“Ədəbiyyat və incəsənət” portalı ilə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə layihəsi olan “Sumqayıtın tanınmış qələm adamları” layihəsi şəhərin 75 illik yubileyinə həsr edilib.
Layihəni bölmənin sədri Gülnarə Cəmaləddin təqdim edir.
Müsahibimiz “Qabaqcıl təhsil işçisi”, “Tərəqqi” medalı, Azərbaycan Respublikası Prezidentin fəxri diplomu,”Heydər Əliyevin 100 illik” yubiley medalı laureatı, şair- publisist, dramaturq Əvəz Mahmud Lələdağdır.
-Necəsiz,Əvəz müəllim?
– Çox sağ olun, təşəkkür edirəm.
-Şəhərimizin 75 illik yubileyi ərəfəsindəyik. Siz şəhərimizdən yaşca böyüksünüz. Yəni bu şəhər gözünüzün önündə yaranıb, inkişaf edib və bu günə gəlib çatıb. Sizinlə birgə Sumqayıtın tarixinə qısa bir ekskursiya edə bilərikmi?
– Mən Sumqayıt şəhərinə keçən əsrin 50-ci illərindən gəlib-gedirdim. O vaxt tələbə idim. Dayılarım Sumqayıtda işləyir, baraklarda yaşayırdılar. Hər həftənin şənbə-bazar günləri Sumqayıta gəlirdim.
Taxtabitinin, milçəyin, ağcaqanadın tüğyan edən vaxtı yuxudan ayılanda elə bil canım məxmirək tökürdü, qaşınma başlayırdı. Dayım mənə ürək-dirək verirdi: “Darıxma, bir azdan gedərik dənizdə çimərsən, dənizin suyu dərmandır, qaşınmanın qarşısını o saat alır”. O zaman baraklardan dənizə
gedən ərazi boş səhranı xatırladırdı. Biz dizəcən quma bata-bata dənizə gedərdik. 1949-cu ildə əhalinin sayı 17 mini keçmişdi. Sumqayıtı qurub-yaradanların milli tərkibi də geniş idi. 1959-cu ildə 10, 1970-ci ildə 15, 1979-cu ildə 77, 1989-cu ildə 81 millətin nümayəndəsi yaşayır, işləyirdilər.
1989-cu il ümumittifaq siyahıyaalınmasının statistik materiallarına görə şəhər əhalisinin milli tərkibi sayına görə belə idi:
Azərbaycanlı: 208144 nəfər
Rus: 26685 nəfər
Ləzgi: 7088 nəfər
Erməni: 4008 nəfər
Ukraynalı: 2314 nəfər
Belarus: 848 nəfər
Talış: 100 nəfər
Fransız: 1 nəfər təşkil edirdilər.
Sumqayıtda 81 millətin nümayəndəsi çalışır, sıx dostluq əlaqəsi yaradırdılar. Şəhərin qurucuları əsasən 25-30 yaşlı gənclər idi. Məlum hadisələrə görə bir sıra millətin nümayəndələri şəhəri tərk etdilər. Hazırda şəhərimizin əhalisi məcburi köçkünlərlə birgə 400 mini keçmişdir.
1949-52-ci illərdə Sumqayıtda fəaliyyət göstərən Corat 7 №li məktəbi, 1931-ci ildə ibtidai məktəb kimi Tuğ zavodu ərazisində yerləşən 42 №li məktəb, hazırda Təbiət Elmləri Təmayüllü məktəb kimi tanınan binada 145 №li məktəb BŞXMŞ-nin tabeliyində fəaliyyət göstərirdi. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradıldı, həmin məktəblər BŞXMŞ -dən ayrıldı. Hazırda, şəhərimizdə 43 tam orta ümumtəhsil məktəb, 4 yeni tipli məktəb – 3 lisey, 1 gimnaziya, 3 internat, 4 məktəbdənkənar-tərbiyə müəssisəsi, 56 məktəbəqədər tərbiyə müəssisəsi, 4 peşə liseyi, 1 universitet – SDU, 4 texnikum fəaliyyət göstərir.
1949-cu ilin sonundan Azərbaycan K(b)P-nın Bakı şəhər Partiya Komitəsinin tərkibindən ayrılan Sumqayıt rayon Partiya Komitəsi Nasosnu, Ceyranbatan və Sumqayıt ətrafı ərazilər (Corat) də daxil olmaqla yeni yaranmış Şəhər Partiya Komitəsi olaraq işləməyə başladı. Sumqayıtın ilk birinci katibi Yəhya Məmmədov oldu. Sonrakı illərdə isə Hacı Əliyev, Kamran Hüseynov, Nadir Balakişiyev, Firudin Əliyev, Sabit Abbasəliyev, Kamran Bağırov, Həsən Həsənov, Şənlik Əliyev, Feyruz Abdullayev, Cahangir Müslümzadə, Zülfü Hacıyev, Eldar İsmayılov işləmişlər. Respublika müstəqil olandan sonra ilk İcra Hakimiyyətinin başçısı Eldar İsmayılov oldu. AXC-hakimiyyəti dövründə İcra Hakimiyyətinin başçısı Yusif Sevdimalıyev təyin olundu. 1993-cü ildən sonra Şakir Abuşov, Təvəkkül Məmmədov, Vaqif Əliyev, Eldar Əzizov işlədilər. Nəhayət, 2015-ci ilin sentyabr ayında möhtərəm prezidentimiz cənab İlham Əliyev sumqayıtlıların yolunda əbədi məşəl yandırdı. İşgüzar, vətənə, xalqa namusla xidmət edən, Sumqayıtı əlinin içi kimi tanıyan, şəhərin ağsaqqalının, ağbirçəyinin, ziyalısının yerini bilən bir şəxsiyyəti -Zakir Fərəc oğlu Fərəcovu Sumqayıt şəhərinə İcra hakimiyyətinin başçısı təyin etdi.
Sumqayıtın hazırki inkişafı, görkəmi göz qabağındadır.
-Siz şəhərimizin sayılıb- seçilən ağsaqqalı, həm də fenomenal yaddaşa malik söz sahibisiniz. Sözü çəkidən salanlara, ağsaqqal ola bilməyənlərə nə deyərdiniz? Ümumiyyətlə ağsaqqal olmağın ümumi bir formulu varmı?
– Ağsaqqal ifadəsi müqəddəs məna daşıyır. Hər saqqalı ağarana ağsaqqal demək mümkün deyil. Ağsaqqal müdrik, dünyagörüşü geniş, həyat hadisələrindən baş çıxara bilən, xalqın xeyrinə faydalı, dəyərli məsləhətlər verən, sözü keçən, özü bütöv, sözü bütöv, məclis-mərəkədə hörmətlə qarşılanan,
yuxarı başa dəvət olunan, yalan danışmayan, gözü-könlü tox, əli əyri olmayan, el malına bəd nəzərlə
baxmayan, elin nəzərində mərd, qayğıkeş adama deyirlər.
Hər saçı ağaran ağsaqqal deyil,
Ağsaqqal gərəkdi pur-kamal olsun.
Məclis-mərəkədə yerini bilsin,
Qədir bilən olsun, əhli hal olsun.
Yalan yurd salmasın dilində gərək,
Əyrilik olmasın əlində gərək.
Xətirli dolansın elində gərək,
Ürəklərdə yeri bir mahal olsun!
-Sumqayıt ədəbi mühiti əvvəl və indi. Sevdiyiniz və inandığınız imzalar?
– Hər şey həyatda nisbidir. O vaxtki ədəbi mühitdə də, indi də ağlına gələnləri və ağzına gələnləri yazanlar var. Mənim xoşuma gələni sən bəyənməyə bilərsən. Hər halda “deyilən söz yadigardı” deyiblər.
-Deyirlər, tarix təkrar olur. Tarixlə xeyli yoldaşlıq etmiş adam kimi bu ifadəyə münasibətiniz?
– Ulularımız demişdir: Su gələn arxla yenə su gələcək. Bu gün 270 il əvvəl Azərbaycanın dilbər guşəsi Qarabağ yenidən bizim oldu, özümüzə qayıtdı. Əgər, biz bu gün dünənki tariximizi bərpa edə bildiksə, deməli tarix təkrar ola bilir.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
– Poeziya evinin Sumqayıt yazarlarına bağışlanması, şəhər rəhbərinin qələm adamları ilə görüşü
tarixi xidmətlərindəndir. Şəhər rəhbərinin şeirə, sənətə, ədəbiyyata olan real diqqətidir.
-Ədəbiyyat nə verir insanlara?
-Ədəbiyyat həyatın güzgüsüdür. O güzgüyə baxmayan nəyə qadir olduğunu dərk edə bilməz, özünü təsdiqləyə bilməz. Milli- mənəvi dəyərlərimiz, milli adət-ənənələrimiz, laylalarımız, bayatılarımız,
oxşamalarımız, nağıllarımız, dastanlarımız, zəngin dilimiz ədəbiyyatdan qaynaqlanır.
-Həyat sizi çoxmu sınağa çəkib?
– Cəmiyyət yaranandan hər şey qoşa yaranıb. Xeyir-şər, mərd-namərd, yaxşı-pis, toy-yas, sevinc-kədər. Həyatda yaşayan hər kəs xeyirlə üzləşsə xeyir görər, şərlə rastlaşan isə sıxıntı çəkər. Mən də
hamı kimi o sınaqlardan, o imtahanlardan dönə-dönə alnıaçıq,üzüağ çıxmışam.
-Sumqayıtdan başlanan yol və sonrası?
– Sumqayıt yarananda və burada tikinti və digər sahələr fəaliyyətə başlayanda nəinki Azərbaycanın bütün bölgələrindən, hətta başqa diyarlardan da buraya insan axını başladı.
Uzaq-uzaq dağ kəndindən,
Xankəndindən,
Ərlər gəldi,
Nərlər gəldi.
Əl bir oldu,
Dil bir oldu,
Hamı burda,
Şirinləşdi ağzımızın,
Dadı burda, tamı burda.
Ulu öndər Heydər Əliyev demişdir: “Sumqayıt bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər bir yerindən bu şəhərdə yaşayanlar var. Sumqayıt kiçik bir Azərbaycan kimidir. O, Azərbaycan xalqının
birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir. Sumqayıt yüksək səviyyəli məktəblər və müəllimlər şəhəridir. Sumqayıt istedadlı, savadlı gənc oğlanlar və qızlar şəhəridir”!
Sonra baş verən hadisələr, Sumqayıtın ekologiyası, xalqımıza qarşı uzanan xain əllər hamının xatirindədir. Bu gün həyat tamam başqadır. Bu gün artıq 5-6 il bundan əvvəl Sumqayıtdan çıxmış adam taksiyə minib Sumqayıtın girəcəyinə çatanda çaş-baş qalacaq və deyəcək: -Qardaş, maşını saxla, deyəsən mən səhv gəlmişəm.
Çünki uzun müddət bu şəhərdə olmayan və bu dəyişiklikləri görüb çaş- baş qalan adam Sumqayıtdan gedəndə Sülh küçəsinin belə güllü-çiçəkli halını, 1300 damın örtüyünü, işıqlı küçələri, yaraşıqlı parkları, xiyabanları, Sumqayıt bulvarını, Heydər Əliyev mərkəzini, Şahmat məktəbini, Musiqi məktəbini, YAP-nın inzibatı binasını, Bayraq muzeyini, Muğam evini, SDDT-nın binasının əsaslı təmirini, Kimyaçılar sarayının yenidən təmir olunmasını, Ludviqşafen dostluq parkının yenidən qurulmasını, Nizami Kinoteatrının yenidən inşa edilməsini, böyük Nizami heykəlinin binanın qarşısında qoyulmasını, möhtəşəm stadionu və saya gəlməyən yenilikləri görməmişdi. Ona görə çaşıb qalmışdı.
Möhtərəm prezidentimiz Cənab İlham Əliyev Sumqayıtın dünəni ilə bugününü müqayisə etmişdir: – SSRİ dövründə Sumqayıt ekoloji cəhətdən çox təhlükəli şəhər idi. Sumqayıtın yanından keçəndə maşının pəncərələrini bağlayırdıq. Amma indi Sumqayıt gözəl, yaraşıqlı, havası təmiz, yaşıllıqlar qoynunda inkişaf edən iri sənaye şəhəridir.
-Milli dəyərlərimizə münasibətdən razısınızmı və yaxud, köhnə kişi ifadəsinə münasibətiniz?
-Milliliyimiz, ilkinliyimiz çox qədim tarixə gedib çıxır. Əxlaq normalarımız, adət-ənənələrimiz, milli-mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz bizim sərvətimizdir, ulularımızdan bizə qalan məsləhətlərdir, tövsiyələrdir.
Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin bərəkallah, yaxşıdır.
Qaldı köhnə kişi ifadəsinə. Biz mərdliyi, xeyirxahlığı, əlaçılığı, Vətənə məhəbbəti, düşmənə nifrəti kişi simasında görürük, lakin, nakişilər də mövcuddur. Kişi olan evdən sinəsi, göbəyi açıq qadın
çıxmaz. İnsan 3 amillə kamilləşə bilər: Qeyrət, qüdrət, mədəniyyət.
Qeyrət namusu qoruyur, qüdrət Vətəni, torpağı qoruyur, Mədəniyyət özünü dərk etməyə, təsdiqləməyə yönəlir. Bunlardan hansı biri kəsir olsa, həm köhnə kişilərdən, həm təzə kişilərdən söhbət açmaq asan deyil.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
– AYB Sumqayıt bölməsi həyat ilə ayaqlaşır, bu da müsbət haldır.
-75 yaşlı gənc şəhərimizə arzunuz?
-Özümə nə arzulayıramsa, Sumqayıta da onu arzulayıram. Yolların kənarını gül-çiçəkli, yaşıl, bahar nəfəsli, şəhərimizin sakit, sabit olmasını diləyirəm. Mən cənnətə inansaydım, deyərdim Sumqayıt əsl
cənnətdir. Mənim gözəl şəhərimi, gur işıqlı, yaraşıqlı şəhərimi həmişə şən, qoynunu gülşən görüm!
-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?
– 54 ildir ürəkdən vurulduğum, cazibəsinə heyran olduğum, qocaldıqca cavanlaşan Sumqayıtda yaşayıram. Sumqayıt mənim üçün varlıqdı. Ona görə ki, 41 kitabım, 10 dram əsərim, 627 elmi-publisistik, metodiki məqalələrim, “Qabaqcıl təhsil işçisi”, “Tərəqqi medalı”, “Prezidentin fəxri
diplomu”, Ulu öndərin 100 illik yubiley medalı – hamısını Sumqayıt verib mənə.
Mən Sumqayıta gələndə
ərgən idim.
Bu gün
Nəvələr, nəticələr,
Çiynimdən asılır,
Nənəmin naxışlı
Xurcunu tək.
Biri başını sinəmə qoyur,
Biri qoltuğuma qısılır.
Cüyür balası tək…
Bax beləcə göy Xəzərin sahilində,
Göydələnlər ucaltdıq biz,
Sumqayıtı cavan etdik,
Özümüzü qocaltdıq biz.
-Siz həm də Azərbaycanın tarixində baş vermiş tarixi hadisələrin canlı şahidisiniz. Gördüklərinizi və bildiklərinizi qələmə alırsız?
-Bəli, Azərbaycanın bugünki tarixini dərindən öyrənirəm, mətbuatda, televizorda müntəzəm çıxış edirəm, kitablar yazmışam və yazıram.
-Səhərimizin 75 illiyi ərəfəsində arzu və təklifləriniz?
– Şəhərimizin 75 illiyi mübarək olsun. Bundan sonra da ölkəmizdə və şəhərimizdə dinclik, əmin-amanlıq olsun. Şəhərimizdə qurub-yaratmaq, abadlıq işləri daha ürəyə yatan olsun.
-Sumqayıta həsr etdiyiniz bir bənd şeir mümkünsə?
-Sumqayıtım gözəl diyar,
Torpağına qurban olum,
Budaqlardan qopub düşən,
Yarpağına qurban olum.
Varlığına keşik çəkən,
Mərd oğluna,
Mərd qızına qurban olum.
Gözəllikdə tayın yoxdur,
Gəl, özünə qurban olum!
-Müsahibə üçün çox sağ olun!
“Ədəbiyyat və incəsənət” qəzeti
(08.10.2024)
Müzakirə qapadılmışdır.