Zakir Fərəcovun nədən xəbəri yoxdur?

2126
Ondan xəbəri yoxdur ki… hələ də – neçə ildir ki, hər gün səhər açılanda və daha çox da axşamlar yağışlar ara verməyəndə minlərlə sumqayıtlı qəlbən, fikrən ona dua və alqış edir ki, nə yaxşı evlərin bir vaxtlar uçuq-sökük olan damları başdan-başa təzələnib, keyfiyyətli, həm də göz oxşayan narıncı rəngli dam örtüyü ilə əvəz edilib. 25-30 il təmir olunmayan, payızda-qışda bir-çox ailələrin ciddi narahatlığına səbəb olan yararsız damlar əsaslı təmir olunmuş, yuxarı mərtəbələrdə yaşayan sakinlər mənzillərinə axan qar-yağış sularından axır ki xilas olmuşlar.
Yaşayış binaları ilə yanaşı, paralel olaraq böyüməkdə olan nəslə qayğının nümunəsi kimi şəhərin bütün uşaq baxçalarının, məktəblərinin də dam örtüklərinin yenilənməsi şəhərin başçısının sumqayıtlıların sosial məsələlərinə bütöv halda, kompleks şəkildə yanaşdığını, maksimum diqqət göstərdiyini təsdiq edir. Və fəxr edilməlidir ki, Sumqayıt Azərbaycanda yeganə şəhərdir ki, onun bütün evlərinin damları əsaslı şəkildə təmir edilmiş, başdan-başa yenilənmişdir!..
Ancaq, Zakir Fərəcov çox zaman dilə gətirmək istəməsə də, gizli deyil ki, o, Sumqayıt rəhbərliyinə gələnə qədər şəhər sakinlərinin sosial məsələlərlə bağlı digər problemləri də az olmayıb. Şəhərin illərlə kəskin narazılıq doğuran istilik sistemi qazanxanaların əsaslı təmiri və yenilərinin yaradılması ilə daha da səmərəli olmuş, həm yaşayış evləri və inzibati binalar, həm də ən əsası uşaq baxçaları və məktəblər istliklə etibarlı şəkildə təchiz olunmuşdur.
Şəhərin hündür mərtəbəli binalarında yaşayan sakinlərin on illərlə davam edən haqlı narazılıqlarına son qoyulması da şəhər rəhbərinin ilk növbədə yaşlı, xəstə adamlara, əlillərə olan diqqət və qayğısının danılmaz təzahürüdür. Şəhərin lift təsərrüfatında 529 ədəd yeni, müasir liftlərin istifadəyə verilməsi, onların işinin yüksək səviyyədə, qəzasız qurulması şəhər rəhbərinin tələbkarlığının və texniki yeniliklərin tətbiqinə maraq və diqqətinin nəticəsi kimi xüsusi məmnunluq doğurur. Şəhərin lift təsərrüfatı üçün səciyyyəvi olan xüsusiyyətlərdən biri də çevik və səmərəli idaraetmə sisteminin yaradılması ilə bağlıdır. 2018-ci ilin fevral ayından etibarən “Lift-Servis” Birliyində intellektual idarəetmə sistemi fəaliyyətə başlayıb ki, bu sistem mərkəzləşdirilmiş dispetçer xidməti vasitəsi ilə idarə olunur. Bu isə 24 saatlıq iş və nəzarət sistemi deməkdir. Bəlkə də Zakir müəllim özünün çoxşaxəli gündəlik fəaliyyəti fonunda fərqinə varmır və xəbəri də yoxdur ki, hər gün liftdən rahatlıqla istifadə edən minlərlə qoca-cavan, qadın-uşaq səhər-axşam ona ürəkdən dua və alqış edir.
Şəhərdəki əksər binaların zirzəmilərinin anti-sanitariya mənbəyi olmasının qarşısı da kəskinliklə alınmışdır – zirzəmilər tam qurudulmuş, yaz-yay aylarında əhalini narahat edən ağcaqanadların kökü vaxtaşırı aparılan sanitar tədbirlər sayəsində tam kəsilmişdir. Bu işdə binaların giriş bloklarındakı sınıq-salxaq qapıların yeni, dəmir qapılarla əvəz olunması da mühüm rol oynamışdır.
Bir vaxtlar çala-çuxurlu yollardan və səkilərdən narazı olan sürücülər və piyadalar da indi şəhər rəhbərliyindən məmnunluqlarını gizlətmirlər. Axı, nəyi və niyə gizlətsinlər ki, vaxtilə narahatlıqla, deyinə-deyinə getdikləri bütün şəhərarası yollara yüksək standartlara uyğun şəkildə başdan-ayağa hamar asfalt çəkilmiş, səkilərə mozaik görkəmi ilə göz oxşayan davamlı daşlar döşənmişdir.
İndi gecəsi də gündüz kimi işıqlandırılan həmin geniş və rahat yollarda, küçələrdə sumqayıtlıları mənzil başına xaricdən gətirilmiş, ciddi qrafiklə işləyən 200-dən artıq müasir tipli avtobuslar çatdırır.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının “möcüzə” adlandırdığı, cəmi bir ilə başa gələn Sumqayıt bulvarı isə ölkə rəhbərinin təşəbbüsü və xeyir-duası ilə onun çoxdankı arzusunun reallaşmasıdır ki, bu nəhəng işdə şəhərin İcra başçısının (əvvəlkilərdən fərqli olaraq) yüksək idarəçilik və təşkilatçılığının müstəsna, danılmaz rolu vardır. Bulvarın yaradılması ilə sumqayıtlılar çox gözəl, unikal, yaraşıqlı bir istirahət məkanı əldə etmiş, uzun illər faydasından lazımınca bəhrələnə bilmədikləri şəfaverici, yodla zəngin Xəzərə daha yaxın olmuşlar. Şəhər sakinlərinin indi ailəlikcə, zövqlə, rahatlıqla dincəldikləri Bulvarın yaradılması ilə dəniz sahilində yeni yaşayış massivinin – Dəniz mikrorayonunun salınması Sumqayıtın yaşayış ərazisinin daha da genişlənməsinə səbəb olmuşdur.
Əlbəttə, son illərdə şəhərimizdə görülən bu böyük, genişmiqyaslı işlər ölkə Prezidentinin Sumqayıta və sumqayıtlılara diqqət və qayğısından irəli gələn göstərişləri əsasında şəhərin İcra başçısının gündəlik və ardıcıl olaraq həyata keçirdiyi tədbirlərdir ki, onların təşkilatçısı da, icraçısı da, təbii ki özüdür.
Və sadalanan bütün bu işlər şəhərin başçısı Zakir Fərəcovun 7 illik səmərəli fəaliyyətinə sadəcə qısa, yığcam bir baxış-panoramadır. Son günlər – Yeni il ərəfəsində bu panoramı daha bir mühüm obyekt – müasir standartlar səviyyəsində yenidən qurulan, yenə də xalqımızın əfsanəvi igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyacaq yeni şəhər stadionu qapılarını idmançıların və idman həvəskarlarının üzünə açacaqdır. Onun istifadəyə verilməsi ilə Sumqayıt böyük sənaye və yüksək mədəniyyət şəhəri olmaqla yanaşı həm də böyük idman şəhəri olacaq, yeni nəsil idmançıların yetişməsində mühüm rol oynayacaqdır.
Rəhman ORXAN.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər