Sumqayıt Dövlət Universitetində “Heydər Əliyev Məktəbi”ni bitirən tələbələrə sertifikatlar təqdim olunub
Dekabrın 24-də Sumqayıt Dövlət Universitetində (SDU) Sumqayıt şəhər Yeni Azərbaycan Partiyası təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev Məktəbi”ni bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq iştirakçıları salamlayıb. O, “Heydər Əliyev Məktəbi”nin gənclərin ideoloji, intellektual və vətəndaşlıq baxımından formalaşmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, proqram çərçivəsində tələbələr Sumqayıt şəhərinin və ölkənin müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərindən dərslər alaraq zəngin bilik və təcrübə qazanıblar.
Əminağa Sadıqov çıxışında Azərbaycanın şəffaf və demokratik əsaslar üzərində qurulduğunu vurğulayıb, Vətənə, millətə və dövlətə sevginin hər zaman ali dəyər olduğunu qeyd edib. O, sertifikata layiq görülən tələbələrin seçilmiş və perspektivli gənclər olduğunu, bu məktəbi bitirmələrinin onların gələcək həyat və fəaliyyətlərində əlavə imkanlar yaradacağını bildirib.
Əminağa Sadıqov Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsindən, liderlik keyfiyyətlərindən və gənclərə verdiyi xüsusi önəmdən danışaraq, onun ideyalarının bu gün də ölkənin inkişafına istiqamət verdiyini diqqətə çatdırıb. Çıxışında Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edən Ə. Sadıqov, Ümummilli Liderin ən böyük arzularından birinin – Qarabağın azad edilməsinin məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirildiyini vurğulayıb.
Tədbirin sonunda sertifikata layiq görülən tələbələr yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər, “Heydər Əliyev Məktəbi” çərçivəsində keçilən mühazirələrin onların dünyagörüşünün formalaşmasına və şəxsi inkişafına verdiyi töhfələrdən bəhs ediblər.



Müzakirə qapadılmışdır.