“Minimum əmək haqqının artması orta və daha yuxarı əmək haqlarının artmasına təsir göstərəcək”
“Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni məhz Sumqayıt məktəbliləri göstərir”
Ölkə başçısının əmək haqlarının artırılması ilə bağlı verdiyi sərəncam, respublikamızda həyata keçirilən nəhəng iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və s. vətəndaşların maddi-sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşacağı ilə bağlı gözləntilərə yol açmaqdadır.
Ölkənin və xüsusilə də onun ən böyük şəhərlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişiliyə müraciət etdik.
-Tahir müəllim, öncə ölkə başçısının maaş artımı ilə bağlı sərəncamı ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə bu sərəncam insanların maddi durumuna, sosial rifahına nə dərəcədə mühüm təsir göstərəcək?
-Bu artım istənilən halda insanların sosial durumuna müsbət təsir göstərəcək. Bu artımın miqyası və əhatə dairəsi çox böyükdür. Son artım 2 milyondan çox insanı əhatə edəcək. Bu artım həm minimum əmək haqlarına, həm dövlət və özəl sektorda çalışan insanların əmək haqqına toxunacaq. Bu il ikinci dəfədir ki, minimum əmək haqlarında artım baş verir. 2019-cu ilin fevral ayında da belə bir sərəncam oldu və nəhayətdə hər iki sərəncam əsasında ölkəmizdə minimum əmək haqqı təxminən iki dəfə artdı. 130 manatlıq minimum əmək haqqı 250 manata çatdırıldı.
Maaş artımlarına nəzər salsaq hesab edirəm ki, bu artımlar orta aylıq əmək haqlarının da 15%-ə qədər artmasına təsir edəcək. Təcrübə göstərir ki, minimum əmək haqqının artırılması orta və daha yuxarı əmək haqlarının artmasına təsir göstərir.
Ilkin heablamalara görə son sərəncamların maliyyə yükü 1 milyard manatdır. Yəni il ərzində dövlət büdcəsindən 1 milyard manat bu sərəncamların reallaşmasına sərf olunacaq. Daha əvvəl imzalanan sərəncamların isə maliyyə yükü 2,5 milyard manat idi. Yəni bu sərəncamlar büdcə üçün 3,5 milyard manat əlavə xərc yaradacaq.
Büdcənin əlavə gəlirlərinə fikir versək görərik ki, bu ilin I rübündə hər ay büdcə gəlirləri əlavə gəlirlər hesabına 15-20% artır. Bu isə aparılan islahatlar nəticəsində mümkün olub. Nəzərə alsaq ki, Azərbaycan büdcəsinin gəlirləri 20 milyard manatdan çoxdur və yaranan əlavə gəlirlər 1 milyard manatı keçir. 2019-cu ilin dövlət büdcəsində də sosial-iqtisadi islahatlar paketi üçün 1.4 mlrd manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, büdcənin əlavə gəlirləri cənab prezidentin verdiyi sərəncamların icrasını təmin etmək üçün yetərlidir.
-Sizcə maaş artımı ölkədə infilyasiyaya səbəb ola, bu prosesi az və ya çox dərəcədə tətikləyə bilərmi?
-Bunun iqtisadi baxımdan anlamı ondan ibarətdir ki, verilən sərəncamlar ölkədə infilyasiyaya səbəb olmayacaq. Infilyasiyanın həcmi çox kiçikdir. Hazırda bu göstərici 2,3%-dir. Infilyasiyanın həcminin kiçik olması maaş artımının real təsirini daha da artırır. Çünki infilyasiya yuxarı olanda maaş artımının insanlar üçün böyük bir əhəmiyyəti olmur. Infilyasiyanın həcminin aşağı səviyyədə saxlanılması hökumətin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Hesab edirəm ki, gələcəkdə də infilyasiyaya qarşı uğurlu mübarizənin aparılmasına nail olacayıq. Çünki bir tərəfdən istehsal artır, büdcənin gəlirləri yüksəlir, digər tərəfdən pul xərclərini maliyyələşdirmək üçün əlavə gəlir mənbələrinə ehtiyac qalmayıb. Odur ki, hesab edirəm ki, infilyasiya aşağı səviyyədə qalacaq və maaş artımı insnaların maddi durumuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.
-Qarşıdan Sumqyaıtın 70 iliyi gəlir. Bilmək istərdik ki, son illər Sumqayıtda inşa edilən müəssisələr, yeni istehsalat obyektlərinin tikintisi şəhərin iqtisadi simasına necə təsir göstərəcək? Ümumiyyətlə, Suqmayıtın iqtisadi gücü, iqtisadi potensialı hansı səviyyədədir?
-Dövlət başçısının tapşırığı ilə Sumqayıtda son illər həqiqətən də xeyli işlər görülüb. Həm şəhərin iqtisadiyyatı, həm də estetikası baxımdan görülən işlər sayəsində şəhər sözün həqiqi mənasında göz oxşayır. Hesab edirəm ki, Sumqayıt Xəzər sahilindəki ən gözəl şəhərlərdən biridir.
Sumqayıtın iqtisadi potensialı hər zaman yüksək olub. Sumqayıt bir iqtisadi şəhər kimi salınıb. Sumqayıt daha çox kimya sənayesinin inkişaf etdiyi bir şəhər olub. Hazırda Sumqayıtda kimya sənaye parkı inşa edilir. Bu sənaye parkında xeyli sayda müəssisə fəaliyyət göstərir. Sumqayıtın kimya potensialı Cənubi Qafqazda Bakıdan sonra ikinci yerdədir. Qeyri-neft sənayesinin ölkəmizdəki paytaxtı məhz Sumqayıtdır. Istər yeni dəyər yaratmaq baxımından, istər də kadr və gələcək perspektivlər baxımından, istərsə də şəhərin yerləşdiyi coğrafi mövqe baxımından yanaşsaq görərik ki, bu şəhərin iqtisadi potensialı həqiqətən böyükdür.
Ötən il Sumqayıt kimya sənaye parkında 370 milyon manat məhsul istehsal olunub. Hal-hazırda orada 5 min nəfərə qədər insan çalışır. Sumqayıt kimya sənaye parkı yeni salınıb və elə birinci ildə qoyulan investisiyanın 15%- həcmində istehsal həcminə sahib olub ki, bu da kifayət qədər yaxşı göstəricidir. Nəzərə almaq lazımdır ki, bu istehsalın həcmi durmadan artır. Sumqayıtda yeni yardılan karbamid, polimer zavodu artıq öz məhsullarını ixrac edirlər.
Kimya sənayesi neft sənayesinin ən müasir ikinci mərhələsidir. Kimya sənayesinin əsas xammalı neft və qazdır. Azərbaycan isə neft və qazı xammal formasında deyil, emal edilmiş formada ixrac etmək niyyətindədir. Neft və qzı emal edəndə onun dəyəri 16-17 dəfə artır. Buna nail olmaq bizim iqtisadiyaytımızın qarşısında duran ən mühüm məqsədlərdən biridir. Bu məqsədlərə Sumqayıtda tədricən nail olunmaqdadır. Ona görə düşünürəm ki, yaranan yeni zavodlar, yeni müəssisələr şəhərin iqtisadi potensialını inkişaf etdirməyə imkan verəcək.
-Sumqayıtın təhsil potensialını necə qiymətləndirirsiniz? Sumqayıtın təhsil uğurları şəhərin iqtisadi uğurlarını şərtləndirən əsas amillərədn biri hesab oluna bilərmi?
-Sevindirici hallardan biri də şəhər gənclərinin təhsilə böyük maraq göstərməsi ilə bağlıdır. Bildiyiniz kimi, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni məhz Sumqayıt məktəbliləri göstərir.
Müasir dövrün müasir çağırışları var. Onlardan biri yaxşı təhsil almaq, bacarıqlı və zəhmətkeş olmaqdır. Bütün bu göstəriclərin hamısı sumqayıtlılarda var. Bu isə onun iqtisadi potensialının inkişafı üçün ciddi stimul deməkdir.
70 il az deyil. Bu 70 ildə Sumqayıt kifayət qədər böyük bir yol keçib. Azərbaycanın müstəqillik illərində də Sumqayıt çox mühüm rol oynayıb. “Heydər-Xalq, Xalq-Heydər” şüarı Sumqayıtda qaldırılıb. Sumqayıt sakinləri ulu öndərin dəstəklənməsi üçün kifayət qədər aktivlik və kütləvilik nümayiş etdriblər.Bu gün də Sumqayıtlılar ölkə prezidentinin siyasi və iqtisadi kursunu aktiv şəkildə dəstəkləyirlər. Qeyri-neft sektorunun inkişafında Sumaqayıtın rolu böyükdür. Bu baxımdan hesab edirəm ki, Sumqayıtın ölkəmiz üçün iqtisadi əhəmiyyəti zamanla daha da artacaqdır.
Sumqayıtın mədəni sahədə də böyük potensialı var. Sumqayıtda musiqi məktəblərinin sayı artır. Sumqayıt Dövlət Dram teatrının çox maraqlı tamaşaları oynanılır. Şəhərdə müasir kinoteatr tikilir. Hesab edirəm ki, bütün sahələrdə sumqayıtlılar öz sözlərini deyir,öz potensiallarını yüksək səviyyədə göstərirlər.
-Ölkə başçısı dəfələrlə şəhər və rayonların xərclərinin onların öz daxili potensialı hesabına qarşılanmasının vacibliyini dilə gətirib. Bu baxımdan Sumqayıtın mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Sumqayıt öz xərclərini özü qarşılaya bilirmi?
-Sumqayıt çoxdan özü-öz xərclərini qarşılayır. 34 şəhər və rayon dövlət büdcəsindən maliyyələşmir. Bu proses başlayanda ilk sıralarda Sumqayıt yer alıb. O zaman 6 şəhər ilk dəfə olaraq dövlət büdcəsindən maliyyələşmədi ki, bunlardan biri də Sumqayıt idi. Sumqayıt öz xərcindən də artıq vəsait əldə edir və bunu büdcəyə ötürür. Biz Milli Məclisdə yeni bir məsələ qaldırdıq. Məsələ qaldırdıq ki, Sumqayıtın xərclərindən artıq toplanan vəsaitin bir hissəsi yenidən geriyə – Sumqayıtın büdcəsinə qaytarılsın. Düşünürəm ki, bu məsələ həll olmaq mərhələsindədir. Yəqin ki, yaxın zamanlarda bu baş verəcək və bu addım şəhəri daha inkişaf etdirəcəkdir.
-Sumqayıt büdcəsinə qayıdacaq vəsaitdən hansı məqsədlər üçün istifadə ediləcək?
– Bu vəsait Sumqayıtın inkişafına, insanların sosial-müdafiəsinin daha da günləndirilməsinə xərf ediləcək. Sumqayıtı mədəni, iqtisadi və təhsil baxımından daha da inkişaf etdirmək üçün bu vəsait vacibdir. Düşünürəm ki, belə bir qərarın qəbulu Sumqayıtda daha çox işlərin görülməsinə imkan verəcək. Çünki Sumqayıtın potensialı böyükdür. Burada çalışan sahibkarların da sayı kifayət qədər çoxdur. Vergi toplanması baxımından da şəhərimizdə böyük irəliləyişlər var. Düşünürəm ki, biz bu vəsaitdən istifadə etməklə daha çox iş görə bilərik.
Sumqayıtda görülən işlərin hamısı cənab Prezidentin diqqəti və qayğısı sayəsində həyata keçirilib. Cənab prezident 23 dəfə Sumqayıtda olub. Bu gün Sumqyaıtda görülən işlər məhz onun tapşırıq və qayğısı sayəsində reallaşıb. Mən millət vəkili seçilən zaman, yəni 2015-ci ildə ən ciddi problemlərdən biri dam örtükləri ilə bağlı idi. Bu, uzun illər Sumqayıtda yaranan, sakinləri narahat edən bir problem idi. Şəhər sakinlərinin ən çox şikayəti bununla bağlı idi. Məhz cənab prezidentin göstərişi və ayırdığı vəsait hesabına Sumqayıtda demək olar ki, dam örtüyü vurulmayan çox az bina qalıb. Bunlar da bitmək üzrədir.
Digər problemlrədən biri çoxmənzilli binalardakı liftlrələ bağlı idi. Cənab prezidentin qayğısı sayəsində bu problem də öz həllini tapdı. Şəhər infrastrukturu ilə bağlı da böyük işlər görüldü. Lakin elə məsələlər var ki, bunlar gündəlik rastlaşdığımız məsələlərdir. Istilik, astfaltlaşdırma və s. kimi məsələr bununla bağlıdır. Düşünürük ki, toplanan pulun bir hissəsinin Sumqayıt büdcəsinə geri qaytarılması bu işlərin daha sürətli həllinə rəvac verəcək.
-Son illər Sumqayıtda nəhəng bulvar kompleksi ilə yanaşı, daha bir sıra mühüm layihələr həyata keçirildi. Sizcə bütün bu işlər Sumqayıta turizm axınına təsir göstərə, turizm iqtisadiyyatının inkişafına təkan vrəcəkmi?
-Turistlərin hər hansı bir məkana cəlb edilməsi üçün bir neçə şərt lazımdır. Bunlar şəhərin infrastrukturu, oradakı mədəni-tarixi abidələr, özəlliklər, fərqliliklər və s-dir. Sumqayıt bulvarı Xəzər dənizində ən gözəl bulvarlardan biridir. Sumqayıt bulvarının salınması Sumqayıt turizminə çox böyük dəstək oldu. Sumqayıt bulvarına yalnız sumqayıtlılar deyil, Bakı və respublikanın digər şəhərlərindən də kifayət qədər çox insan gəlir. Sumqayıt bulvarının özünəməxsus xoş aurası mövcuddur. Dəniz sahilində olduqca böyük bir ərazini əhatə etməsi bu faktorlardan biridr.
Biz zaman-zaman Sumqayıt bulvarında əcnəbiləri də görürük. Bakıya gələn əcnəbi turistlərin bir çoxu paytaxtdan kənara, yaxın şəhərlərdən birinə getmək, fərqli bir şəhər görmək istəyirlər. Sumqayıt isə Bakıya ən yaxın şəhərdir. Infrastruktur baxımından da inkişaf etmiş bir şəhərdir. Odur ki, bizim Suqmayıtda turizmin inkşafı üçün böyük potensialımız mövcuddur.
Bakı Azərbaycanda ən çox turist cəlb edən şəhərdir və onun yüksək infrastrukturu var. Bakıya gələn tursitlərin bir hissəsinin Sumqayıta cəlb olunması potensialı var. Bu potensialdan istifadə edilməyə çalışılır. Nəticələr tam qane edici deyil. Çünki Sumqayıta daha çox turist cəlb etmək mümkündür. Lakin bu sahədə bütün gərəkli işlər görülür və inanıram ki, yaxın gələcəkdə bu sahədə də böyük uğurlara imza atmağa nail olunacaq.
Seymur ƏLİYEV
Günel ƏLƏSGƏROVA
moderator.az