaşlıq mərkəzi kimi mövqeyini gücləndirir. Gələcəkdə iqtisadi, mədəni və humanitar sahələrdə bu əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Real layihələr, investisiya təşəbbüsləri və humanitar yardımlar bu əlaqələrin davamlılığını təmin edir və Sumqayıtı beynəlxalq əməkdaşlıq modeli kimi ön plana çıxarır.
Eyvaz Qocayev
Müzakirə qapadılmışdır.