Sumqayıt Dövlət Universiteti Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb

450

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Sumqayıt Dövlət Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirərək bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb. Forum iki ölkə arasında ali təhsil və elm sahəsində tərəfdaşlığın dərinləşdirilməsi, akademik mübadilə və birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edib. Tədbirdə hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri, universitet rektorları və akademik ictimaiyyət təmsilçiləri iştirak ediblər. Bu çərçivədə Sumqayıt Dövlət Universiteti Qazaxıstanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb. Bu əməkdaşlıqlar Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti, Abilqas Saqinov adına Karaqanda Texniki Universiteti, Rudnıy Sənaye İnstitutu, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti və Abılay Xan adına Qazax Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetini əhatə edir. Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən imzalanan memorandumlar universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədlər tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramlarının təşkili, elmi-tədqiqat sahəsində əməkdaşlığın inkişafı və beynəlxalq layihələrin icrası kimi prioritet istiqamətləri əhatə edir. Qeyd edək ki, forum çərçivəsində ümumilikdə Azərbaycan və Qazaxıstan universitetləri arasında çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulub ki, bu da ali təhsil sahəsində inteqrasiyanın gücləndirilməsinə və ortaq akademik məkanın formalaşdırılmasına xidmət edir. Sumqayıt Dövlət Universitetinin bu platformada fəal iştirakı və yeni tərəfdaşlıqlar qurması ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunun artırılması, qlobal akademik şəbəkələrə inteqrasiyası və tələbələr üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər